Ötənlərdə İstanbulda yaşayan soydaşımız Eslam Mostafavi bəylə görüşdük. Eslam bəy Türkiyədə ali təhsil alır, eyni zamanda türkədəva ilə məşğul olur. Güney Azərbaycanda və digər yerlərdə türklərin yaşadığı bölgələri dolaşaraq üç cildlik bitki ensiklopediyası kitabı nəşr edən Eslam bəyin bu əsərinin bənzəri yoxdur.
Eslam bəy görüşümüzdə mənə maraqlı bir kitab da hədiyyə etdi. “Neyşabur səfərnaməsi” adlanan kitabda İrəvan tarixi ilə bağlı maraqlı faktlar vardı. Müəllif səfərnaməsində yazır: “Neyşaburun ən böyük və abad kəndi Orduğəş kəndidir. Kəndə girdiyim zaman məni qəribə bir hiss bürüdü. Elə bil ki, Azərbaycandan bir parça qopub Xorasana düşmüşdü. Nədənsə bilmirəm bu kənd mənə çox tanış gəlirdi. Bu xəyallarla yol gedirdim. Neçə dükan qabaqda motosiklet dükanı görünürdü. Dükanın qabağında isə altı igid cavan oğlan durmuşdular. Onlara yaxınlaşıb dedim: “Salam, halız yaxşıdı? Xoş keçir?”
Cavabımı çox istiqanlılıqla verib məndən haralı olduğumu soruşdular. Azərbaycanlı olduğumu dediyimdə itkilərini tapanlar kimi mənə yaxınlaşıb əl verib isti-isti görüşdülər. Bu igidlər mənə Azərbaycan cavanlarını xatırladırdılar. Bu kənd bundan qabaq gördüyüm kəndlərdən fərqli idi. Onların türkcəsi Azərbaycan türkcəsinə çox yaxın idi, Xorasan türkcəsinə oxşamırdı. Ağlıma çoxlu cavabsız sorğular gəldi. Onlarla tanışlıqdan sonra atalar sözlərini soruşdum. Əkbər adlı bir yoldaş irəli gəlib məni motorunun tərkinə mindirib öz qoca babalarının hüzuruna apardı. Orduğəşin məscidinə çatdıq. Məscidin qabağında yaşlı kişilər oturmuşdular. Onlara yaxınlaşarkən Əkbər bəy məni tanış etdi. Mən hələ də sorğumun cavabını tapmamışdım. Bu kənd o biri kəndlər kimi deyildi və mən burada heç qəribsəmədim. Yaşlı babaları dinləyib çoxlu sözlər öyrəndim. Axırda yaşlı qocadan (Əkbər bəyin böyük babası) kim olduğunu və adını soruşdum. Cavabında dedi: Kərbəlayi Hüseyn İrəvani...”.
Xorasanın Orduğəş kəndində yaşayan irəvanlılar kimlərdir? Bu sualın cavabını daha geniş şəkildə bilmək üçün İstanbul Azərbaycan Kültür Evində Eslam bəylə söhbətləşdik. Söhbətimizin videyazısını təqdim edirik: