Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Nəhayət, Xankəndidəki qondarma rejim özünü buraxdı. Hadisələrin bundan sonrakı gedişatını necə proqnozlaşdırırsınız?
- Bu, olduqca önəmli məsələdir, Azərbaycanın da tələbi buydu. Keçirilən antiterror tədbirlərinin iki əsas səbəbi vardı: Ermənistan silahlı qüvvələrinin, o cümlədən bölgədəki qeyri-qanuni hərbi birləşmələrin təslim olması və qondarma qurumun özünü buraxması. Bunlar yoluna qoyuldu. Əlbəttə, müəyyən maneələr aşıldı, bundan sonra da Azərbaycanın qarşısında duran ciddi məsələlər var. Birincisi, reinteqrasiya prosesinin reallaşdırılmasının təmin edilməsidir. Yəni kənar mexanizmlər olmadan erməni sakinlərinin reinteqrasiyasını nəzərdə tuturam.
Bölgədəki qanunsuz birləşmələrin tam tərksilah edilməsindən sonra təhlükəsizliyin təmin edilməsi önəmli məsələdir. Çünki bölgədə 10 mindən çox silahlı olub, onların əllərindəki silahlar yığılmaqda davam edir. Bu da onu göstərir ki, onların əllərindəki silah və texnikaların bir qismi alınıb, hələ də yaraqlılar qalmaqdadır. Bu səbəbdən təhlükəsizlik tam təmin edilməlidir.
Digər istiqamət humanitar məsələlərdir. Bu da əsasən reinteqrasiya ilə bağlıdır. Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, vətəndaşlığımızı qəbul edənlər ən yaxşı formada təmin olunacaqlar.
Qarabağdan Ermənistana üz tutan insanlarla bağlı məsələyə diqqət çəkmək istəyirəm. Sanki kənardan kimlərsə bunu hansısa maraqları naminə təşkil etməyə çalışır ki, Azərbaycanı sonradan günahlandırsınlar. Bu oradan gedən insanların mediaya verdiyi açıqlamalardan görünür. Buna da diqqət yetirilməlidir. Nəzərə almaq lazımdır ki, Qərbdən Qarabağa “xüsusi missiya”nın göndərilməsi ilə bağlı çağırışlar artır.
Hazırda Ermənistana üz tutan insanların açıqlamalarından görürük ki, onların aralarında Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlər var. Yəqin ki, dinc əhalinin geri qaytarılması ilə bağlı proqramlar nəzərdə tutulub. Ortada heç nə olmazkən, Azərbaycanı “etnik təmizləmə”də ittiham etməyə çalışan qüvvələr var. Buna imkan verilməməlidir.
Başqa bir məsələ bölgəni tərk edən insanların sayı ilə bağlıdır. Erməni mənbələri Qarabağda yaşayan insanların sayı ilə bağlı rəqəmlər səsləndirirlər. Bir də keçmiş xunta rəhbəri Araik Arutyunyanın səsləndirdiyi rəqəm var. Eyni zamanda, Nikol Paşinyan ötən günlərdə Ermənistanda onlar üçün 40 min yerin hazırlandığını açıqlamışdı. Azərbaycanın xüsusi nümayəndəsi Elçin Əmirbəyov 50 rəqəmini səsləndirib. Ermənistan tərəfindən isə 60 mindən çox insanın Qarabağın tərk etdiyi bildirilir.
- Sizcə, ermənilər rəqəmləri niyə şişirdirlər?
- Məncə, iki səbəbdən. Birincisi, son illərdə səsləndirdikləri “120 min rəqəmi”ni bir formada beynəlxalq səviyyədə “leqal”laşdırmağa və bunun üzərində Azərbaycana qarşı təzyiq kampaniyası qurmağa çalışırlar. Amma biz bilirik ki, bu rəqəm real deyil. Real rəqəmi Azərbaycan tərəfi səsləndirib. Paşinyanın dediyi rəqəm də buna uyğundur. O, “40 min” demişdi, qalan 10 min də Ermənistan ordusunun hərbçiləri idi. Eyni rəqəmi Elçin Əmirbəyov da səsləndirmişdi.
İkincisi, bu “rəqəm” üzərində manipulyasiya edərək “qaçqınlara yardım” adıyla Qərbdən daha çox maliyyə qoparmaqdır. Bu da nəzərdən qaçırılmamalıdır.
Sosial-iqtisadi və infrastruktur məsələləri də var ki, Azərbaycan artıq bununla bağlı addımlar atıb, atır. Fövqəladə Hallar Nazirliyinin xüsusi briqadaları Xankəndi yaxınlığındakı yanğının söndürülməsinə fəal şəkildə müdaxilə etdilər, yanğın söndürüldü. FHN-in nümayəndələri hazırda ərazidədir. Azərbaycan prezidentinin sərəncamı ilə yaradılmış işçi qrupu var ki, baş nazirin müavini Şahin Mustafayev orada iştirak edir.
İşçi qrupunun qarşısında duran əsas vəzifə yerdəki məsələlərin həlli və bununla bağlı yol xəritəsinin hazırlanmasıdır. Yəni Azərbaycan bu məsələləri kompleks formada həll etməyə hazırdır və bu yöndə fəaliyyətə başlayıb.
- Hərbi cinayətkarların mühakiməsi məsələsi də var. Bu necə həllini tapacaq?
- Onların müəyyənləşdirilməsi və məhkəmə qarşısına çıxarılması çox vacib məqamdır. Ədalət təcəlli etməlidir. Azərbaycana qarşı hərbi cinayətlər törətmiş şəxslərin mühakiməsi keçirilməlidir.
Əlbəttə, Azərbaycan humanizm nümayiş etdirərək bildirdi ki, vaxtilə bu prosesdə iştirak etmiş, sonradan peşman olan və silahlarını təhvil verənlərə amnistiya şamil oluna bilər. Bütün bunlarla yanaşı, separatçıların liderləri olmuş müəyyən şəxslər var ki, onlara ciddi diqqət yetirilməlidir. Bu baxımdan, son bir ildə Qarabağda vəziyyəti gərginləşdirmək üçün bütün imkanlarınını səfərbər edən fırıldaqçı Ruben Vardanyanın həbsi olquca anmalı və önəmlidir. Onun şəhidlərimizin Anım Günündə saxlanılması da xüsusi bir məna daşıdı.
İkincisi, bununla göstərdik ki, Azərbaycana qarşı hərbi cinayətlər törətmiş, separtizmi dəstəkləmiş şəxslər ədalət məhkəməsinə çıxarılacaqlar. Vaxtilə özünü qondarma qurumun “xarici işlər naziri” elan edən, öz faşist düşüncələri ilə məşhur olan Davit Babayanın təslim olması da anmalıdır.
Hesab edirəm ki, bu yöndə kompleks tədbirlər davam etdirilməlidir.
- Azərbaycan və Ermənistan liderlərinin İspaniyada gözlənilən görüşü ilə bağlı müsbət gözlənti var, sülh müqaviləsi yönündə ciddi qərarların olacağı ehtimalı yüksək qiymətləndirilir. Siz necə düşünürsünüz?
- Açığı, bu görüşü əhəmiyyətli hesab edirəm, amma orada olduqca ciddi irəliləyişin olacağı ilə bağlı optimist deyiləm. Çünki bu görüşdə Azərbaycan, Ermənistan və Avropa Şurası liderləri ilə yanaşı daha iki şəxs – Fransa və Almaniya rəhbərləri iştirak edəcək. Fransa Prezidenti Makronun mövqeyi bəllidir. Bu adam son təxribatçı açıqlamasında Azərbaycanı “cinayətdə” ittiham etdi, Azərbaycanı Rusiya ilə “birgə hərəkət”də suçladı. Sanki dünyaya belə mesaj vermək istəyirlər ki, Azərbaycan guya Rusiyanın törətdiyi cinayətlərin “iştirakçı”sıdır. Bu qədər fitnəkar və yaramaz bir bəyanatın sahibinin iştirak etdiyi hansısa görüşdən müsbət heç nə gözləmirəm.
Təəssüf ki, Makronla yanaşı, Almaniya Kansleri Olaf Şolzun hökumətinin və partiyasının bəzi üzvlərinin Azərbaycana qarşı düşmən mövqeləri də suallar doğurur. Təsadüfi deyil ki, Almaniya xarici işlər naziri Berbok BMT Təhlükəsizlik Şurasının son iclasında Azərbaycana qarşı Fransadan daha radikal çıxış etdi. Təsəvvür edin, tarixi soyqırımı və hərbi cinayətlərlə dolu olan, iki dünya müharibəsinə və 100 milyondan çox insanın ölümünə səbəb olan bu iki dövlətin nümayəndələri bizi nədə ittiham edirlər?!
Bir sözlə, bu iki dövlətin rəhbərlərinin iştirak etdiyi görüşlə bağlı optimist deyiləm, hansısa ciddi irəliləyişin olacağını düşünmürəm. Bəlkə də Ermənistan hakimiyyəti istəyər ki, müəyyən nəticələr olsun. Amma həm Ermənistan daxilindəki siyasi vəziyyət, həm də Fransa və digər Qərb dövlətlərinin əngəllər yaratması prosesə mane ola bilir.
- Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana xəbərdarlıq edərək bildirdi ki, ABŞ-a arxalananların aqibəti yaxşı olmur. Sizcə, Kremlin bu təhdidi praktiki addımlarla müşayiət oluna bilərmi?
- Hələlik Rusiyanın Ermənistana təzyiq rıçaqları tükənməyib. Nəzərə almaq lazımdır ki, hələ də Ermənistan ərazisində Rusiyanın hərbi kontingenti və bazası var. Ermənistan sərhədləri Rusiya hərbçiləri tərəfindən qorunur, o cümlədən Kremlin ölkə iqtisadiyyatına ciddi nəzarəti mövcuddur.
Ümumiyyətlə, Ermənistan bir çox məsələlərə görə Rusiyadan asılıdır. Ermənistanda Rusiyaya bağlı olan kifayət qədər siyasi qüvvə var. Hərçənd həlledici gücə malik deyillər, amma bütün hallarda Rusiyanın Ermənistanın zəif damarına basması üçün yetərli imkanları mövcuddur.
Mümkün variantdır. Yəni münasibətlər gərginləşsə, Ermənistanda daha gərgin atmosfer görə bilərik. Ermənistan hazırda qlobal rəqabət məkanına çevrilib. Bu da Ermənistana uğurlu gələcək vəd etmir.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi ki, dəhliz Ermənistandan keçməsə, İrandan keçəcək. Bu durumda yenə də küncdə qalacaq Ermənistan bunu nəzərə alaraq, anlaşmaya gələ bilərmi?
- Əlbəttə, Ərdoğan dünyanın nüfuzlu liderlərindən biridir, dediyi sözlər, verdiyi mesajlar təsadüfi deyil. Görünən budur ki, bu məsələdə İranla bağlı müəyyən anlaşma var. Bilirsiniz ki, ötən il Antalyada Azərbaycan və İran xarici işlər nazirləri bu məsələ ilə bağlı bir memorandum imzaladılar. Bu memorandumda Zəngəzur dəhlizinə paralel olaraq, bir yolun çəkilməsi nəzərdə tutulurdu. Araz çayı üzərində həmin yolları birləşdirəcək körpünün təməli də atıldı.
Əslində, Azərbaycan bu variantı təklif etməklə, İrana da konstruktiv əməkdaşlıq imkanı yaratdı. Düşünürəm ki, bu variant işləsə, hamısının faydasına olar.
Əlbəttə, Ermənistan yenə də Fransa və digər Qərb dövlətlərinin diktəsi ilə Zəngəzur dəhlizinin açılmasında tərəddüdlərini davam etdirsə, itirən Ermənistan olacaq. Ermənistan yenə də avantürist davranışlarla özünü beynəlxalq layihələrdən kənarda saxlayacaq. Zəngəzur dəhlizinin açılması Ermənistanla yanaşı, digər regional ölkələr və bir çox regiondankənar dövlətin marağındadır. Ermənistan buradan daşınacaq milyonlarla ton yüklərdən tranzit gəlirləri əldə edə bilər.