30 il ərazində Ermənistanın işğalda saxladığı Azərbaycan ərazilərinə külli miqdarda silah-sursat daşınıb. İndi aşkarlanan silah-sursatın, hərbi texnikanın sayı bunu təsdiqləyir. Hazırda ərazidə axtarış və təmizləmə prosesi getdiyi üçün yeni silah anbarları, gizlin bunkerlər üzə çıxacaq. Amma demək olmaz ki, separatçılar silahların hamısını təhvil verib. Onlar imkan daxilində silah-sursatı gizlətməyə çalışacaq. Bunu özlərinin gələcək çirkin niyyətləri üçün məqsəd hesab edirlər.
Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, vaxtilə Xankəndi-Xəlfəli-Turşsu yolu ilə bu əraziyə silah-sursatın daşınması ilə bağlı məlumatlar yayılırdı:
“Məhz həmin silahlar indi üzə çıxır. Aşkarlanan silah yeşiklərinin üzərində 2021-2022-ci il qeyd edilib. Müxtəlif ölkələrə məxsus hərbi vasitələr aşkarlanır ki, onların istehsal tarixi bir-iki ili əhatə edir. Müharibən 2020-ci ilin noyabrında başa çatmasından, yəni üzərindən 3 il keçsə də ərazidən 2021-2022-ci ilə aid silah-sursat aşkarlanırsa, bu ciddi siqnallar deməkdir”.
Polkovnik hesab edir ki, ötən gün Xankəndidə Azərbaycan və rus sülhməramlıları patruluna qarşı snayper silahından açılan atəşlə bağlı da müəmmalar var:
“Bu fakt ciddi araşdırılmalıdır. Vaxtilə qanunsuz erməni silahlıları bizim mövqeləri atəşə tuturdu, sonradan sülhməramlılar bunun araşdırılacağını bildirirdi. Amma indiyə kimi bu araşdırma ilə bağlı ortada bir nəticə yoxdur”.
Hərbi ekspertin fikrincə, hərbi canilərin həbsi və yerlərinin aşkarlanması prosesi başa çatmaqdadır:
“Həmin hərbi canilər hazırda Qarabağda gizlənib. Onların İrəvana keçmək imkanları yoxdur. Çünki bu canilərin həbsi artıq qaçılmazdır. Separatçıların sonuncu rəhbəri olan Samvel Şahramanyan da İrəvana qayıtmayacaq. O Moskvadan gəlmişdi, elə ora da dönəcək. Şahramanyan Rusiya kəşfiyyat orqanlarının əməkdaşı olduğu üçün onun yeganə qayıdacaq yeri oradır”.