7 Oktyabr 2023 09:17
1 495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin kənd təsərrüfatı naziri Hüseyn Çavuş Teleqraf.com-a eksklüziv müsahibə verib.

Onunla müsahibəni təqdim edirik:

- Hüseyn bəy, Türk Dövlətləri Təşkilatı (TDT) Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısına qatılmaq üçün Bakıya gəlmisiniz. Tədbirdə müzakirə edilən məsələlər barədə məlumat verə bilərsiniz?

- Azərbaycana səfərimiz Anım Günü ərəfəsində oldu. Əvvəla İkinci Qarabağ Müharibəsində həyatını itirmiş bütün şəhidlərimizi rəhmətlə yad edirəm. Vətən torpağı üçün mübarizənin əhəmiyyətini ən yaxşı bilən və yaşayan bir cəmiyyətin üzvü kimi apardığınız mübarizəni səmimi qəlbdən dəstəkləyirəm.

Qeyd etdiyiniz kimi Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin 2-ci toplantısı baş tutdu. Ölkələr arasında davam edən əlaqələri necə və hansı şəkildə daha da inkişaf edə biləcəyimizi müzakirə elədik. Eyni zamanda beş əsas mövzu ətrafında fikir mübadiləsi apardıq. İqlim dəyişikliyi mövzusu və ölkələrimiz arasındakı ticarət sahəsində yenidən əlaqələrimizin genişləndirmə imkanlarını nəzərdən keçirdik. Ölkənizin ərazisinin də yarı quraqlıq olduğunu bilirik, bu istiqamətdə təcrübələrimiz var. Təcrübələrimizi Türk Dövlətləri Təşkilatında bölüşdük.

Ən əsası üç ildən sonra ana vətən Türkiyədən gələn elektrik konteynerləri ilə yaşıl enerjiyə keçid olacaq. Dünyada yaşıl enerjini təmin və istifadə edən yeganə ölkə olacağıq. Bu iqlim dəyişikliyi bizim üçün böyük əhəmiyyət kəsb edir. Su da böyük əhəmiyyət kəsb edir. Keyfiyyətli suyu keyfiyyətli torpaqlarda bir araya gətirmək lazımdır. Bizim də "Əsrin layihəsi" dediyimiz Su Təchizatı layihəsi Türkiyədən 106 kilometr uzunluğunda xətlə dənizin 250 metr dərinliyindən 66,5 kilometrə çəkilmiş asma boru sistemi ilə ölkəmizə 75 milyon kubmetr su nəql edilib.

Bu gün ölkəmizdə hər evi Türkiyədən gələn içməli su ilə təmin edirik. "Əsrin layihəsi"nin 2-ci mərhələsi adlandırılan məişət suyunun təmizlənməsindən əldə edilən suyun torpağa çatdırılması layihəsi üzərində işlər sürətlənib. 35 min dekar sitrus bağının 18 min dekarına hazırda su verilir.

Yaxın zamanda isə ölkəmizin ən münbit torpağı olan Mesaryanı suvaracağımızı və buradakı həyata keçirəcəyəmiz əkinçilik sahəsi ilə Türk Dövlətləri Təşkilatına da böyük faydalar verə biləcəyimizi düşünürük. Bu istiqamətdəki təcrübələrimizi də Türk Dövlətləri Təşkilatında paylaşdıq.

Türk Dövlət Təşkilatı ölkələri ilə birlikdə toxum yetirdirilməsinin vacibliyini də vurğuladıq. Səfər zamanı ticarət sahəsində bir çox görüşlər təşkil etdik. Məhsuldar görüşlər oldu.

- Prezident İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçıları ilə görüşdə Şimali Kiprin nümayəndəsinin iştirakını, öz bayrağı ilə təmsil olunmasını xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaq. Azərbaycan Prezidentinin bu fikirlərinə ölkənizdə reaksiyalar necə oldu?

- Təbii ki, bayrağımızın Türk Dövlətləri Təşkilatında türkdilli ölkələr arasında bayrağımızın dalğalanması olduqca qürurvericidir. Cənab İlham Əliyevin dediyi fikirlər ölkəmizdə çox böyük məmnunluq yaratdı. Buradan cənab prezident İlham Əliyevə dövlətim adından təşəkkür etmək istəyirəm.

Bundan sonrakı müddətdə də bir çox işlərə imza atacağımızı inanıram. Biz millətimizlə Can Azərbaycanın yanındayıq. Hansı qərar verərsə, biz sorğu-sualsız Azərbaycanın yanındayıq və arxasındayıq!

- Cənab nazir, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovla təkbətək görüşünüz oldu. Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə Azərbaycan arasında nə kimi iş birliyi gözlənilir?

- Bu, həmkarımla ilk görüşümüz idi. Əməkdaşlıq perspektivləri, bundan sonrakı müddətdə ticarət sahəsində necə hərəkət edə biləcəyimizi və ən əsası Türk Dövlətləri Təşkilatında yer almaqla bərabər, buraya bizim də bir ölkə olaraq necə dəyər qatacağımız haqda müzakirələrimiz oldu.

Əlbəttə ki, qarşıdakı dövrdə bunun birgə şahidi olacağıq. Daha sıx işbirliyi quracağımıza inanıram, qardaş və türk dövləti kimi bir ailənin üzvüyük.

- Bir müddət əvvəl Bakıda keçirilən II Türk Dövlətləri Aqrobiznes Forumu çərçivəsində görüşlərdə türk dövlətləri ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığımızı daha da inkişaf etdirmək fikriniz olduğunu bildirdiniz. Hazırda hansı türk dövlətləri ilə əməkdaşlıq edirsiniz?

- Hazırda Ana Vətən Türkiyə ilə əməkdaşlığımız davam edir və bundan sonrakı müddətdə forumda da qeyd etdiyim kimi Türk Dövlətləri Təşkilatı çərçivəsində türk dövlətləri ilə əlaqələrimizi daha da irəli aparmaq istəyirik. Bu, bizim üçün böyük fürsət və qürurdur. Ona görə də buna çox ciddi əhəmiyyət veririk.

Məlumat mübadiləsi etməklə digər türk dövlətləri ilə ticarət sahəsində çalışan dostlarımıza imkan yaratmaq və bunu daha da inkişaf etdirmək niyyətindəyik.

- Azərbaycanın kənd təsərrüfatı türk iş adamlarını Qarabağ və Şərqi Zəngəzurda investisiya imkanları ilə yaxından tanış olmağa dəvət etdi. Bu çağırışı necə qarşıladınız?

- Təbii ki, bu çağırışı alqışlayıram. Ora da bizim vətənimizdir! Bizim də əlimizdən gələn nə varsa, etməyə hazırıq. Azərbaycanda da iş adamlarımız var. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzurda əlimizdən gələni edəcəyik.


Müəllif: Nərgiz Cavadzadə, Foto: Elnur Muxtar, Rəqsanə Həsənova

Oxşar xəbərlər