20 Sentyabr 2023 18:36
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

23 saat 43 dəqiqə...Azərbaycanın Qarabağ iqtisadi rayonunda dünən başlatdığı lokal antiterror əməliyyatı məhz bu qədər vaxt davam etdi. Müzəfər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu mühtəşəm qələbə qazandı. Bununla da, biz cənab Prezident İlham Əliyevin “nəyi, necə, nə vaxt edəcəyimi, bunu mən bilirəm”ifadəsinin növbəti dəfə öz təsdiqini tapdığının şahidi olduq. Faktiki olaraq, Azərbaycan noyabr ayının 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış Üçtərəfli bəyanatdan irəli gələn və 3 ildir ki, yerinə yetirilməyən 4-cü bəndi uğurla icra etdi. Əməliyyatların uğurla başa çatması, separatçıların təslim olması və Qarabağın erməni sakinlərinin nümayəndələrinin Yevlax rayonunda görüşə razılıq verməsi Azərbaycan dövlətinin gücünün və iradəsinin növbəti təntənəsidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, Azərbaycan dövləti beynəlxalq hüquq çərçivəsində antiterror əməliyyatlarını keçirməklə bölgədə əmin-amanlığın bərqərar olmasını təmin edir: “Dəfələrlə Azərbaycan dövləti delimitasiya və demarkasiya proseslərinin həyata keçirilməsi üçün təkliflər verib. Eyni zamanda reinteqrasiya prosesinin həyata keçirilməsi üçün sülhpərvər mövqe nümayiş etdirib. Lakin, hər dəfə Azərbaycanın sülh üçün uzanan əli geri çevrilib. Bütün bunlara baxmayaraq, antiterror əməliyyatlarını həyata keçirərkən Azərbaycan dövləti humanizm və insanpərvərlik mövqeyini sona qədər nümayiş etdirib, mülki əhaliyə bütün formalarda xəbərdarlıq edilmiş, onlara heç bir zərər verilməyəcəyi barədə məlumatlar çatdırılıb”.

Millət vəkili hesab edir ki, Azərbaycan keçirdiyi hərbi əməliyyatlarda nümayiş etdirdiyi mövqeyi ilə dünya hərb tarixinə adını qızıl hərflərlə yazdırdı:

“Azərbaycan dövləti öz haqq işini uğurla və ədalətlə həyata keçirdi. Vətən müharibəsində ölkəmizin qazandığı misilsiz qələbədən sonra antiterror əməliyyatları nəticəsində seperatçıların təslim olması Azərbaycan dövlətinin növbəti hərbi-siyasi qələbəsidir. Bu, beynəlxalq müstəvidə Azərbaycanın gücünün və qüdrətinin təzahürü olmaqla yanaşı, regionun Lider dövləti olduğunun sübutudur”.

Deputat Azərbaycan 44 günlük Vətən müharibəsində yeni bir reallıq yaratmaqla işğal faktını ortadan qaldırdığını bildirib: “Cənubi Qafqazda yeni reallıq yaranıb. Azərbaycan antiterror əməliyyatlarında qazandığı möhtəşəm uğur isə tamam fərqli bir reallıq formalaşdırdı. Bir daha göstərdi ki, Cənubi Qafqazda şərtləri diqtə edən tərəf Azərbaycandır və bundan sonra regionun inkişaf orientirlərini Azərbaycan müəyyən edir, gələcəkdə də bu belə olacaq. Yaranmış yeni reallıq qarşısında şübhəsiz ki, beynəlxalq münasibətlər sistemində də ölkəmizə qarşı zidd mövqedə dayan qüvvələrin də siyasətində korrektələr olacaq. Regionda sülhün və sabitliyin tam təmin olunması üçün müəyyən vaxt lazımdır. Burada da Azərbaycanın qətiyyətli mövqeyi və milli maraqlara, eləcə də beynəlxalq əməkdaşlıq prinsipinə əsaslanan siyasəti önəmli rol oynayır.

Tamam Cəfərova bir daha uğurlu antiterror əməliyyatı münasibətilə başda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqına təbriklərini çatdırıb: “Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə hələ çox zirvələri fəth edəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər