Azərbaycan və Türkiyəyə qarşı düşmən münasibəti ilə tanınan amerikalı senator Bob Menendez qızıl külçə, avtomobil, külli miqdarda rüşvət almaqda ittiham olunur. ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) və Vergi Departamentinin müstəntiqləri Menendezin korrupsiya fəaliyyətini araşdırır. Onun erməni əsilli xanımı Nadina Arslanyan vasitəsilə bu əməlləri törətdiyi bildirilir. Bu, sözsüz ki, “aysberqin” görünən tərəfidir. Qızıl külçələr, nağd pullar, milyonlarla dollar ABŞ-ın milli maraqlarına ziddi olan davranışlar Senatın Xarici Əlaqələr Komitəsinin sədri tərəfindən edilirsə, bu, tamam başqa mətləblərin üstünü açır.
Bu sözləri Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
Onun fikrincə, Menendezin əməli Amerikanı şoka salıb:
“Bizim üçün bu təəccüblü olmadı. Prezident İlham Əliyev çıxışında erməni lobbisinin və onların maliyyəsi ilə işləyən qurumların sülh deyil, müharibə istədiklərini açıqlamışdı. Təbii ki, Menendez bu əməlləri tək icra etməyib. Sübutsuz kimsə ittiham edilmir. Açıq-aşkar şübhələr var. Hadisələr baş verməzdən öncə Menendez ABŞ Konqresinə Azərbaycana qarşı əsassız, faktiki ermənilər tərəfindən yazılmış qanun layihəsi təqdim etmişdi. Bu, Azərbaycana qarşı sanksiyaları nəzərdə tuturdu. Layihəni Menendez təqdim etsə də, onu imzalayan digər senatorlar da var. Bununla bağlı mənim tərəfimdən müraciət edilib. Müraciətdə bildirilib ki, korrupsioner Menendezin təqdim etdiyi “sənədi” imzalayırsınızsa, demək siz də həmin çirkabın içindəsiniz. Həmin senatorlar imzalarını geri götürməsələr, ABŞ Senatının imici zədələnəcək, korrupsiya və cinayət içərisində olacaq”.
Deputat hesab edir ki, insanlar arasında sülhü, ədaləti bərqərar etmək əvəzinə müharibə, nifrəti, kini yayırlarsa onlar ABŞ-ın maraqlarına zidd fəaliyyət göstərir:
“ABŞ-da seçki ilində çirkaba batmış siyasətçilər bütün vasitələrdən istifadə edirlər ki, seçicilərin rəğbətini qazansın. Erməni lobbisi də bundan səmərəli şəkildə istifadə edərək insanları şantaj edir və qorxudur, şirnikləşdirici addımlar atır. Bunun üçün mütəşəkkil şəkildə məktublar yazmağa başlayıblar. Qorxutmaqla öz tərəflərinə çəkmək istəyirlər”.
Səməd Seyidov ABŞ-ın seçilmiş, xalqı təmsil edən konqresmenlərin erməni lobbisindən çəkindiyini bildirib: “Ona görə də, bir çoxları Azərbaycanla bağlı sadəcə olaraq fikir söyləmir. Bir çoxları da müsbət danışsa erməni lobbisinə tuş gələcəyindən qorxur. Azərbaycan əleyhinə danışanlar isə erməni lobbisinə züy tutanlardır. Bəzi hallarda isə Menendez kimi korrupsiyaya bulaşırlar. Bu bəla tək ABŞ-da deyil Fransada, Rusiyada, Almaniyada, Avropa Birliyində də kök salıb”.