Fransanın Cənubi Qafqazda baş verən proseslərə münasibəti reallıqdan tamamilə uzaqdır. Bu ölkə proseslərə beynəlxalq hüquq normaları və ədalət prinsipləri əsasında deyil, yalnız Ermənistanın maraqları çərçivəsində yanaşır. Əlbəttə ki, bu davranış qəbuledilməzdir.
Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Ermənistan Laçın yolu vasitəsilə Qarabağda yaşayan erməni sakinlərimizə “humanitar yük” aparmaq adı altında növbəti təxribat törədib:
"Burada məqsəd növbəti siyasi şou nümayiş etdirmək, guya Azərbaycanın Qarabağda yaşayan erməniləri “blokadada saxlaması” görüntüsü yaratmaq və Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin tamamilə bağlandığını dünya ictimaiyyətinə “göstərməkdir”. Təbii ki, rəsmi İrəvan bunu özbaşına etməyib, havadarlarının da burada xüsusi rolu var. Çünki Ermənistan hakimiyyəti yaxşı bilirdi ki, Azərbaycan humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif edib. Lakin Qarabağdakı erməni separatçıları bu təklifi nəinki qəbul etməyib, hətta yolu beton plitələrlə bağlayıblar. Görünən odur ki, Azərbaycan tərəfindən humanitar böhranın yaradılmasından söhbət gedə bilməz. Əksinə, dövlətimiz Qarabağdakı erməni sakinlərinin hər zaman ehtiyaclarını qarşılamağa hazır olduğunu bəyan edib, Ağdam-Xankəndi yolu bu məqsədlə təklif edilib.
Millət vəkilinin sözlərinə görə, bütün bunların fonunda Ermənistan bu təxribatı öz havadarlarının “tövsiyəsi” ilə reallaşdırmaq istədi:
"Onun havadarları sırasında Fransa öndə gedir. Fransa 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsini həzm edə bilmir. Bu səbəbdən də, Fransa parlamenti bir neçə dəfə “Dağlıq Qarabağın tanınması” haqqında hökumətə müraciət edib. Eləcə də, Fransa hökuməti baş verən proseslərlə bağlı birtərəfli və qərəzli olaraq Ermənistanın maraqlarından çıxış edir. Son hadisələr də bunu təsdiqləyir. Bir neçə gün öncə başlayan Ermənistanın “humanitar yük” oyununu dəstəkləyən ölkələr arasında Fransa da var. Bu ölkənin Avropa və Xarici İşlər Nazirliyinin yaydığı qərəzli bəyanat da hər kəsə məlumdur.
Sevinc Fətəliyeva qeyd edib ki, rəsmi Bakı Fransa tərəfinə həmişə tutarlı arqumentlərlə cavab verir. Bu baxımdan, Fransada bir qrup senatorun, siyasətçinin və digərlərinin “Dağlıq Qarabağa dəstək” haqqında müraciəti də fiaskoya məhkumdur. “10 noyabr üçtərəfli Bəyanatı çərçivəsində öhdəliklərə və danışıqlar prosesinə istinad edən, nədənsə son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğu, Azərbaycana qarşı hərbi təxribatların davam etdirilməsi, Azərbaycana qeyri-qanuni olaraq hərbi məhsulların və minaların ötürülməsi, eləcə də kommunikasiyaların açılışına Ermənistan tərəfindən maneçilik törədilməsi kimi bəyanatın ciddi pozuntularına önəm verməyən Fransa tərəfinin yanlışlıqla Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsi təsis etməsini öhdəliklərə zidd olaraq qiymətləndirməsi qəbuledilməzdir. Beynəlxalq Ədalət Məhkəməsinin qərarına istinad edən Fransa tərəfi unudub ki, Məhkəmə məhz 6 iyul tarixli qərarı ilə Laçın sərhəd-buraxılış məntəqəsinin tam legitim olduğunu təsdiqləyib, bu məntəqəni aradan qaldırmaq və sərhədçiləri geri çəkmək barədə Ermənistanın müraciətləri yekdilliklə rədd olunub. Azərbaycan tərəfinin sərhəddə nəzarət və şəffaflıq tətbiq etməklə, Laçın yolundan qeyri-qanuni məqsədlərlə istifadənin qarşısının alınması, yoldan sui-istifadə hallarına yol verilməməsi ilə bağlı öhdəliyi və səlahiyyəti mövcuddur”-deyən deputatın fikrincə, Fransa Ermənistandan daha çox ermənilik etməyə çalışır. Amma bunların heç bir mənası yoxdur. Çünki Azərbaycan dövləti özünün beynəlxalq hüquqa və ədalətə əsaslanan prinsipial mövqeyi ilə Ermənistanın havadarlarını susdurur. Bundan sonra da belə olacaq.