19 Sentyabr 2023 13:56
2 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ilk dəfə olaraq beynəlxalq ictimaiyyət üçün Qarabağda Ermənistana aid qanunsuz silahlıların sayı, orada olan hərbi texnika, silah-sursatla bağlı məlumat verdi. Bunun ardınca bu gün səhər saatlarında Azərbaycan ərazisində olan separatçılarının terror-təxribatı nəticəsində vətəndaşlarımız minaya düşərək həyatını itirib. Əslində bu amil Azərbaycanın adekvat addımlar atmasını artıq zərurətə çevirir. Çünki bundan öncə də həmin mina terroru nəticəsində Azərbaycanın hərbi qulluqçuları həyatını itirib və yaralananlar olub.

Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, bölgə ilə bağlı mütləq təmizləmə işi aparılmalıdır:

“Çünki separatçıların davranışları, təxribatları məhz bunu təşviq edir. Azərbaycan ərazisində quldur dəstələri qaldıqca bir çox problemlər olacaq. ABŞ-ın, Rusiyanın, Fransanın nə deməsindən asılı olmayaraq həyatını itirən, yaralanan, ziyan çəkən Azərbaycan vətəndaşlarıdır. Ona görə də, qeyri-qanuni silahlı birləşmələr təcili olaraq zərərsizləşdirilməlidir”.

Polkovnik hesab edir ki, antiterror əməliyyatlarının vaxtını uzatmaq olmaz:

“Bu, hər gün terror, itkilər, qurbanlar deməkdir. Əgər separatçılar orada olmasa idi bu gün Azərbaycan vətəndaşları həyatını itirməz, yaralanmazdı. Fakt odur ki, separatçılar rus sülhməramlılarının himayəsi altında ərazilərə gecə saatlarında mina basdırıb. Ona görə də, antiterror əməliyyatlarının başlanması qaçılmazdır”.

Hərbi ekspertə görə, bu gün Azərbaycanla onun ərazisində oturub hədə-qorxu dilində danışmaq qəbuledilməzdir:

“Antiterror əməliyyatları burada fərqli müstəvidə aparılacaq. Çünki şəhər döyüşünün qaydaları başqadır. Əməliyyatlar Ağdərədən başlayacaqsa, burada taktika başqa cür olacaq. Çünki Azərbaycan Ordusu separatçı-terrorçuların orada olan mülki insanların arxasında gizlənməsi amilini nəzərə alıb addım atacaq. Əvvəlcə burada müəyyən xəbərdarlıq işləri aparılacaq. Orada olan mülki ermənilər də başa düşməlidir ki, Ağdərə, Xocalı, Xocavənd və Xankəndidə terrorçular onlardan canlı sipər kimi istifadə edir”.

Üzeyir Cəfərovun fikrincə, Azərbaycanın xəbərdarlığından sonra ərazidə antiterror əməliyyatlarına başlaması mümkündür:

“Mülki insanlara ərazidən çəkilmələri üçün 1-2 saat, bəzən də bir-iki gün vaxt verilə bilər. Sözsüz ki, separatçılar mülki insanların ərazidən çıxmasına imkan verməyəcək. Amma peşəkar Azərbaycan Ordusu burada necə əməliyyat aparacağını yaxşı bilir. Hərb təcrübəsində şəhərdə, dağda, meşədə əməliyyatların aparılması ilə bağlı kifayət qədər təcrübə və nümunələr var”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər