Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Qranadaya (İspaniya) getməkdən imtina etdi. Ankara və Bakının bu koordinasiyalı hərəkətini necə şərh etmək olar?
- Əslində, düzgün qərardır. Çünki belə bir tərkibdə yığışmağa ehtiyac yoxdur. Bir tərəfdə Azərbaycana qarşı məkrli siyasət aparan Makron, onun yanında Almaniya Kansleri Şolz, Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Paşinyan – bu, bizi qane edən tərkib deyildi.
Əlbəttə, Prezident Ərdoğanın masada olması balans yarada bilərdi. Bundan kənar format maraqlarımıza uyğun deyil. Heç olmasa, balans olmalıdır ki, biz orada iştirak edib, sözümüzü deyək.
Bizim kimlərinsə öyüd-nəsihətinə ehtiyacımız yoxdur, planımızda belə bir şeyin olduğunu düşünmürəm. Azərbaycan lazım gələndə öz sözünü deyir, tutarlı cavablarını lazım olan yerlərə çatdırır. Öz suverenliyimizi bərpa etdikdən sonra bizim Makronun vasitəçiliyinə ehtiyacımız yoxdur.
- Almaniya Kansleri Olaf Şolz Prezident İlham Əliyevə zəng etdi. O, telefon danışığında bölgə dövlətlərinin ərazi bütövlüyünə dəstəyini bildirdi. Necə düşünürsünüz, Almaniya Fransa amilini nümunə götürərək, mövqeyini yenidən nəzərdən keçirəcəkmi?
- Şolz Almaniyanın kansleri kimi kifayət qədər mötədil, balanslaşdırılmış siyasət aparır. Hələlik Makron kimi birtərəfli addımlar atmır. Düzdür, onun xarici işlər naziri Berbok BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı çıxış etmişdi, amma Şolzun özü kifayət qədər mötədil siyasətçidir. O, başa düşdü ki, balansın pozulması düzgün deyil və öz mövqeyini dövlət başçımıza izah etməyə çalışdı.
Bütün hallarda Şolzun bu zəngi göstərdi ki, Almaniya Fransa kimi riyakarlıqla məşğul olmur, məkrli mövqe tutmur.
- Azərbaycana qarşı düşmən mövqeyini gücləndirən Fransa Ermənistanı silahlandırmaq qərarına gəlib. Sizcə, Fransanın səyləri regionda hansı gəlişmələrə yol aça bilər, ümumiyyətlə, onun prosesi dəyişdirmək imkanları nə qədərdir?
- Əlbəttə, bir dövlətin kiminlə münasibət qurması öz işidir, biz buna qarışmırıq. Amma Fransa – BMT Təhlükəsizlik Şurasının üzvü olan bir dövlət ədalətsiz mövqe tutursa, Ermənistanı silahlandırırsa, demək, bu, bizə qarşı yönəlmiş addımdır.
Fransa hansı məqsədlə Ermənistana silah verir? Bəyəm, Azərbaycan Ermənistanın ərazisinə göz dikib? Belə deyil axı! Yaxud Ermənistan Azərbaycana qarşı yenidən müharibə aparacaq? Bu da absurd düşüncədir. Düşünürəm ki, Fransanın məqsədi regionda özünə yer etmək və mövqeyini möhkəmləndirməkdir. Fransa Afrika fiaskosundan sonra Cənubi Qafqazda özünə yer axtarır. Bu yer kimi də Ermənistan seçilib.
Fransanın Ermənistana yönəlik addımları Rusiyanı qıcıqlandırır. Çünki Rusiyanın orada hərbi bazası var. Ermənistan bir çox istiqamətlər üzrə Rusiyadan asılıdır. Düşünmürəm ki, Fransanın bu yoldakı planları rahat reallaşacaq. Belə addımlar Fransa-Rusiya münasibətlərinin daha da gərginləşməsinə gətirib çıxara bilər.
- İstanbulda Rusiya, Avropa Birliyi və ABŞ arasında Qarabağla əlaqədar görüş keçirilib. Sizcə, Ukraynaya görə Rusiya ilə düşmən mövqeyində olan Qərbi bu məsələ ilə əlaqədar bütün “prinsiplər”i tapdalayaraq, Moskva ilə görüşə getməyə hansı zərurət vadar etdi?
- Bu münasibət bizim üçün yeni deyil, ötən otuz il ərzində Qərbdən belə ikili münasibətləri çox görmüşük. Biz bunu çoxdan bilirik. İndi Avropa, ümumən Qərb Ukraynanı silahlandırır, bəllidir ki, bu addımlar Rusiyaya qarşı atılır. Amma Qərb Ukrayanın qarşısına şərt qoyur ki, Rusiya ərazisinə müdaxilə etməməlidir. ABŞ prezidenti bunu dəfələrlə dilə gətirib. Yəni Ukraynaya silahlar yalnız müdafiə üçün verilir.
Azərbaycana gəlincə, Qərb bizimlə bağlı məsələlərdə beynəlxalq hüquqi çox asanlıqla tapdalayır. Otuz il ərazimizi işğalda saxlayan Ermənistandan “qəhrəman” obrazı yaratmağa çalışırlar. Bizi – beynəlxalq hüquqa görə haqlı olan tərəfi təkləməyə çalışırlar. Amma Ukraynanı elə dəstəkləyirlər ki, sanki oradakı durum bizimki ilə eyni deyil.
- Tehrandan bir açıqlama verilib, bildirilib ki, Zəngəzur dəhlizi NATO-nun Cənubi Qafqazda mövcudluğu üçün əsas olacaq. İranın bu “məntiq”i haradandır, bunu necə NATO və ya Qərblə əlaqələndirirlər?
- İran çox qorxur ki, Zəngəzur dəhlizinin açılması onun Ermənistanla sərhədində maneə yaradacaq. Bu, reallığa əsaslanan mövqe deyil. İran anlayır ki, dəhliz açıldıqdan sonra bura digər dövlətlər də gələ bilər. Bu, sadəcə bir yol deyil, Zəngəzur dəhlizi bizi Türkiyə ilə birbaşa bağlayacaq, Avropaya birbaşa yol açılacaq. Yəni Zəngəzur genişmiqyaslı dəhlizə çevriləcək. Dəhliz Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək. Görünür, bütün bunlar İranı narahat edir. Buna görə də İran ən müxtəlif bəhanələrlə əngəllər yaratmağa çalışır.
- İran niyə Zəngəzur dəhlizini ancaq Azərbaycanla əlaqələndirir? Axı ayrı-ayrı dövlətlər, məsələn, Rusiya, Çin və Türkiyə də bununla bağlı maraqlarını açıq ifadə edib.
- Tehran qorxur ki, Zəngəzur dəhlizinin açılmasından sonra Qərb ölkələri regiona gələ bilər. İran zənn edir ki, Qərbdən olan qüvvələr bu dəhlizlə gələrək müəyyən niyyətlərlə regionda yerləşə bilər. İranın yuxusunu qaçıran amillərdən biri budur.
- İndi Zəngəzur dəhlizi Türkiyə, Rusiya, Fransa, Almaniya, ABŞ və digər Qərb dövlətlərinin gündəmində aktiv müzakirə olunur. Sizcə, bununla bağlı həlledici məqama yaxınlaşırıqmı? Yəni bütün bu müzakirələr və bu yöndə verilən mesajlar bundan xəbər verirmi?
- Məncə, yox. Bu məsələnin aktiv müzakirə olunması o demək deyil ki, bu, yaxın gələcəkdə həll ediləcək. Amma Azərbaycan bu dəhlizin açılmasında çox maraqlıdır. Eləcə də Türkiyə, Rusiya və bir sıra Avropa dövlətləri.
Zəngəzur dəhlizi ilə bağlı başqa bir məqam da var. 10 noyabr üçtərəfli bəyanatına görə, dəhlizi Rusiya sərhədçiləri qorumalıdır. Əlbəttə, Qərb bununla razılaşmaq istəmir. Rusiya da orada Avropa sərhədçilərini görmək istəmir. Demək, yeni problem yaranır. Belə problemlər bizi o qədər də maraqlandırmamalıdır. Çünki bizim məqsədimiz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı yolu açmaqdır. Mən əminəm ki, biz buna nail olacağıq.