Erməni tərəfinin artan təxribatları fonunda Azərbaycan Ordusu onlara layiq olduqları cavabı verir. Bunun fonunda Laçın sərhəd-buraxılış postundan keçənlərin də sayına diqqət yetirilsə, proseslərin tamam başqa məcrada getdiyini görmək olar. Araik Arutunyan, Ruben Vardanyan kimilərinin nə etməsindən asılı olmayaraq reallığı dərk edənlər öz qərarlarını verir. Amma onlar da daha tez qərar versə, özləri üçün də yaxşı olar.
Bunbu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edbi ki, zaman etibarı ilə Azərbaycan Laçın postunda pasport-yoxlama prosesini həyata keçirəcək:
“Bununla da kimin bölgəyə aid olub-olmadığı müəyyənləşəcək. Kimlərin bu bölgəyə aidiyyatı yoxdursa, sərhəddən buraxılışı mümkün olmayacaq. Bu il bu prosesin yekunlaşması gözlənilir. Ona görə də, müəyyən vədlərlə aldadılmış şəxslər reallığı görməlidir”.
Polkovnik hesab edir ki, rus sülhməramlılarının separatçılar üçün müşahidə-dinləmə avadanlıqları quraşdırmasına imkan verilməməlidir:
“Fakt odur ki, sülhməramlılar bu işləri icra edir. Ona görə də, sülhməramlılara bu məsələ ilə bağlı xəbərdarlıq edilməlidir. Çünki ötən gün Azərbaycan Ordusunun məhv etdiyi 30 müşahidə avadanlığı heç də bir günə o ərazidə qurulmayıb. Bu avadanlıqların quraşdırılması uzun zamanda həll edilən prosesdir”.
Üzeyir Cəfərova görə, Qarabağdakı separatçıların qanunsuz hərəkətlərinə qarşı Azərbaycan Ordusu adekvat tədbirlər görür:
“Amma burada rus sülhməramlılarının fəaliyyəti də diqqətlə izlənilməlidir. Çünki orada quraşdırılan müşahidə avadanlıqlarının hamısı rus sülhməramlıları tərəfindən separatçılara verilib. Separatçıların bu avadanlıqları Ermənistandan gətirmək, quraşdırmaq imkanları yoxdur. Sülhməramlılar helikopterlərlə separatçılar üçün bu avadanlıqların daşınmasını həyata keçirib. Azərbaycanın məhv etdiyi avadanlılqar məhz bu yollarla əraziyə daşınıb”.