13 Sentyabr 2023 19:50
3 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb:

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, Rusiya prezidentinin son açıqlamaları ajiotaja səbəb oldu. Həssas dönəmdə Vladimir Putinin keçmiş münaqişə vəziyyətinə dair bəzi təklifləri gündəmə gətirməsinə səbəb nə idi?

- Putinin son açıqlaması Rusiyanın bütün məqsədlərini açıq şəkildə ifadə edir. Fikirlər nə qədər pərdələnsə də bəlli olur ki, Putin heç bir halda Azərbaycan-Ermənistan münasibətlərinin tam normallaşmasının tərəfdarı olmayıb. Bu, Rusiyanın imperiya maraqlarına zidd olduğu üçün Putin çalışır ki, burada münaqişə davamlı olsun. Qondarma rejimin seçki prosesində də Rusiyanın adamı deyilən şəxs posta oturduldu. Nikol Paşinyanla hər hansı bir bağlılığı olmayan şəxsin bundan sonra Rusiya tərəfindən idarə olunacağı gözlənilir.

- Azərbaycan və Ermənistanla bağlı indiki halda Rusiyanın əsas planı nədən ibarətdir?

- Fakt odur ki, Rusiya yerdəki vəziyyətin normallaşmasına maneə olur. Kömək etmək əvəzinə real müstəvidə prosesin irəliləməsinə Rusiya müxtəlif əngəllər yaradır. Bununla da Cənubi Qafqazda, Ermənistan və Azərbaycanda qalmaq niyyətini gizlətmir. Ona görə də, Putinin bu çıxışları narahatlıqdan yaranan, qəzəbdən irəli gələn pərdələnmiş fikirlərdir.

- Rusiyanın bu yanaşmaları və verilən açıqlamalar fonunda Azərbaycanın davranışlarında hansısa bir dəyişikliyin olması gözlənilirmi?

- Azərbaycan sözsüz ki, bu müstəvidə mübarizəsini sona qədər davam etdirəcək. Bunun fonunda Azərbaycan Rusiya ilə münasibətləri gərginləşdirmədən məsələləri irəliyə aparmaq niyyətindədir. Ölkəmiz ardıcıl, davamlı olaraq yumşaq gücdən istifadə edərək, diplomatik fəallıq müstəvisində özünün manevr imkanlarını genişləndirir. Azərbaycanın əsas hədəfi məsələyə son nöqtəni qoymaqdır. Prezident İlham Əliyevin aparmış olduğu xətt unikal, düşünülmüş siyasət nəticəsində addım-addım məsələnin həllinə yaxınlaşılır.

- Sizcə, Xankəndidə separatizmə və qanunsuz silahlıların birdəfəlik ləğvinə daha sürətlə nail olmaq üçün hansı addımlar atıla bilər?

- Qarabağda separatizmi stimullaşdıran Ermənistana məxsus olan qeyri-qanuni silahlı qüvvələrdir. Onlar təslim olmasalar, Azərbaycan Ordusu burada nöqtə vuruşları ilə məsələni daha sürətlə həll edəcək. Hələlik burada məsələlərin həlli üçün yumşaq gücdən istifadə olunur. Bununla da heç bir döyüş əməliyyatları aparılmadan prosesin yekunlaşması gözlənilir.

- Azərbaycanın təsirli addımlarına yerdə hansı müqaviət var?

- Fakt odur ki, Rusiya Azərbaycanın real müstəvidə atdığı addımlara mümkün qədər müqavimət göstərir. Eyni zamanda Paşinyan da bu məsələdə geri addım atmaq istəmir. Mümkün qədər adekvat olmağa çalışır. Erməni tərəfi bunu daha çox hiyləgərliklə edir. Çünki Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, digər tərəfdən separatçıları stimullaşdırır. Onun qondarma seçkilərə münasibəti də diqqətdən yayına bilməz. Görünən odur ki, Rusiya bölgədə üstünlüyünü saxlamağa çalışır.

- Rusiyanın sona qədər bölgədə qalma ehtimalını necə dəyərləndirirsiniz?

- Görünən odur ki, baş verənlər fonunda Rusiya bölgədəki üstünlüyünü sona qədər qoruyub saxlaya bilməyəcək. Bunun paralelində Azərbaycan Qarabağda suverenliyini təmin edəcək. Rusiyanın əraziyə göndərdiyi yardımdan sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yardım konvoyu da Xankəndiyə doğru hərəkət edəcəksə, bu reinteqrasiya prosesinin başlaması deməkdir. Bunun əksinə yardımların ancaq Rusiya tərəfindən çatdırılması ilə bağlı məsələ gündəmə gələcəksə və orada separatçılara müəyyən təlimatlar veriləcəksə məsələ bir qədər çətinləşəcək. Beləliklə Azərbaycan dövləti özünün imkanları ilə separatizmin birdəfəlik həllinə nail olacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər