Ölkə Prezidenti İlham Əliyevin iradəsini ifadə edən açıqlamanı Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də ifadə etdi. O qeyd etdi ki, oyun bitdi. Bu anlayışla sərhəddimizə Ermənistan tərəfindən göndərilən TIR-ların gəlişinə Azərbaycan iradəsini açıq şəkildə bəyan etdi. Azərbaycanın iradəsinin yenilməzliyi bütün platformalarda ifadə olundu.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında Ermənistanın Laçın yolu ilə bağlı avantürasından sonra Azərbaycan tərəfindən elan edilən “Oyun bitdi” anlayışı özünü bir daha göstərdi:
“Amma proses gedir. Separatçı-xunta rejiminin tamamilə məhv edilməsi an məsələsidir. Əminik ki, sentyabr ayında bu məsələyə nöqtə qoyulacaq. Vəziyyətin bu cür inkişafı vaxtilə Rusiyanın erməni sakinlərə ikili vətəndaşlıq müqabilində pasport paylamaqla onları Dnestryanı, Abxaziya və Osetiya kimi Qarabağda həmişəlik öz təsiri altında saxlamaq niyyəti iflasa uğradı. Artıq bir neçə gündür ki, Laçın yolundan bu cür insanların Azərbaycanı tərk etməsi prosesi davam edir”.
Partiya sədrinə görə, proseslərin gedişi göstərir ki, hazırda Qarabağ ətrafında iki vacib amil var:
“Rusiyaya meyilli, separatizmə dəstək verən şəxslərin Qarabağdan çıxmasından sonra bu proses icra olunacaq. İlk növbədə qanunsuz silahlı dəstələr tərksilah edilməlidir. Onlar ağ bayraq qaldırıb təslim olmasalar, Azərbaycan Ordusunun nöqtə əməliyyatı ilə məhv ediləcəklər. Müqavimət göstərən, cinayətə əl atan şəxslər isə Azərbaycan qanunları ilə istintaqa cəlb ediləcək”.
Fəzail Ağamalı hesab edir ki, Qaarabağın erməni əsilli sakinləri Azərbaycan qanunlarını qəbul edib, bayrağımız qarşısında baş əydikdən sonra reinteqrasiya baş tutacaq:
“Buna qəti şübhə yoxdur. Proses çox uğurla gedir. Ölkə başçısının müəyyən etdiyi yol xəritəsinə uyğun olaraq addım-addım prosesin sonuna yaxınlaşılır. Bununla da Qarabağda Azərbaycanın suverenliyi tam təmin olunacaq”.