2 Oktyabr 2023 21:36
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

1993-cü ilin oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində ulu öndər Heydər Əliyevin xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq prezident seçilməsindən 30 il ötür. Bu gün xalqımız 30 il öncə qurtuluş yolu olaraq edilən seçimin-Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin tarixi xoşbəxtliyini yaşayır. Zaman 3 oktyabr seçkilərinin tariximizdə yerini və böyük zirvələrə gedən yolun başlanğıcı olduğunu bir daha təsdiq etdi. Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu dövlət quruculuğunu zirvələrə daşımaqla bərabər, həm də bütövlükdə Azərbaycanın dövlətçilik tarixinin qələbə və şərəf salnaməsini yazdı. Bu gün Ümummilli Liderimizin arzusu olan ərazi bütövlüyümüz tam bərpa olunub. Təqvimin bu günü qələbə və şərəf salnaməsinin başlanğıc günü kimi tariximizə və qəlbimizə həmişəlik həkk olunub. Hər birimiz qüdrətli və güclü Azərbaycana görə 30 il öncəki xalqın seçiminə və bu seçimi tarixi uğura çevirən Ulu Öndər Heydər Əliyevə əbədi borcluyuq.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, 1993-cü ilin 3 oktyabr seçimi xalqın müstəqil Azərbaycanın gələcəyini müdrik rəhbərə həvalə etmək istəyinin təcəssümü idi: “Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir vaxtda hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyevin səyi nəticəsində ictimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edilib, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik yaradılıb. Bu barədə danışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur”.

Deputat bildirib ki, Prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərimiz Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, çoxlarına əfsanə kimi görünən qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb: “Andına və xalqına sadiq qalmış Ulu Öndər andiçmə mərasimindəki nitqində bu barədə deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın inkişaf etdirilməsi prinsipinə söykənir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır”, deyən Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir. Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkə iqtisadiyyatında tənəzzül prosesinin qarşısı alınıb, büdcə, vergi və pul-kredit siyasətində tarazlıq əldə olunub, inflyasiyanın səviyyəsi minimal həddə endirilib. Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. Ulu Öndərimizin 1969-cu ildən başladığı quruculuq xəttini 1993-cü ildən sonra davam etdirməsi hərtərəfli inkişaf edən, müasir, demokratik, regionda lider ölkəyə çevrilən Azərbaycan dövlətinin yaradılmasına səbəb olub”.

Millət vəkili vurğulayıb ki, Heydər Əliyev siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan yol kimi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Ulu öndər fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli həmrəyliyin təmin olunmasına, gücləndirilməsinə, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görüb, böyük tarixi nailiyyətlərə imza atıb. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. İllər bir-birini əvəz etdikcə Heydər Əliyev dühasının, onun gələcəyə ünvanlanmış işıqlı ideyalarının, dövlət quruculuğu və idarəetmə məharətinin əzəməti daha aydın görünür. Bu gün dünyanın siyasət aləmində Heydər Əliyev fenomeni öyrənilir və böyük siyasi məktəb kimi qəbul edilir. Xalqımızın müdrik oğlu dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi, ölkəmizi tənəzzül və vətəndaş müharibəsi təhlükəsindən azad edən böyük xilaskar, ölkəmizi beynəlxalq aləmdə ali nüfuz məqamına yetirən dahi şəxsiyyət kimi əbədiyaşarlıq qazanıb.

Heydər Əliyevin dövlətçilik irsi həm də Azərbaycan cəmiyyətinin vahidliyinin təmin olunmasını özündə ehtiva edir. Bu baxımdan Ulu Öndərin əsasını qoyduğu siyasi xəttin davam etdirilməsi zamanın tələbidir. Ötən illər ərzində keçirilən bütün seçkilər də bir daha təsdiqlədi ki, Azərbaycan xalqı Ümummilli Liderin siyasi kursuna sadiqdir və bu kursun dövlətçiliyin təhlükəsiz, sabit inkişafına imkan verən yeganə strateji seçim olduğunu tam mənada dərk edir. Prezident İlham Əliyev böyük uzaqgörənliklə Ulu Öndərin yolunu daim davam etdirəcəyini bildirərək deyib: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir... Bütün bunları etmək üçün Azərbaycanda çox iş görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər