26 Sentyabr 2023 20:20
2 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ üzərində suverenliyin tam bərpa edilməsi ilə yeni bir geostrateji vəziyyət yaranıb. Bu mənada Azərbaycan və Ermənistanın qarşısında mühüm vəzifələr durur. Artıq Qarabağ üzərindən siyasi oyunların edilməsi planı arxada qaldı. İndi birbaşa dövlətlərarası münasibətlərə keçid imkanları var. Bu imkanları da hər iki tərəfin dəyərləndirməsi gözlənilir. Azərbaycan öz növbəsində çoxdan açıq müzakirəyə hazır idi. Ölkəmiz bilavasitə dövlətlərarası münasibətlər kontekstində məsələləri həll etməyə çalışırdı.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, Ermənistan isə bu günə kimi "Qarabağ kartı” üzərindən məsələləri mürəkkəbləşdirmək yolunu tutmuşdu:

“Erməni tərəfi bir sıra gücləri də bu prosesə qoşmağa çalışırdı. Amma bunların hamısı iflasa uğradı. Qarabağ Azərbaycanın nəzarətindədir. Burada gedən proseslər Azərbaycanın daxili işidir. Bu məsələ Ermənistanla danışıqların heç bir halda mövzusu ola bilməz”.

Partiya sədrinə görə, belə bir vəziyyətdə Azərbaycanla Ermənistan arasında ancaq sərhədlərin dəqiqləşməsi mövzusu gündəmə gələ bilir:

“Bununla da böyük sülh sazişinin imzalanması asanlaşır. Ermənistan özündə bir az cəsarət tapıb prosesi irəlilətmək üçün bəlli addımlar atsa, bu dəyişiklik özünü məsələlərin həllində göstərəcək. Ona görə də, bu kimi məsələlərdə hər hansı bir şəkildə vaxt uzatmağa ehtiyac yoxdur”.

Millət vəkili hesab edir ki, Ermənistan öz maraqlarını düşünsə, prosesin təcili yekunlaşmasına çalışar:

“Ona görə də, Azərbaycanla Ermənistan arasındakı növbəti danışıqlarda daha bir irəliləyişə nail olunacaq. Hər hansı bir kənar təsirin məsələyə münasibətindən asılı olmayaraq iki dövlətin razılığı daha önəmlidir. Burada razılıq olduqda heç kəsin prosesə müdaxilə etmək imkanı qalmır. Rusiya, İran, Fransa, Avropa Birliyi Azərbaycanla Ermənistan arasındakı razılıqdan sonrakı prosesdə yeni bir situasiya yaratmağa imkanları çatmayacaq. Buna maraq da göstərilməyəcək. Çünki bu açıq-aşkar bölgədə sülhün pozulması üçün atılan addımlar olacaq. Ona görə də, növbəti danışıqlardan ciddi nəticələr gözləmək mümkündür. Bununla da sülh sazişinə hazırlıq prosesi sürətlənərək, hətta bu ilin sonuna yekunlaşması mümkün olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər