6 Oktyabr 2023 16:28
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin üçüncü sammiti nəticəsiz başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Politico” qəzeti yazır.

Nəşr qeyd edir ki, ilkin gözləntilərə baxmayaraq, “böyük görüş” uğursuzluqla nəticələnib.

“50 Avropa liderinin, onlarla köməkçisinin və media nümayəndələrinin iştirak etdiyi sammit nəticəsiz başa çatdı, toplaşanlar Avropanın astanasındakı münaqişələrin həlli və ya hər hansı digər regional problemlərlə bağlı ciddi irəliləyiş əldə edə bilməyiblər”, - məqalədə deyilir.

“Politico” bildirir ki, sammit çərçivəsində onlarla ikitərəfli görüşlər baş tutub, amma əsas aktorların olmaması səbəbindən bu, Serbiya ilə Kosovo və ya Ermənistanla Azərbaycan arasında münasibətlərdə gərginliyin azaldılmasına təkan ola bilməyib.

ABŞ nəşri əlavə edir ki, sonda İspaniya tərəfi əsas mətbuat konfransını lazımsız hesab etdiyi üçün ondan imtina edib.

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Birliyi (Aİ), Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu Qranadaya getməkdən imtina edib. Buna səbəb Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirakı ilə bağlı fikir ayrılığıdır. Belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da sammitə qatılmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər