Türkiyə Xarici İşlər Nazirliyindən Laçın yolu ətrafındakı vəziyyətlə bağlı bəyanat verilib.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Laçın yolu ilə bağlı uzun müddətdir davam edən müzakirələri yaxından izlədiyi bildirilib.
Bəyanatda deyilir:
“Türkiyə Azərbaycanın məsələ ilə bağlı haqlı narahatlığını anlayır. Təəssüf ki, Azərbaycanın uzun müddətdir yüksək səslə bəyan etdiyi bu narahatlıqlar nəzərə alınmadı və nəticədə Azərbaycan öz suveren hüquqları çərçivəsində məqsədəuyğun hesab etdiyi tədbirləri həyata keçirdi.
Türkiyə bu fikirdədir ki, Laçın yolu ilə bağlı Azərbaycana qarşı tənqidlərə heç bir əsas yoxdur. Hazırda Laçın yolundan tibbi keçidlərin, eləcə də yüklərin daşınması üçün əlverişli olan digər marşrutların təmin edilməsi Azərbaycan tərəfinin vicdanla maksimum səy göstərdiyini göstərir.
Bizim Ermənistandan gözləntimiz təxribat xarakterli addımlardan çəkinmək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaq, Qarabağda erməni əhalisinin ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi və digər alternativ yollardan istifadəni, ayrıca Azərbaycanın erməni əhalisinin yenidən inteqrasiya səylərini dəstəkləməkdir.
Türkiyə hesab edir ki, regionda sülh və sabitliyin təmin edilməsi üçün dost və qardaş Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və humanitar səyləri dəstəklənməli, vəziyyəti gərginləşdirən hərəkətlərə yol verilməməlidir”.