Rusiya Prezidenti Vladimir Putin Ermənistanla münasibətlərdə hər hansı dönüşün olduğuna inanmadığını bildirib.
Teleqraf.com xəbər verir ki, Rusiya lideri Ermənistanın Qarabağı Azərbaycan ərazisi olaraq tanıdığını deyib.
“Biz nə baş verdiyini görür və anlayırıq. Bu haqda deyiləcək çox şey var. Biz uzlaşma variantlarımızı təklif etmişdik. Ermənistan yeddi rayonu nəzarətdə saxlayırdı, biz Azərbaycanla elə bir razılaşma əldə etməyi təklif etdik ki, iki rayon - Kəlbəcər və Laçın faktiki olaraq Ermənistanın və bütün Qarabağın (separatçıları deyir – red.) yurisdiksiyasında qalsın, amma Ermənistan rəhbərliyi bununla razılaşmadı. Halbuki biz uzun müddət Ermənistan rəhbərliyini razı salmağa çalışdıq. “Nə edəcəksiniz” deyə soruşduqda bizə cavab verdilər ki, döyüşəcəyik. Olsun. Nəhayət, hər şey indi yaranmış vəziyyətə gəlib çıxdı”, - Putin vurğulayıb.
Onun sözlərinə görə, söhbət təkcə son müharibənin nəticələrindən yox, həm də Ermənistan rəhbərliyinin Azərbaycanın Qarabağ üzərində suverenliyini mahiyyətcə tanımasından gedir:
“Praqa bəyanatı isə bunu kağız üzərində qeyd edir. Bu haqda bilirik. İndi Prezident Əliyev mənə deyir, siz bilirsiniz ki, Ermənistan Qarabağın bizim olduğunu tanıyıb, Qarabağın statusu məsələsi artıq müzakirə mövzusu deyil, həll olunub. Ermənistan rəhbərliyi isə bunu açıq şəkildə bəyan edərək, 1991-ci ilə qədər olan bütün ərazini Azərbaycan SSR-nin tərkibində hesablayıb, Qarabağ ərazilərini də bura daxildir. Bu, bizim deyil, Ermənistan rəhbərliyinin qərarıdır”.
Putin əlavə edib:
“Belədirsə, nə deyə bilərik? Burada deyiləcək bir şey yoxdur, əgər Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyıbsa, biz nə edək?”