Video əlavə olunub:
***
Ermənistan Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair Beynəlxalq Cinayət Məhkəməsinin orderini təsdiqləyə bilər. Çünki bu hüququ tanıyan ölkələr, o cümlədən Ermənistan üçün BCM-nin verdiyi qərarlar məcburidir. Bunun əksinə Ermənistanın Putinin həbsi üçün hansısa order verməyə ixtiyarı və imkanı yoxdur.
Bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.
Onun sözlərinə görə, BCM-nin qərarı onun hüquqlarını qəbul edən ölkələrdə keçərlidir:
“Bu məcburi hüquqdur. Roma Statutuna tərəfdar olan ölkələrə aiddir. Burada sözsüz ki, Ermənistan tərəfindən bəzi deputatların və siyasətçilərin fərqli yanaşmaları var. Hazırda Ermənistanda hamı hər şeyi danışır. Amma bu qanunun Ermənistan parlamentində qəbul edilib-edilməməsi, səs verməyə qoyulub-qoyulmaması məsələsi aktualdır. Eyni zamanda hakim partiyadan və müxalifətdən kimlərin buna necə yanaşdığına nəzər yetirilməlidir”.
Politoloq bildirib ki, bu günlərdə Nikol Paşinyanın Roma Statutu haqqında qərarı Ermənistan parlamentində müzakirəyə çıxarılmasına olan münasibəti olduqca maraqlı idi:
“Çünki Paşinyan açıqlama verdi ki, həmin qanun parlamentdən keçsə onu təsdiqləyəcək. Bu əslində Paşinyan tərəfindən Rusiyaya verilən ciddi bir siqnal idi. Əvvəllər bu münasibət gizlin olsa da, indi aşkar şəkildə ifadə edilir”.
Fərhad Mehdiyevə görə, Paşinyan açıq şəkildə bildirir ki, Rusiyadan uzaqlaşmaq istəyir:
“Hazırda Rusiya-Ermənistan arasında olan gərginlik fonunda bu cür bəyanatın verilməsi prosesi fərqli istiqamətə doğru inkişaf etdirə bilər. Görünən odur ki, münasibətlər getdikcə kəskinləşəcək. Rusiya prezidentinin Qarabağı Azərbaycan ərazisi kimi Ermənistan tərəfindən tanındığını bildirməsi də bu gərginlik fonunda diqqəti cəlb edir”.