27 Avqust 2023 20:36
275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 26 avqust-Laçın şəhər günü münasibətilə Həkəri çayının sahilində təşkil olunan bayram tədbirlərini hər bir azərbaycanlı qürur və fərəh hissi ilə izlədi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verilib. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülmüşdü. Əlbəttə ki, bu gün bütün xalqımız üçün tarixi əhəmiyyət kəsb edən bir gündür. Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsi idi. Azərbaycanın Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi mühüm siyasi əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bu məqsədlə atılan mühüm addınlardan biri də sözsüz ki, Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis olunmasıdır. Məhz bu Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən edilib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, Laçın rayonu 18 may 1992-ci ildə işğal olunmuşdu. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub: “Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Erməni vandallarıının törətdikləri vəhşiliklər nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Təəssüflər olsun ki, dünyanın aparıcı beynəlxalq təşkilatları bütün bu vandalizm qarşısında susur. Ermənistanın bu davranışlarını yerində qiymətləndirmək və əsl reallığı dünya ictimaiyyətinə təqdim etmək üçün təşəbbüs göstərməli olan beynəlxalq təşkilatlar ikili standartlardan çıxış edirlər”.

Deputat bildirib ki, Laçının işğaldan azad olunması mühüm tarixi hadisədir: “Artıq, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarında qürurla yaşayır.Cənab Prezident İlham Əliyevin dediyi kimi “ Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır”. Azərbaycan xalqı xoşbəxt günlər yaşayır. Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz işğaldan azad olunan bütün ərazilərdə davamlı quruculuq işlərinin həyata keçirildiyini görürük. Bu quruculuq işlərinin fonunda dirçələn tarixi torpaqları və reallıqları görürük”.

Millət vəkili vurğulayıb ki, regionun strateji əhəmiyyətini artıran hava limanları bu gün diqqət mərkəzindədir: “İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Təməli 2021-ci ildə qoyulan 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Aeroportun beynəlxalq standartlara uyğun layihələndirilən terminal binasının sahəsi 5 min kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək. Artıq Laçın rayonunda həyata keçirilmiş layihələr onu deməyə əsas veri ki, Laçın rayonu da Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevrilməkdədir”.

Tamam Cəfərova bu gün Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi möhtəşəm bərpa və yenidənqurma işlərini bütün dünya heyranlıqla izlədiyini söyləyib: “Ölkə Prezidenti İlham Əliyevin avqustun 26-da Laçın şəhərində Həkəri çayının sahilində “Laçın Şəhəri Günü” münasibətilə keçirilən bayram tədbirində etdiyi çıxışında dediyi kimi, Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər