6 Oktyabr 2023 18:35
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan vətəndaşlığını qəbul edəcək şəxslərin bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq".

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 6-da ölkəmizdə rəsmi səfərdə olan Serbiyanın Milli Assambleyasının sədri Vladimir Orliçlə görüşərkən deyib..

Əvvəlcə, Milli Assambleyanın sədrinin Milli Məclisin plenar iclas zalında salamlama mərasimi olub. Milli Məclisin deputatları qonağı alqışlayıblar.

Sonra parlament spikerləri arasında görüş keçirilib.

Milli Məclisin sədri Sahibə Qafarova qonağı Azərbaycan parlamentində salamlayaraq, Vladimir Orliçin ölkəmizə ikinci dəfə səfər etdiyini qeyd edib, bunun ölkələrimiz arasında dostluq münasibətlərinin səviyyəsinin göstəricisi və əlaqələri bütün sahələrdə inkişaf etdirməyə hazır olmağımızın təzahürü kimi dəyərləndirib. Sahibə Qafarova Milli Assambleya sədrinin Milli Məclisin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakı çərçivəsində Azərbaycana, həmçinin, özünün bu ilin mayında Serbiyaya rəsmi səfəri və bu səfərlər çərçivəsində aparılan müzakirələri məmnunluqla xatırladıb.

Görüşdə qeyd olunub ki, Azərbaycan və Serbiya dost və strateji tərəfdaş ölkələrdir. Prezident İlham Əliyevin dediyi kimi, Serbiya Azərbaycanın Avropada ən yaxın dostlarından biridir. Ölkə prezidentləri arasındakı dostluq münasibətləri əlaqələrimizin daha da genişlənməsində mühüm rol oynayır. Qeyd edilib ki, ikitərəfli münasibətlərin dərinləşməsində yüksək səviyyəli səfərlər, görüşlər böyük önəmə malikdir.

Görüşdə tərəflər beynəlxalq təşkilatlarda, xüsusilə də suverenlik və ərazi bütövlüyü məsələlərində ölkələrimiz arasında tərəfdaşlığın və həmrəyliyin mövcud olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri Sahibə Qafarova görüşdə regionda mövcud olan vəziyyət barədə geniş məlumat verib. O diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərdən sonra ötən üç ildə Ermənistan ölkəmizin suverenliyini və ərazi bütövlüyünü pozmaq üçün bütün vasitələrdən, o cümlədən hərbi-siyasi təxribatlar, ərazilərin minalanması, Azərbaycan ərazilərində separatizmin dəstəklənməsi kimi vasitələrdən istifadə edib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın 10 minlik silahlı qüvvələrinin, qanunsuz rejimin mövcudluğu və davamlı hərbi təxribatlar cari ilin sentyabrın 19-da Azərbaycanı lokal antiterror tədbirləri görməyə məcbur edib. Bu tədbirlər yalnız qeyri-qanuni hərbi birləşmələri və hərbi infrastrukturu hədəfə almış, mülki əhaliyə və obyektlərə hücum edilməmişdir. Spiker, bununla bağlı iddiaların əsassız olduğunu qeyd edib. Onun sözlərinə görə, terrorla mübarizə tədbirləri 24 saatdan az müddətdə öz məqsədlərinə çatıb. Nəticədə Ermənistanın silahlı qüvvələri ərazilərimizdən çıxarılır, separatçı rejimin qanunsuz strukturları ləğv olunub və Azərbaycan öz suverenliyini bərpa edib.

Milli Məclisin sədri deyib ki, artıq Qarabağ bölgəsinin etnik ermənilərinin reinteqrasiya prosesinin həyata keçirilməsinə başlanılıb. Qısa müddət ərzində Azərbaycan hökumətinin xüsusi nümayəndəsinin erməni sakinlərinin nümayəndələri ilə üç görüşü keçirilib və onlara atılacaq əməli addımlarla bağlı planlar təqdim olunub. Spiker Qarabağın erməni sakinlərinə humanitar yardımların göndərildiyini, onlara miqrasiya və sosial müdafiə sahəsində yerlərdə xidmətlər göstərildiyini, müvafiq qeydiyyat proseslərinə başlanıldığını bildirib və əlavə edib ki, Azərbaycan vətəndaşlığını qəbul edəcək şəxslərin bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq.

Görüşdə iqtisadi əlaqələrin daha da dərinləşməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işlərində Serbiya şirkətlərinin iştirak etmək istəyi diqqətə çatdırılıb.

Görüşdə humanitar sahədə əməkdaşlıq məsələlərinə də toxunularaq, qeyd olunub ki, Azərbaycan və Serbiya xalqları arasında dostluq dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm əsasdır. Şuşa şəhəri ilə Serbiyanın Novi Pazar şəhərinin qardaşlaşması bu baxımdan yüksək qiymətləndirilib.

Söhbətdə qeyd edilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində imzalanan Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu iki ölkənin parlamentləri arasında münasibətlərin daha da genişlənməsinə xidmət edir.

Serbiya Milli Assambleyasının sədri göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, dost Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu dilə gətirib. O, ölkələrimiz arasında mövcud olan sıx əlaqələrin dinamik inkişafından razılığını ifadə edərək, iki ölkənin dövlət başçıları arasında münasibətlərin əlaqələrin inkişafında mühüm əhəmiyyətini qeyd edib.

Serbiyanın spikeri Azərbaycana onun ölkəsinin ərazi bütövlüyünə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edərək, Serbiyanın da hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb.

Vladimir Orliç Qarabağda mövcud olan vəziyyətə dair faktlarla yaxından tanış olduqlarını qeyd edərək, əminliklə bildirib ki, Azərbaycan Qarabağda yaşayan erməni əsilli şəxslər üçün ən yaxşı şəraiti yaradacaq. O, vurğulayıb ki, hazırda dünyada mövcud olan ikili standartlar yalan məlumatların yayılmasına gətirib çıxarır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər