"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zaur müəllim, Nikol Paşinyanın telefon zənginə Kremldən cavab verilmədi. Bunun fonunda Ermənistanla Rusiya arasında "siyasi-psixoloji" qarşıdurma pik həddə yaxınlaşır. Sizcə, gərginlik necə nəticələnəcək?
- Baş verənlər onu göstərir ki, Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanı tənbeh etmək qərarına gəlib. Paşinyanın son gərginlik fonunda Rusiya prezidentindən öncə Fransa, Almaniya və digər ölkələrin rəhbərləri ilə danışması Moskvanın xətrinə dəyəcək addımlar idi. Bu gün Ermənistanın iqtisadiyyatı və təhlükəsizliyi, bütövlükdə ölkə olaraq Rusiyadan asılıdır. Qarabağdakı separatçılar belə öz gələcəklərini Rusiyadan asılı halda görür. Belə olan halda məhz Rusiya ilə bu və ya digər məsələləri müzakirə edib nəticə çıxarmaqdansa, Paşinyan çox ciddi səhvlərə yol verdi. Bu da sözsüz ki, Moskva tərəfindən heç də xoş qarşılanmır. Putin brifinqdə bu məsələlərin üzərindən keçərək Paşinyanla münasibətlərinin yaxşı olduğunu bildirdi. Amma bunun belə olmadığı hamıya məlumdur.
- Paşinyan hakimiyyəti üçün Azərbaycanla real müharibə şəraitində Rusiya ilə gərginlik nə vəd edir?
- Sözsüz ki, Rusiya-Ermənistan gərginliyi Azərbaycanın maraqlarına cavab verir. 2016-cı ildən bu yanaşma müşahidə edilir. Serj Sərkisyanın prezidentliyi dövründən, aprel döyüşləri ərəfəsindən başlayaraq Rusiya-Ermənistan münasibətlərinin qeyri-sabit olması Azərbaycanın məqsədlərinə çatması üçün əsas amillərdən olub. Eyni zamanda heç də Rusiya-Ermənistan münasibətlərinin pisləşməsinə ümidli olmaq olmaz. Bir müddət sonra onlar yenidən dostluqdan-qardaşlıqdan danışa bilərlər. Bunu yaddan çıxarmaq olmaz. Ona görə də, hazırkı şəraitdən maksimum istifadə olunmalıdır.
- Rusiya-Türkiyə əlaqələrinin regional proseslərə təsirini necə dəyərləndirirsiniz?
- Hazırda Rusiya-Türkiyə münasibətlərinin yaxşı olması, Ukrayna müharibəsi fonunda baş verənlər, Avropa və ABŞ-ın daxili seçkilərə başlarının qarışması bir çox məsələlərin həlli üçün münbit şəraitdir.
- Ermənistanın baş naziri Azərbaycanın radikal hərbi addımlar atmayacağına əmin olmaq üçün hansı təkliflər edir?
- Erməni tərəfi Azərbaycanın hərbi əməliyyatlara başlayacağını düşünürsə, bunun dəf edilməsi üçün o nə edəcəyi barəsində düşünməlidir. Əslində erməni tərəfi indi hər şeyi edir ki, Azərbaycan antiterror əməliyyatlarına başlasın. Fakt odur ki, Ermənistan müxtəlif platformalarda üzərinə götürdüyü öhdəlikləri icra etmir. Ona görə, söhbət burada sülhdən gedirsə, o zaman ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması tələb edilir. Amma Ermənistan bu məsələdə öz bildiyi yoldan gedir. Ona görə də, son zamanlar Qarabağın dağlıq hissəsində qalmış olan separatçıların və Ermənistan rəhbərliyinin bəyanatları bölgədə yeni müharibəyə gətirib çıxara bilər.
- Bu ərəfədə ABŞ Konqresində bölgədəki vəziyyətlə bağlı dinləmələr keçirilib...
- ABŞ Konqresində dinləmələr zamanı konqresmenlər və dövlət departamentinin rəsmisi tərəfindən səsləndirilən fikirlər Qarabağ ermənilərini daha da arxayınlaşdıra bilər. Eyni zamanda erməni tərəfinin danışıqlarda özlərini sərbəst aparmasına səbəb olar. Çox təəssüf ki, bu hal müşahidə edildi. Ümumiyyətlə, Vaşinqtonda bəzi şəxslərin Laçın yolunun dərhal açılmasını tələb etməsi danışıqlarda orbitr rolunu oynayan ABŞ-ın rolu və çəkisini azalda bilər.
- Konqresdəki dinləmələr daha çox hansı məsələlərlə bağlı olub?
- Dinləmələr zamanı ərazi bütövlüyü ifadəsinə rast gəlinmədi. Əvəzində isə Azərbaycanı az qala etnik təmizləmədə günahlandırdılar. Əslində Azərbaycanı üçtərəfli bəyanata riayət etməyə çağıran ABŞ senatı həmin bəyanatda göstərildiyi kimi erməni hərbi birləşmələrinin bölgəni tərk etməsi məsələsini qaldırmadı. Belə çıxır ki, Entoni Blinkenin iştirakı ilə xarici işlər nazirləri arasında baş tutan iki görüş, Şarl Mişelin iştirakı ilə baş tutan görüşlərdə Qarabağın Azərbaycanın ərazisi olması məsələsi bir kənara qoyulub. Bunun əvəzində separatçıların tələbləri dilə gətirilib.
- Azərbaycanın bu məsələlərə yanaşması nədən ibarətdir?
- Bakının proseslərə nisbətən sakit yanaşması onu göstərir ki, ABŞ Konqresindəki dinləmələrdən ruhlanan ermənilər heç də sevinməsinlər. Bu, daha çox şou xarakterlidir. Erməniləri sakitləşdirməkdan başqa bir şey deyil. Çünki ermənilərə nə senatorlar, nə də ki dövlət departamenti heç bir kömək etməyəcək. Bir neçə ay sonra Şarl Mişel vəzifəsini tərk edəcək. Blinken isə partiyası ilə birlikdə gələcək seçkilərə hazırlaşacaq. Bu isə Qərb platformasında Bakı-İrəvan danışıqlarında müəyyən fasilə ilə nəticələnə bilər.