22 Sentyabr 2023 21:57
3 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyadakı erməni lobbisi fəaliyyəti boyu anti-Azərbaycan və anti-Türkiyə təbliğatını qızışdırıb”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko deyib.

“BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasının nəticəsi Ermənistan və Fransanın birgə hərəkət edən diplomatiyasının fiaskosudur. Yekunda heç bir qətnamə və qərar qəbul edilmədi.

Eyni zamanda, Macarıstan Avropa Birliyinin Qarabağdakı vəziyyətlə bağlı erməni lobbiçilərinin təşəbbüsü ilə Azərbaycan əleyhinə bəyanatına veto qoyaraq, qəbul edilməsinə mane olub.

Bütün bunlar Azərbaycan Prezidenti Administrasiyasının, Xarici İşlər Nazirliyinin və Xarici Kəşfiyyat Xidmətinin səmərəli və əlaqələndirilmiş işindən, etibarlı kəşfiyyat qiymətləndirmələrinə və analitikaya əsaslanan aydın xarici siyasət planından xəbər verir”, - ekspert bildirib.

Korotçenko ölkəsindəki erməni lobbisinin Rusiya əleyhinə yönəlmiş fəaliyyətinə də diqqət çəkib:

“Gündəlikdə Rusiyadakı erməni lobbisinin Ermənistandakı vəziyyətin Rusiya üçün fəlakətli dərəcədə əlverişsiz inkişafına görə siyasi (təkcə buna görə yox) məsuliyyəti məsələsi var. Onlar Ermənistanda Rusiyanın maraqlarını təşviq etmək üçün ardıcıl və sistemli iş görmək əvəzinə, “Qarabağ klanı”nın maraqlarını təbliğ edib, Rusiyada anti-Azərbaycan və anti-Türkiyə təbliğatını qızışdırıb, nəhəng büdcələrdən yalnız öz şəxsi mənfəətləri üçün istifadə ediblər.

Nəticəsi budur ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yüksəlir; Paşinyan hələ də baş nazir kürsüsündə oturur, gündəmində də İrəvanın KTMT-dən çıxması, Moskva ilə müttəfiqlik münasibətlərinin kəsilməsi və Qərbin Rusiyanı Cənubi Qafqazdakı strateji mövqelərində sıxışdıraraq sürətlə bölgədə güclənməsi məsələsi var.

Erməni lobbiçilərindən kimsə buna görə cavab verəcəkmi? Deyəsən, yox”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər