Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb
Onunla müsahibəni tədqim edirik:
- Fazil bəy, Rusiya-Ermənistan gərginliyi fonunda bölgədə fərqli bir situasiya yaşanır. Bunu bəzən 30 il öncə baş verənlərin geridönüşü hesab edirlər...
- Ermənistanla Rusiya arasında bu gərginlik gözlənilən idi. Çünki Ermənistanın apardığı siyasət evdəki hesabın çarşıya uymaması deməkdir. Çünki Ermənistan Rusiyanın tabeliyində istənilən ərköyünlüyü edir, həm də ona arxa çevirir. Təbii ki, Rusiya tərəfi də bunu heç vaxt məqbul hesab edə bilməz. Ona görə də, bu gərginlik hələ davam edəcək. Ermənistanın indiki hakimiyyətinin Rusiyaya qarşı atdığı addımları onlar xəyanət kimi qiymətləndirir. Bunun da yeri düşdükcə cavabını verməyə çalışırlar. Bu baxımdan gözlənilən bir proses gedir. Siyasəti daha səmimi və dürüst aparmaq lazımdır. Ermənistan bunu edə bilmədiyinə görə cəzasını ödəyir.
- Paşinyan hakimiyyətinin Rusiyadan üz çevirməsi Ermənistan daxilində hansı prosesləri sürətləndirəcək?
- Rusiya-Ermənistan gərginliyi Azərbaycanın Qarabağda apardığı antiterror tədbirləri dövründə daha qabarıq görünür. Bu, Ermənistanın daxilində də böyük bir çalxalanmaya gətirib çıxaracaq. Ermənistan iqtidarının buna duruş gətirib-gətirməyəcəyi bəlli deyil. Hətta bu təzyiqlərə duruş gətirməyə də bilər. Amma bu gözlənilən bir hal idi. Çünki orada revanşistlər daha çox Rusiyanın tabeçiliyində olanlardan ibarətdir. Onlar da heç bir halda Ermənistanın Qərbin təsiri altına düşməsində maraqlı deyillər. Ona görə də, bu müstəvidə hərəkətlənmə çox ciddi nəticələr doğura bilər. Ermənistan hökumətinin özü də artıq daxildə və xaricdə acınacaqlı vəziyyətdə qalıb. Çünki vaxtında qərar qəbul etməyəndə onun cəzası daha ağır şərtlərlə ödənilir.
- Proseslərin davamında Zəngəzur dəhlizi ilə bağlı atılacaq konkret addımlar nədən ibarət ola bilər?
- Ermənistanın baş naziri ilk növbədə Azərbaycan ərazisindən qanunsuz silahlı birləşmələrini çıxartmalı idi. Çünki Qarabağda olan separatçı rejimin müdafiə dəstələri adlansa da həqiqət başqadır. Onlar Ermənistana aid silahlı birləşmələrdir. Həmin silahlılar ərazidən mütləq çıxarılmalıdır. Bunun ardınca sülh sazşi ilə bağlı Azərbaycanın təkliflərini qəbul edib, Zəngəzur dəhlizinin açılması istiqamətində konkret addım atmalıdırlar. Çünki erməni tərəfi üçtərəfli razılaşma ilə üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Azərbaycan öz ərazisində suverenliyini bərpa edib, Ermənistanla sərhədləri dəqiqləşdirib, normal qonşuluq münasibətləri müstəvisinə keçə bilər. Zəngəzur dəhlizinin açılması fonunda bölgədə kommunikasiya xətlərinin bərpası mümkün olacaq.
- İran-Rusiya və İran-Ermənistan münasibətlərinin bölgəyə və prosesə təsirini necə xarakterizə etmək olar?
- Bu Azərbaycanın maraqlarına tamamilə uyğundur. Çünki Ermənistan hər zaman Rusiyanın himayədarlığında Azərbaycana təsir edib. Məhz Rusiya-Ermənistan münasibətləri pozulan kimi əslində erməni dövlətinin müqəvva, boşluqdan yarandığı məlum oldu. Hətta İranın da Ermənistana dəstək verməsi mollanın bir xəstəyə dua oxuması kimi bir şeydir. İndi bir fırıldaqçı İran mollası xəstə Ermənistana dua oxuyur. Sözsüz ki, o bununla sağalmayacaq. Ona görə də, Azərbaycanın bu məsələlərdə kiminsə münasibətlərinin pozulmasına deyil, özünün maraqlarına baxır. Təbi ki, bu cür gərginliyin olması Ermənistanın bir çoxları tərəfindən kənara itələnməsi ümumi işin faydasınadır. Azərbaycan öz hədəflərinə çatmaq üçün müəyyən dərəcədə kənar təsirlərin az olmasında maraqlıdır.
- Sizcə, atılan konkret addımlarla separatizmin kökü tamamilə kəsilirmi?
- Əslində bu prosesi Azərbaycan mərhələ-mərhələ aparır. Çünki birdən-birə mütləq maksimalist hədəflər qoymağın faydası olmur. Təbii ki, Azərbaycanın əsas hədəfi xunta rejimini devirmək idi. Amma bunun indiki və sonrakı mərhələdə olacağı məsələsi təbii gedişatdan asılıdır. İndiki mərhələdə bu müstəvidə irəliləyiş var. Bu müsbət uğurdur. Digər müstəvidə uğurlar əldə edilirsə, bu da mütləqdir. Əsas odur ki, erməni hərbi birləşmələri sıradan çıxarılıb, məhv edilib. Bundan sonra oradakı xunta rejimi də özlüyündən çökməyə məhkumdur. Ona görə də, bu proses davam edir. Bütövlükdə əsas hədəf Qarabağda separatizmin yox olması və burada Azərbaycanın suverenliyinin bərpasıdır. Bunun bir qismi 44 günlük savaşda, böyük bir qismi isə indi həll edilib. Bundan sonra cüzi nələrsə, qalacaqsa növbəti mərhələdə həll olunacaq.