Vaxtilə ulu öndər Heydər Əliyev “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” ifadəsini işlətmişdi. Zaman keçdikcə biz uzaqgörən dövlət xadiminin Azərbaycanın gələcəyi barəsində düzgün proqnoz verdiyinin şahidi olduq. Azərbaycan bu gün bir çox sahələrdə uğurları ilə dünyanın diqqətini cəlb edir. Ölkəmizdə qeyri-neft sektoru uğurla inkişaf edir. Bununla yanaşı Azərbaycan beynəlxalq birlikdə fəal aktor kimi tanınır. Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi nüfuzlu məkan kimi dünya tərəfindən qəbul edilir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində çox ciddi addımlar atıldı: “Bu mənada erməni millətçilərini isə sıradan bir separatçı kimi qəbul etmək olmaz. Bunun arxasında xaricdə böyük dairələr, ölkələr durur. Bununla belə Azərbaycan təkbaşına imkanlarını ortaya qoyaraq əvvəlcə 2020-ci ildə, sonra bir günlük antiterror tədbirləri ilə separatizmə son qoydu. Artıq Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş, Gəncə şəhərini raketlə bombardman edib dinc sakinlərin ölümünə səbəb olmuş separatçı rejimin nümayəndələri tutularaq Bakıda gətirildi. Bu mənada Bakıda Azərbaycan Nürnberq Məhkəməsinin getməsi gözlənilən bir hadisədir”.
Millət vəkili hesab edir ki, bütün bunların hamısının kökündə Azərbaycan xalqının çox zəngin genetik kodları dayanır: “Xalqımızın tarixən çox güclü dövlətləri, zamanına görə diqqəti çəkən, xalqının mənafeyinə xidmət edən dövlət xadimləri, dünyanı zənginləşdirən ədəbiyyatı, incəsənəti ilə tanınır. Bu xalq bir zamanlar böyük imperiyaların arasında qaldığına görə, dövlətçiliyini itirdi. Amma xalqımız heç vaxt milli mənsubiyyətini, özünün gələcəyini düzgün qurmaq qətiyyətini itirmədi. Zaman-zaman tarixin səhnəsinə böyük şəxsiyyətlər çıxartdı. Bunların içərisində ulu öndər Heydər Əliyev təhlükəsizlik orqanlarında işləyərkən həmin orqanları cəmiyyəti cəzalandıran bir sistemdən, onu müdafiə edən bir quruma çevirməyə nail oldu. Onun sovet Azərbaycanında böyük xaliqələr yaratması keçmiş SSRİ-i rəhbərlərindən biri olması, müstəqilliyimiz bərpa edildikdən sonra güclü Azərbaycan dövlətinin bünövrəsini qurması bu gün dünya tarixşünaslığında çox ciddi analiz edilən məsələlərdən biridir”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin xalqın milli maraqlarını yüksək səviyyədə müdafiə etməsi, strategiyanı və taktikanı düzgün müəyyənləşdirməsi nəticəsində zaman-zaman Azərbaycana uğur gətirən addımlar atması da ölkəmizi qüdrətləndirdi və problemlərini bir-birinin ardınca həll etməyə imkan verdi: “Bu gün Azərbaycan ərazisinin və əhalisinin kiçik olmasına baxmayaraq dünya proseslərinə ciddi təsir edən bir ölkə kimi qəbul edilir. Azərbaycan milli maraqlarını beynəlxalq hüququn imkan verdiyi həddə qorumağı bacaran bir ölkə kimi tanınır”.