25 İyul 2023 21:40
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz Şuşa şəhərini düşməndən azad etməklə xalqımıza qürur və əbədi sevinc bəxş etdi. Erməni işğalından azad edilməsindən sonra digər tarixi ərazilərimiz, torpaqlaırmız kimi Şuşada da böyük quruculuq-bərpa işləri uğurla icra edilir. Şəhərin tarixi görkəmi, ruhu özünə qayıdıb. Artıq qısa vaxtda Şuşada bir sıra müasir infrastruktur, otellər binalar, tarixi-mədəni abidələr, məscidlər, minarələr təmir-bərpoa edilərək yerli və xarici ziyarətçilərin ixtiyarına verilib. Bu baxımdan Şuşa artıq həm yerli, həm də beynəlxalq tədbirlərin keçirildiyi mədəni, siyasi mərkəzə çevrilərək regional və qlobal miqyasda öz nüfuzunu bərpa edib. Milli Mətbuatın 148 illiyi çərçivəsində Şuşada Qlobal Media Forumunun keçirilməsi də bu mənada mühüm əhəmiyyətə malik idi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, Professor Eldar Quliyev deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Forumda iştirakı yerli və xarici media təmsilçilərinin suallarına tutarlı və məntiqli cavabları ilə ölkəmizin post müharibə dövrü perspektivləri, regionda formalaşmış yeni reallıqlarla bağlı yanaşması açıq şəkildə ifadə edilib: “Azərbaycanla yanaşı Qafqazın, Türk dünyasının siyasi ideoloji, mədəni mərkəzi rolu daha da güclənən tarixi Şuşa şəhərində Qlobal Media Forumunun keçirilməsi xüsusi məna kəsb edir. Forumun Şuşada keçirilməsi Azərbaycan tarixinin, mədəniyyətinin, eləcə də, şanlı zəfərinin və azad edilmiş tarixi torpaqlarımızda ölkəmiz tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin təbliği baxımından önəmlidir. 49 ölkədən 150-i xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumunun qatıldığı Şuşa Qlobal Media Forumunda həmçinin 60 yerli media qurumunun rəhbəri və nümayəndəsi qatılıb. Sözsüz ki, Şuşada xarici qonaqların iştirakı ilə keçirilən bu mötəbər tədbirin hər bir azərbaycanlı üçün qürurverici hadisə kimi yadda qalır. Sual-cavab formatında keçirilən forumda Prezident İlham Əliyev dünyada və regionda baş evrən siyasi proseslərlə əlaqədar media nümayəndələrinin suallarını əhatəli şəkildə cavablandırmaqla ayrı-ayrı mövzulara aid mühüm məsələlərdə ölkəmizin konkret mövqeyi nümayiş etdirilib. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı ölkə başçısı tərəfindən dövlətimizin mövqeyi bir daha açıq şəkildə ifadə olunub. Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq Ermənistanın bu müstəvisində öz üzərinə düşən vəzifələrin icrası ilə bağlı konkret addım atmadığı, mövqe sərgiləmədiyi forum iştirakçılarının diqqətinə çatdırılıb. Ölkəmizin başçısı tərəfindən Ermənistanın sülh müstəvisində bir sıra vacib prinsiplərdə mövqe ortaya qoya bilməməsinin səbəb və nəticələrinin mahiyyətinə toxunulub. Sözsüz ki, sülh sazişinin imzalanmayacağı nəticədə Ermənistan və bütövlükdə bölgə üçün ağır fəsadlar yaradacaq”.

Professor bildirib ki, Cənubi Qafqazda qısa zamanda sülhə nail olunması hər bölgədə iqtisadi inkişafa ciddi töhfə verə bilər: “Sülhün gətirəcəyi iqtisadi dividentlərə Ermənistanın ehtiyacı daha çoxdur. Çünki 30 ilə yaxın Azərbaycan ərazilərini işğalda saxlayan və özünün təcavüzkar mahiyyəti ilə Ermənistan bütün regional layihələrdən kənarda qalmaqla bu günkü ağır, məğlub duruma düşüb. Ölkəmiz isə Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövləti statusuna yüksəlməklə bu gün qlobal miqyasda söz sahibi, etibarlı tərəfdaş kimi öz mövqeyini günü-gündən daha da gücləndirir”.

Millət vəkili Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu strategiyanın da Şuşada keçirilən Qlobal Forumda gündəmdə olduğunu Cənub Qaz dəhlizinin uğurla icra edildiyini, Azərbaycanın Avropa üçün əhəmiyyətli qaz tədarükçüsünə çevrildiyini bildirib: “Məhz bu kontekstdə Avropa Komissiyasının prezidentinin Azərbaycanı etibarlı tərəfdaş adlandırması ölkəmizin bu istiqamətdə artan və dayanıqlı rolundan xəbər verir. Forumda həmçinin Transxəzər Qaz Boru Kəməri və digər mühüm layihələrin Azərbaycanın təşəbbüsü ilə reallaşmasından da bəhs edilib. Azərbaycan enerji sahəsində beynəlxalq layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi qəbul olunur. Bu mənada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu bütün dünya tərəfindən etiraf edilir. TAP və TANAP boru kəmərlərinin genişləndirilməsi ilə bağlı gözləntilər ölkəmizin bu sahədə nə qədər etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Azərbaycan həımçinin yaşıl enerji sahəsində iri layihələrin icraçısı kimi tanınır. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi istiqamətindən atılan addımlar görülən işlər bu mənada xüsusi ilə diqqət mərkəzindədir”.

Eldar Quliyev Prezidentin Böyük Qayıdışla bağlı atılan sistemli addımlardan bəhs etdiyini bildirib: “Azad edilmiş ərazilərdə bərpa-quruculuq prosesinin icra vəziyyəti keçmiş qaçqın və məcburi köçkünlərin sistemli şəkildə daimi olaraq öz ata-baba yurdlarına köçürülməsindən bəhs olunub. 30-dan çox şəhər və kəndin baş planı artıq təsdiqlənib. Bununla yanaşı Qarabağ və Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanın qayıdacağı açıqlanıb. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın geri dönməsinin nəzərdə tutulduğu vurğulanıb. Fakt odur ki, Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərini təkbaşına kənardan heç bir maliyyə yardımı almadan uğurla icra edir. Məhz Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi qısa zamanda bu regionda həyata keçirilən Böyük Qayıdış proqramı Azərbaycanın güc və potensialının əyani təzahürüdür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər