“Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinə qısqanclıqla yanaşan qüvvələr indi də “etnik təmizləmə” terminini ortaya atıblar. Guya Qarabağdakı ermənilərə hər hansı bir formada təzyiqlər edilir və onlar da burada yaşamaq istəməyib Ermənistana üz tuturlar. Bütün sübutlar, görüntülər, hətta ermənilərin özlərinin etirafları bunun əksini göstərir. Azərbaycan mülki ermənilərin Qarabağda qalmasında maraqlıdır. Biz ilk gündən onlara müraciət etdik ki, burada qalmaq istəyənlər evlərini tərk etməsinlər. Amma onların əksəriyyəti Ermənistana getmək yolunu tutdular. Bu onların seçimi idi. Biz onların seçiminə hörmətlə yanaşdıq”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, BMT nümayəndələrinin Xankəndiyə dəvət edilməsi, qədim Azərbaycan şəhərinə ilk olaraq təcili yardım xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi işçilərinin, FHN qüvvələrinin göndərilməsi bizim humanistliyimizi göstərdi:
“Ermənilər də etiraf edirlər ki, onlara Azərbaycan tərəfindən “gedin” göstərişi verilməyib, heç bir təzyiq göstərilməyib. Ermənistan hakimiyyəti və Qarabağdakı separatçı rejim ermənilərə Qarabağdan çıxması üçün təzyiqlər göstəriblər. Sadə insanların taleyilə oynayan həmin qüvvələrin məqsədi Azərbaycana qarşı beynəlxalq təzyiqi gücləndirmək, hansısa sanksiyalara nail olmaqdır. Arzuları ürəklərində qalacaq. Ermənilərin Qarabağı tərk etməsini etnik təmizləmə kimi qələmə verilməsinin heç bir hüquqi əsası yoxdur. Əvvəla, qeyd etdiyim kimi, onlara tərəfimizdən heç bir təzyiq edilməyib. İkincisi, ən mühüm məqam isə onların Ermənistan vətəndaşları olmasıdır. Ermənilərin vətəndaşı olduqları Ermənistana üz tutması etnik təmizləmə sayıla bilməz. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xankəndi şəhərində fəaliyyətə başlayıb. Azərbaycan Konstitusiyası çərçivəsində yaşamaq istəyən erməni sakinlərin qeydiyyatı aparılır. İlkin məlumatlara görə, Qarabağda yaşamaq istəyən ermənilər bizim Nazirliyə müraciətlər ediblər ki, onlara vətəndaşlıq verilsin. Yaxın zamanlarda Qarabağda yaşamaq istəyən ermənilərin sayının daha da artacağını söyləmək olar. Zəngin Azərbaycan dövləti erməniləri kasıb Ermənistandan daha yaxşı şəraitlə təmin etmək gücündədir. Siz yeni azad olunmuş Ağdərə, Xocalı, Əskəran, Xocavən və Xankəndidən edilən video görüntülərə baxın. Bir dənə də olsun bina, ev, xəstəxana, məktəb zədə almayıb, dağıdılmayıb. Hər şey yerindədir. Amma 1992-1993-cü illərdə Ermənilər necə etmişdilər? İşğal etdikləri ərazilərdəki tikililərin hamısını yağmalamışdılar, oranı xarabalığa çevirmişdilər. Azərbaycan və Ermənistan dövlətlərinin fərqi budur. Bu mədəniyyət, dünya görüşü məsələsidir. Yəqin ki, bizi “zorakılıqda” ittiham edən qüvvələr 30 il əvvəlki və sonrakı görüntülərə baxıb müqayisəli təhlil aparmaq imkanına malikdir”.
Alıyev onu da qeyd edib ki, Xankəndidə olan BMT-nin rəsmi təmsilçisi, Azərbaycan tərəfindən ermənilərə qarşı beynəlxalq hüquq normalarına zidd davranış hallarının törədilməsini təsdiq edəcək faktların qeydə alınmadığını etiraf edib: “Azərbaycanın reinteqrasiya şərtləri etnik ermənilərə elan olunub. Beynəlxalq hüquq normalarına uyğun olan elementar şərtlər altında yaşamaq ermənilər üçün o qədər də çətin olmamalıdır. Onlar Gürcüstan, İran, Türkiyə, Rusiya və dünyanın bir sıra ölkələrində necə yaşayırlarsa, Azərbaycanda da o cür qalıb yaşaya bilərlər. Yaşamaq istəmirlərsə, biz onları burada zorla saxlaya bilmərik. 35 ilə yaxındır ki, Qarabağda “boz zona” yaradaraq var-dövlət yığan, korrupsiya ilə məşğul olan erməni “liderlər”, indi də saylarını bir neçə dəfə şişirdərək Ermənistana köçürdükləri erməniləri dünyaya “qaçqın” kimi təqdim edib beynəlxalq təşkilatlardan maliyyə yardımları qoparacaq və mənimsəyəcəklər. Sıravi erməniləri onları idarə edən bu zehniyyətin iyrənc əməllərindən nə qədər tez xəbər tutsalar o qədər yaxşıdır. Ermənistan dövlətini və separatçıları sadə insanların taleyi maraqlandırmır, onları öz cibləri düşündürür. Qarabağdan gedən ermənilər yenə də məkrli qüvvələrin ələtinə çevrilib və onlardan gəlir mənbəyi kimi istifadə olunur”.