28 Sentyabr 2023 15:37
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ separatçılarının özlərini buraxması və “qurumlar”ının fəaliyyətlərini dayandırması, Azərbaycan torpaqlarında 35 illik separatçı hərəkatın sonu deməkdir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Qarabağda separatçılığın tarixi daha uzundur, təxminən 200 il əvvəl bölgəyə köçürüldükdən sonra bizə hər zaman problem yaratdılar, qətliamlar törətdilər, müharibələr oldu, on minlərlə insan həlak oldu:

“Beləliklə 200 illik bəladan qurtulduq. Bu, xalqımızın və dövlətimizin ən böyük naliyyətlərindən biri sayıla bilər. Bundan sonra quruculuq işlərini sürətləndirə bilərik.

Ermənilərin Qarabağdan öz xoşları ilə getməsi iki ilin sonunu gözləmədən Rusiya hərbi kontingentinin bölgəni tərk etməsini sürətləndirəcək, qalmağın mənası yoxdur. Biz tək separatizm üzərində qələbə çalmadıq, erməni ideologiyasına, erməni lobbisinə və onlarla əlaqələri olan mərkəzlərə zərbə vurduq. Ermənilər arasında dərin fikir ayrılığı yaranıb.

Əldə etdiyimiz uğura baxmayaraq, meşələrdə gizlənmək istəyən separatçılar ola bilər. Əgər belələri olarsa, onları da məhv etməliyik. Qarabağda separatçı ocağın söndürülməsi Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalamaq imkanlarını artırır. Qarabağ Ermənistan üçün siyasi, iqtisadi və hərbi yük idi. Bu yükdən qurtuldular. Baş nazir Nikol Paşinyanın məntiqi varsa, ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalayar.

Doğrudur, bu halda erməni lobbisi və yerli radikallar ona mane olmağa çalışacaq. Ancaq Paşinyan hələ də cəmiyyətinin bir hissəsinin dəstəyinə malikdir. Bu dəstək onun devrilməsinin qarşısını alır. Bu, Paşinyana imkan verir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasətinə üstünlük versin”.

Elxan Şahinoğlu başqa bir önəmli məqama da diqqət çəkib:

“1987-ci ildən başlayaraq Qarabağda separatizm mövzusunda yazılar yazmağa başladım, bu, gəncliyimdən mənim əsas mövzum oldu, müxtəlif ölkələrdə onlarla konfransda iştirak etdim, bu mövzuda üç kitab yazdım. Ermənistanın keçmiş prezidentlərindən və siyasətçilərindən aldığım müsahibələr nəticəsində hələ 1990-cı illərin sonunda bu qənaətə gəldim ki, bunlarla danışığın perspektivi yoxdur, nəticə əldə etməyəcəyik, qarşılarında güc görməlidirlər. Həmin günü görmək mənə qismət oldu. Allah şəhidlərimizə rəhmət eləsin. Sizin qəhrəmanlığınız və Ali Baş Komandanın əmrləri sayəsində torpaqlarımıza qovuşduq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər