17 Sentyabr 2023 13:53
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyatımın ən şüurlu və məhsuldar dövrünü, fəal siyasi proseslərin içində olduğum zamanlar Qərbin, o cümlədən ABŞ-ın mövqeyini müdafiə etmişəm, Qərbi demokratiya, ədalət, söz və mətbuat azadlığı, insan haqlarının müdafiəsi və sair bu kimi fundamental prinsiplərin daşıyıcısı və qoruyucusu bilmişəm. Azərbaycanda milli-azadlıq hərəkatı dövründə gəncliyimizin inqilabçı-romantik çağlarından başlayaraq dünyada baş verən bütün proseslərdə, bütün qarşıdurmalarda, bütün ziddiyyətli məqamlarda Qərbin-ABŞ-ın haqlı olduğuna inanmışam. Amma təəssüf ki, son dövrlər baş verən proseslər, ABŞ-ın bəzi rəsmilərinin Azərbaycanla bağlı tutduğu mövqe və səsləndirdiyi fikirlər məni düşünməyə, baxışlarımı təftiş etməyə vadar edir.

ABŞ rəsmisinin Azərbaycana yönəlik hikkəli "must be" çağırışı bu günədək niyə torpaqlarımızı 30 il işğalda saxlayan, körpəsinə, qadınına, qocasına belə fərq qoymadan minlərlə insanı qətlə yetirən, şəhər və kəndlərimizi xaraba qoyan, tarixi və mədəniyyət abidələrini yerlə yeksan edən, üzdə özünü "qədim və mədəni xalq kimi sırıyan", əslində, isə tam barbar tayfalarının davranışını sərgiləyən, xain və revanşist xislətli, irqçi və faşist ideologiyanı dövlət siyasəti səviyyəsinə qaldırmış Ermənistana ünvanlanmırdı?

Teleqraf.com xəbər verir ki, bu sözləri siyasi ekspert Əhməd Abbasbəyli söyləyib.

ABŞ-ın sərgilədiyi davranışın çox suallar doğurduğunu diqqətə çatdıran siyasi ekspert bu suallara cavab tapmağa çalışıb. Bildirib ki, 30 il əzilən, öldürülən, evindən-eşiyindən məhrum edilən, elementar hüquqları tapdalanan qaçqın və köçkün vəziyyətə salınan bir milyona yaxın azərbaycanlıların hüququnu ağlının ucuna belə gətirməyən ABŞ rəsmilərinin mövcud olmayan “Dağlıq Qarabağ xalqının hüquqları”ndan ağız dolusu danışmasının səbəbi nədir?

Görəsən postsovet məkanında Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi tanıyan, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ-ın daha böyük məhrumiyyətlərə, təzyiqlərə, hücumlara məruz qalan Azərbaycana qarşı göstərdiyi bu ögey münasibətin səbəbi nədir?

Niyə işğala, təcavüzə məruz qalan Azərbaycana deyil, işğalçıya, təcavüzkar Ermənistan və Qarabağdakı separatçı rejimə dəstək verildi, hər il müxtəlif adlar altında milyonlarla dollar yardım verildi, ABŞ-da qondarma rejimə “Qarabağa yardım” şüarı altında vəsait toplandı?

Nə üçün ABŞ Rusiyanın forpostu rolunu oynayan, KTMT üzvü və Rusiyanın hərtərəfli tərəfdaşı olan, son günlərədək onun bütün addımlarını tərəddüdsüz müdafiə edən Ermənistanı, regionda müstəqil siyasət yürüdən, Qərbin, o cümlədən Avropa İttifaqının, NATO-nun və sair bütün layihələrində fəal iştirak edən Azərbaycandan üstün tutur?

Necə olur ki, ABŞ, Rusiya-Ukrayna müharibəsində Ukraynanı hər mənada dəstəkləyən, ərazi bütövlüyünü tanıyan, ardıcıl və davamlı olaraq humanitar yardım edən Azərbaycanı deyil, bu qarşıdurmada ABŞ və Qərbin müdafiə etdiyi Ukraynanın, ona hücum edən ABŞ-ın da düşmən elan etdiyi Rusiyanın tərəfində olan Ermənistanı müdafiə edir?

Nə oldu ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ əslində heç bir iş görməsələr də özünü bitərəf kimi göstərən, Ermənistanla Azərbaycan arasında problemin həllinə ciddi səy göstərmək görüntüsü yaratmağa çalışan, son günlərə kimi, bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməlidir təklifi ilə çıxış edən Birləşmiş Ştatlarda bu gün yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır? Yanaşmanın bu cür dəyişməsinə səbəbi nədir?

Bəlkə son bir neçə gündə Ermənistanın guya ki, Rusiyanın himayəsindən imtina edirmiş kimi görünən, əslində isə Rusiyanı şantaj edərək, Azərbaycana qarşı daha sərt addımlar atmağa sövq etməyə yönəlik hiyləgər və riyakar addımları ABŞ-ın siyasətinə təsir etdi? İnanmıram ki, ABŞ siyasiləri, diplomatları bu qədər sadəlövh olsunlar.

ABŞ-ın bu mövqeyinə təsir edən beynəlxalq sistemi qorxudacaq düşmən obrazı yaratdıqları və “sivil dünyanın” əsas düşməni elan etdikləri İslam amilidir?

Bəlkə hansısa qara qüvvələr Cənubi Qafqazda çətində olsa, tədricən normallaşmağa başlayan vəziyyəti gərginləşdirmək və dolayısı ilə ABŞ başda olmaqla, Qərbin Rusiya ilə kəskin qarşıdurmasında yeni müstəvi, yeni gərginlik və münaqişə ocağı yaratmağa çalışırlar?

Bu dəyişikliyə səbəb Azərbaycanın bütün təzyiqlərə rəğmən öz gücünə torpaqlarını işğaldan azad etməsi, regionda yeni reallıq yaratmasıdırmı? Bəlkə regionda müstəqil siyasət yürüdən, öz gücünə və cəsarətinə güvənən Azərbaycanın mövcudluğu ABŞ, Fransa və digər bu kimi ölkələrin, bəlkə də hansısa gözəgörünməz qüvvələrin maraqlarına uyğun gəlmir?

Görəsən regionun həlledici və vacib aktoru olan Azərbaycanı ABŞ-dan narazı salmaq istəyən, bu günə qədər mövcud olan kifayət qədər normal münasibətlərə və məhsuldar əməkdaşlığa zərbə vurmaq istəyən qüvvələr kimlərdi? Məqsədləri nədir?

Nəhayət cavabını axtardığım sonuncu sual, görəsən ABŞ-a, onun yürütdüyü siyasətə olan simpatiyamda, inamımda mən yanılmışam? Yumşaq desək, sadəlövhlük etmişəm? Yoxsa ABŞ-ın siyasiləri, rəsmiləri bu illər ərzində qeyri-səmimi, ikili standartlarla yanaşma sərgiləyiblər?”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər