11 Sentyabr 2023 19:50
2 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Fərhad Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fərhad bəy, erməni tərəfi Rusiyanın göndərdiyi yardımı da qəbul etmədi. Sizcə, erməni tərəfinin humanitar yardımdan imtina etməsinin beynəlxalq hüquqda nəticəsi necə olacaq?

- İndiki halda proseslərin yekunu haqqında fikir bildirmək olmur. Amma erməni tərəfinin Rusiyanın göndərdiyi humanitar yükdən imtina etməsi onların ifşası ilə başa çatdı. Əslində onları "humanitar faciə, fəlakət var" deməkdən məhrum etdi. Rusiya BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Bununla da ermənilər bir daha bu məsələni BMT TŞ-nin iclasına gətirə bilməyəcəklər. Çünki normalda blokada faktı beynəlxalıq hüquqda nəticəsi olan bir haldır. Ermənilər buna istinad etsələr də alındıra bilmədilər. Bundan sonra isə bu məsələ mümkün deyil. Faktiki olaraq humanitar yardım göndərdildiyi halda erməni tərəfi bundan imtina edib.

- İmtinanı hansı səbəblərlə izah edirlər?

- Bu sözsüz ki, siyasi məqsədlər üçün edilir. Yəni bu onu göstərir ki, yaradılmış bütün ajiotajın səbəbləri heç də mülki və humanitar məsələlər deyil. Burada açıq siyasi oyun var. Çünki mülki və humanitar səbəblər olsaydı, ermənilər həmin yardımı geri çevirməzdilər.

- Azərbaycanın yardımı ilə bağlı iddiaları olduğu halda Rusiyanın yardımından imtina edilməsinin səbəbi barədə nə deyəcəklər?

- Faktiki olaraq Rusiya bu gün bölgədə sülhü, təhlükəsizliyi qoruyan tərəfdir. Bu o deməkdir ki, burada hansısa bir humanitar faciədən danışmaq mümkün deyil.

- Separatçıların qondarma seçki prosesi ilə bağlı müşahidə və reaksiyalarını necə qiymətləndirirsiniz?

- Hazırda regionda və Qarabağda təsirli aktor kimi Rusiya çıxış edir. Azərbaycanın burada ata biləcəyi addımlar var. Ola bilsin ki, göz önündə olmasa da Azərbaycanın ata biləcəyi addımların danışıqları gedir. Sadəcə olaraq Rusiyanın istəyi odur ki, Azərbaycan Ermənistanı onun öz ərazisində cəzalandırsın. Bu gün Azərbaycan hücum edib Ermənistan ərazisinə 20 km daxil olsa da Rusiya buna etiraz etməyəcək. Bu, ancaq Paşinyanın Rusiya yalvarışlarından sonra dayana bilər. Amma Azərbaycan hökumətinin, Prezident İlham Əliyevin siyasəti strategiyaya əsaslanır. Çünki ölkə başçısı nəsə etdikdə onu düşünüb, hesablayıb addım atır.

- Azərbaycana əsas hədəfə çatmağa nə maneə olur?

- Ölkəmiz üçün əsas hədəf Qarabağdır. Azərbaycan Qarabağda dövlət hakimiyyətini bərpa etmək niyyətindədir. Rusiya isə bu məsələdə tələsmir. Sözsüz ki, bu, mürəkkəb və çətin bir proses olsa da Azərbaycan bundan uğurla keçəcək. Fakt odur ki, Qarabağ üzərindən ciddi bir geosiyası oyun gedir. Fransa Ermənistanda güclənməyə çalışır. Avropalıları da buna inandırıb. Rusiya isə regionu əlindən qaçırmamağa çalışır. Türkiyə ilə Azərbaycanın maraqları isə tam uzlaşma formatındadır. İranın isə burada öz maraqları var. İran da Azərbaycanın bu bölgədə güclənməsini istəmir.

- Bölgədə yeni hərbi qarşıdurma ehtimalını necə dəyərləndirmək olar?

- Azərbaycanın hərbi əməliyyatlara başlamaq üçün əli-qolu açıqdır. Paşinyan da bunu bilir. Bu mümkündür. Rusiya buna yaşıl işıq yandırıb. Amma döyüş əməliyyatlarının Ermənistan ərazisində aparılması ilə bağlı Rusiyanın yanaşması var. Çünki Rusiya Azərbaycanın Ermənistana hücumuna etiraz etməyəcək. Qarabağda isə bu mümkün deyil. Ona görə də, Azərbaycan Qarabağda addım-addım irəliləyir. Sərhəddə xırda çaplı qarşıdurmalar olsa da bunun 4-5 gün davam edəcək hərbi əməliyyatlar olacağı gözlənilmir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər