Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- “Vaqner” lideri Yevgeni Priqojinin həyatına son qoyan olay qəza idi, ya sui-qəsd?
- Heç kim şübhə etmir ki, bu, sui-qəsd idi. Rusiyanın istintaq orqanları deməyəcəklər ki, təyyarəni Putinin əmri ilə partladıblar. Amma hamı bunu bilir, şübhə etmir.
- Bir iddia da var ki, iyunda baş vermiş qiyamın əsl təşkilatçıları tərəfindən öldürülüb.
- Bu, inandırıcı deyil. Qiyamın təşkilatçıları üzdə deyillər, arxadadırlar. Onların hamısı tutulub, istintaq altındadır və sair. Onların təyyarəni partlatmaq imkanları yoxdur.
- Sizcə, bu olay Rusiyadakı siyasi proseslərə necə təsir göstərəcək?
- Heç bir təsiri olmayacaq. Adi bir hadisədir. Hadisələrin əsas məcrası Rusiya-Ukrayna müharibəsi müstəvisində gedir. Priqojinin proseslərdəki rolu isə o qədər də böyük deyildi.
- Priqojinin nizami rus ordusu daxilində kifayət qədər tərəfdar və simpatizanlarının olduğu söylənilir. Bəs bu olay onlara necə təsir edə bilər?
- Priqojinin rus ordusu içərisində yarım qəpiklik hörməti yox idi. Zabitlər yalnız Priqojinin sahib olduğu milyardlarına həsəd aparırdılar. Davranışları isə ordu intizamına, zabit məsuliyyətinə zidd idi. Buna görə də, ona heç kim hörmət etmirdi.
- Priqojinin ölümü Putinin onun qiyamı ilə zədələnmiş imicni bərpa edəcəkmi?
- Yox! Putinin imici onsuz da yavaş-yavaş düşür. Cəmiyyət tədricən oyanır, itkilərin həcmini və müharibənin Rusiyaya vurduğu ziyanı anlayır. Amma hələlik imici 50 faizdən yuxarıdır.
- Bəs açıq etirazlara yol aça biləcək bir oyanma olacaqmı?
- Düşünmürəm. Məncə, Putinin fiziki olaraq dünyadan getməsi daha tez baş verəcək, nəinki rus xalqının oyanması.
- Xeyli müddətdir müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun dəyişdirilməsi gündəmdədir. Amma Putin buna yaxın getmir.
- Putinin xüsusiyyətidir: heç vaxt özünə sadiq saydığı adamları dəyişdirmir.
- Şoyqunun adı isə tez-tez hakimiyyətə iddialı olmaqda hallandırılır.
- Bunu onların münasibətlərinin mahiyyətindən xəbəri olmayan adamlar deyə bilərlər.
- Bəs Rusiya-Ukrayna müharibəsinin gedişi haqda nə deyə bilərsiniz?
- Aramsız döyüşlər gedir, müvazinət var. Rusiya Ukraynanın müvazinətini öz xeyrinə pozmağa çalışır. Ukraynanı gücləndirən yalnız Qərbin genişmiqyaslı silah tədarükü, yeni növ silahların verilməsi ola bilər. Amma Qərb bunu istəmir. Qərb çalışır ki, tərəflər bir-birlərini mümkün qədər çox biabır etsinlər.
- Qərbin bunda hansı hesabı var?
- Qərbin hesabı odur ki, Rusiya və Ukrayna bir-birini zəiflətsin, taqətdən salsın və asılı dövlətlərə çevrilsinlər.
- F-16 qırıcılarının Ukraynaya göndərilməsi gündəmdədir. Bu təyyarələr müharibənin gedişinə necə təsir edə bilər?
- Düşünmürəm ki, ciddi dəyişiklik yarada bilər. Bunlar adi döyüş təyyarələridir. Amma uzaqvuran raketlər versələr, başqa məsələ. Bunları da vermirlər, vermək də istəmirlər.
- Bəs bu prosesdə Qərbin istədiyi olacaq, ya bir yerdən sonra Kiyev və Moskva oturub anlaşacaq?
- Mənə elə gəlir ki, Rusiya Ukraynanın hesabına Qərblə anlaşacaq.
- Belə bir durum Ukraynaya nə vəd edir?
- Ola bilsin, bu vəziyyətdə ərazilərinin bir hissəsini itirsin. Yəni Rusiyaya güzəştə getsin.