Separatizm vaxtilə sovet rəhbərliyinin, daha sonra isə xaricdən müəyyən qüvvələrin dəstəyi ilə Ermənistan tərəfindən yaradılıb. Zaman keçdikcə Azərbaycanın güclənməsi, öz hüquqlarına sahib olması həmin separatçılara çox güclü zərbə vurdu. Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli bəyannaməsindən sui-istifadə edərək həmin separatçı rejimə hələ də dəstək verir. Onun yaşaması üçün çalışır. Nə qədər bunu açıq şəkildə bildirməsə də, fakt belədir. Dünya birliyində onun mövcudluğu haqqında bir təəssürat yaratmağa çalışılır. Əslində isə bu bir teatr tamaşasıdır. Dünyada bu sadəcə olaraq gülüş doğurur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun fikrincə, təsadüfi deyil ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər, regionla əlaqəsi olan ölkələr həmin "seçkini" tanımadıqlarını bildirdilər:
“Bu isə Ermənistan və separatçı rejim üçün çox böyük zərbə oldu. Onların hər hansı bir gücündən danışmağa dəyməz. Ermənistanın qeyri-qanuni şəkildə Azərbaycan ərazisində böyük bir hərbi kontingent saxlaması müəyyən qədər onlara ümid verir ki, nəsə edə bilərlər. Azərbaycan üçün həmin bölgə öz ərazisidir. Orada yaşayan insanlar onun sakinləridir. Üçtərəfli bəyannamədə rus sülhməramlılarının həmin ərazidə olmasının konkret müddəti göstərilib. Onlar ümid edirlər ki, həmin müddətdən sonra Azərbaycan bunların burada mövcud olmasına, ölkə qanunlarına tabe omamasına şərait yaradacaq. Bu isə qətiyyən belə deyil. Azərbaycan öz suveren hüquqlarını, mövqeyini konkret olaraq bildirib”.
Millət vəkilinə görə, onların bu gün mövcud olması barəsində siyasi şouların heç bir əhəmiyyəti yoxdur:
“Onlar beynəlxalq birlik tərəfindən tanınmağa əvvəlki dövrlər qədər erməni diasporunun təbliğatı ilə bir güc olduqlarını göstərməyə çalışırlar. Əslində bu, belə deyil. Bir çox analitiklər qeyd edirlər ki, İrəvanın müəyyən dairələri tərəfindən müəyyən edilən həmin şəxs separatçıların sonuncu “lideridir”. Nə bu rejimi, nə də həmin o oyuncaq “rəhbərinin” hər hansı perspektivindən danışmaq olmaz”.
Deputat hesab edir ki, bu gün onların əllərində bir arqument də qalmayıb:
“Əhali durmadan buradan köçür. Hər gün buradan çıxan insanlar bir də ora qayıtmaq istəyində deyil. Hətta qondarma rejimin "Xankəndi meri”nin ailəsinin həmin regionu tərk etdiyi barəsində görüntülər var. Eyni zamanda qondarma rejimin hər hansı bir iqtisadi yaşamağından, hərbi qüdrətindən söhbət gedə bilməz. Ortaya atdıqları 20-30 nəfər hay-küyçü insanlar isə hələ nə siyasət, də onların güc deməkdir”.
Aydın Mirzəzadə vurğulayıb ki, Ermənistan və oyuncaq rejimi Azərbaycana siyasi təzyiq göztərməyə öz hüquqlarından imtina etməyə çalışırlar:
“Zaman-zaman artıq Azərbaycanın addımlarını onlar birmənalı şəkildə qəbul edirlər. Əgər bir dövrdə onlar Laçın sərhəd-keçid məntəqəsinin götürülməsini tələb edirdilərsə, indi isə Azərbaycanın gömrük qaydalarından keçidin olmasını tələbini irəli sürürlər. Zaman keçəcək buna da öyrəşəcəklər. Azərbaycan onları buna məcbur edəcək. Çünki dünyanın heç bir ölkəsində mərkəzi hökumətin nəzarəti olmadan fəaliyyət göstərən zona yoxdur. Ona görə də, separatçıların siyasi oyunlarının artıq son akkordları çalınır və özləri də bunu hiss edirlər”.