19 Sentyabr 2023 09:05
1 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan arasında dördtərəfli görüş təklif edib. Sizcə, bu təklif reallaşa bilərmi, baş tutsa, prosesə necə təsir göstərə bilər?

- Optimal təklifdir, Güney Qafqazdakı reallığı əks etdirən durumdur. Güney Qafqazda iki əsas güc var, biri Rusiya, digəri Türkiyədir. Rusiya ilə Ermənistan hərbi müttəfiqdir, Türkiyə ilə də Azərbaycan. Bu baxımdan, hər ikisinin prosesə təsir imkanları və prosesi irəli aparmaq imkanları var. Nəzərə almalıyıq ki, son illərdə həm də Türkiyə-Rusiya əlaqələri konstruktiv əməkdaşlıq səviyyəsindədir. Tərəflər arasında bir sıra məsələlərə yanaşmada fərqli fikirlər olsa da, problemlərə baxışda ortaq nöqtə tapıblar. Bu ziddiyyətlərin arasında əməkdaşlıq istiqamətlərini müəyyən ediblər, bu çərivədə prosesləri irəli apara bilirlər. Bu baxımdan, Türkiyə prezidentinin təklifi qəbulediləndir. Amma bunun həyata keçib-keçməyəcəyi Ermənistandan asılıdır.

Düşünmürəm ki, Rusiya buna etiraz edəcək. Çünki bununla bağlı Türkiyə və Rusiya arasında bir əməkdaşlıq formatı var. Tərəflər Ağdamda yerləşən monitorinq mərkəzində təmsil olunurlar. İndiyədək bu yöndə onların arasında ciddi problemləri olması ilə bağlı məlumat yoxdur.

Hesab edirəm ki, Prezident Ərdoğanın təklifi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün ən optimal variant ola bilər. Ermənistanın bu formatda iştirakına gəlincə, bu ehtimal çox aşağıdır. Çünki Ermənistan kənar təsir altındadır, ABŞ və Fransa İrəvanın bu formatda iştirakında maraqlı olmaya bilər. Bu səbəbdən də Ermənistanın iştirakı real görünmür. Bizim üçün isə ən uyğun format bu ola bilər.

- Türkiyə Dehlidə Hindistan-Yaxın Şərq dəhlizi ilə bağlı imzalanan anlaşmadan kənarda qaldı. Prezident Ərdoğan və xarici işlər naziri Hakan Fidan buna buna cavab olaraq, Türkiyəsiz dəhlizin olmayacağını, eyni zamanda, öz dəhlizlərini quracaqlarını dedilər. Türkiyənin rəsmi mediası bu kontektsdə Zəngəzur dəhlizini gündəmə gətirir. Sizin bu gəlişmədən gözləntiniz necədir?

- Hindistan Avropaya çıxış üçün müxtəlif variantları nəzərdən keçirir. Hindistanın Azərbaycana düşmən münasibətinin kökündə duran səbəblərdən biri də budur. Təsadüfi deyil ki, ötən 30 il ərzində Dehli, Tehran və İrəvan arasında Ermənistan üzərindən Qara dənizə uzanan bir xəyali dəhliz haqda söhbət gedirdi. Biz həmişə bu projenin qeyri-real və effektsiz olacağını söyləmişdik. Nəhayət, Hindistan, ABŞ, Avropa və bir sıra ərəb ölkələri arasında başqa bir dəhlizlə bağlı anlaşma əldə edildi. Artıq Hindistan İran və Ermənistan üzərindən yox, başqa bir istiqamətdən Avropa çıxış əldə etmək imkanlarını nəzərdən keçirir. Bu, Hindistandan Ərəbistan yarımadası və Aralıq dənizinə, oradan da Avropaya uzanan bir xətti nəzərdə tutan projedir. Bu, hələlik bir ideya olara qəbul edilib.

Hesab edirəm ki, burada əsas rolu Hindistan-Çin rəqabəti oynayır. Hindistanla Çin arasında iqtisadi rəqabətlə yanaşı, bir də ərazi münaqişəsi var. Hindistan Çini özünün əsas rəqibi kimi görür. Hazırda ABŞ və bir çox Qərb dövlətləri Hindistanı dəstəkləyərək, onu balans üçün Çinə qarşı qoymağa çalışırlar. Dehli bu baxımdan dəstəklənir. Hindistanın hazırki irqçi, millətçi düşüncəyə sahib Modi hökumətinin müsəlmanlara qarşı törətdiyi cinayətlərə də məhz bu səbəbdən göz yumulur. Təsadüfi deyil ki, Amerikanın bir çox iri şirkətləri Hindistanda filiallarını açmağa başlayıblar.

İran, Türkiyə yeni projedən kənara qoyuldu. Amma Türkiyənin coğrafi mövqeyi elədir ki, bir çox dəhlizlərin buradan keçməsinə imkanlar var. Müəyyən enerji xətləri – İrandan gələn qaz, İraqdan neft kəmərləri Türkiyədən keçir. O cümlədən Bakı-Tiflis-Ceyhan boru xətti, TANAP, Cənub Qaz Dəhlizi... Türkiyənin bundan sonrakı dönəmdə də əlavə dəhlizlər yaratmaq imkanları var. Bunlardan biri də Zəngəzur dəhlizidir. Bu da Çinin “Bir Yol, Bir Kəmər” projesinə daxildir. Yəni bu dəhlizin açılması həm də Çinin marağındadır, eləcə də Rusiyanın. Bu, Rusiyanın İran, Türkiyə və Yaxın Şərqə çıxışı üçün ən yaxşı variantlardan biri sayılır. Bir sözlə, Türkiyə “əlavə dəhlizlər” dedikdə, həm də Zəngəzuru nəzərdə tutur.

İrandan daşınan yüklərin həcminin artırılması baxımından yol infrastrukturunun modernləşdirilməsi gündəmdədir. O cümlədən İraqdan daşınan yüklərin önəmli hissəsinin Türkiyə üzərindən keçirilməsi... Yəni bu kimi regional dəhlizlərin açılması gündəm məsələsidir. Digər yandan, İsrail-Türkiyə münasibətləri inkişaf etdirilir. İsrailin Aralıq dənizindən çıxardığı qazın Avropaya nəql olunmasında Türkiyədəki hazır infrastrukturdan istifadə də gündəmdədir. Türkiyə İsrailə bunu təklif edib. Afina isə İsrail qazının yunan adaları üzərindən daşınması təşəbbüsünü irəli sürüb. Türkiyə isə İsrailə daha yaxın məsafəni göstərir. Bunlar da regional dəhlizlərin önəmini artıran məsələlərdir.

- Ermənistan Baş naziri Nikol Paşinyan ilin sonu – gələn ilin əvvəlinədək sülh müqaviləsinin imzalanmasının mümkünlüyünə diqqət çəkdi. Regionda yeni hərbi toqquşma atmosferinin yaşandığı bir vaxtda proses bu istiqamətə necə dönə bilər?

- Son iki ayda Ermənistandan ciddi təxribatlar törədildi, Azərbaycana qarşı beynəlxalq miqyasda təzyiq kampaniyasına baş vuruldu. “Qarabağda humanitar böhran” adıyla Azərbaycana təzyiqə nail olmağa çalışdılar. Amma bu plan baş tutmadı. Azərbaycanın öz israrlı və qəti mövqeyi nəticəsində Ağdam-Xankəndi yolunun açılması ilə bağlı razılaşma əldə edildi. Bu, işlək hala gətirilməsi vacib məsələdir. Amma ermənilərin mövqeyinə baxanda xəstə, millətçi, rasist düşüncə görürük. Separatçılar bildirirlər ki, yük maşınları, içindəkilər və onu idarə edənlər Azərbaycanın deyil. Biz belə faşist və rasist düşüncə sahibləri ilə üz-üzəyik. Yəni gərginlik hələ davam edəcək.

Paşinyanın açıqlamasına gəlincə, bunu çox arzulasaq da, açığı, bunu real saymıram. Çünki Ermənistan sülh müqaviləsini imzalamağa hazır deyil. “Sülh müqaviləsi” termini Paşinyana gündəm formalaşdırmaq və ya dəyişmək, ümumiyyətlə, prosesi manipulyasiya etmək üçün lazımdır. Ermənistanın sülh prosesində konstruktiv və səmimi olduğunu düşünmürəm. Buna görə də, nə qədər imkanlar olsa da, ilin sonunadək bu müqavilənin imzalanacağına inanmıram. Çünki Ermənistanda siyasi həyata təsir edən xeyli amillər var. İrəvandakı sonuncu mer seçkiləri də göstərdi ki, ölkədə Paşinyan hakimiyyətinə qarşı etimad xeyli zəifləyib. Beş il əvvəlki seçkilərdə 81 faiz səs qazanan Paşinyanın partiyası son seçkilərdə təxminən 33 faiz səs topladı. Digər müxalif qüvvələrin səsi bir yerdə ondan daha çoxdur.

Bir sözlə, Ermənisatanda siyasi vəziyyət gərgindir. Bu seçkilərin nəticələri də prosesə təsir edəcək. Revanşist qüvvələrin nisbi üstünlüyü Paşinyanın sülh müqaviləsi yönündə addımlarına mane ola bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər