"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zaur müəllim, Qranada sammitində Azərbaycan iştirakdan imtina etsə də, Ermənistanın baş naziri ölkəmizin ərazi bütövlüyü bağlı bəyanata imza atdı. Paşinyan tərəfindən bir daha Azərbaycan ərazisinin konkret rəqəmlərlə ifadə edilməsi nə kimi mesajlar ötürür?
- Paşinyanın Qranadada Azərbaycan ərazisini konkret faktlarla göstərməsi anklavlar məsələsinin də həlli deməkdir. Söhbət Azərbaycanın Ermənistan tərəfindən hələ də işğalda saxlanılan 8 kəndindən (Qazağın 7-i, Naxçıvanın Kərki kəndi) gedir. Çünki bu kəndlər də 86,6 min kv km-lik əraziyə daxildir. Bu məsələdə Azərbaycanla Ermənistan arasında danışıqlar olacaq. Dünya praktikasında bu məsələlər iki istiqamətdə həllini tapır. Ya hər kəsin anklavı öz ərazisində qalır və ərazi dəyişdirilməsi baş vermir. İkinci variantda isə ərazilər geri qaytarılır. Hər halda bu istiqamətdə ciddi bir problemin olacağı gözlənilmir. Azərbaycanın istəkləri yerinə yetiriləcək.
- Emmanuel Makron və Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü konkret rəqəmlərə tanıması olduqca maraqlı məqamdır. Sizcə, onları bu faktı etiraf etməyə nə vadar edib?
- Bir il öncə baş tutan Praqa görüşündə də məhz Makron Azərbaycan ərazisinin konkret rəqəmlərlə Almatı sazişinə istinad edilməsini istəmişdi. Nə qədər qəribə də olsa, Fransa prezidenti iki ölkənin ərazisinin konkret rəqəmlərlə bəyan edilməsində maraqlı olub. Bununla bağlı görünür ki, onun öz planları var. Amma bu proses ümumilikdə Azərbaycanın qalibiyyəti Ermənistanın məğlubiyyəti ilə nəticələndi.
- Avropanı Cənubi Qafqazla bağlı narahat edən digər məqam nədən ibarətdir?
- Fakt odur ki, Avropa Zəngəzurun itirilməsindən qorxur. Onları həmin bölgənin Azərbaycanın nəzarətinə qayıtmasından narahatdır. Cənubi Qafqazın gələcəyi ilə bağlı Qərbdə müəyyən baxışlar var. Almaniya və Fransa telekanallarında Zəngəzur vasitəsi ilə Azərbaycanın Naxçıvanla kommunikasiya xəttinin olub-olmayacağı məsələsi gündəmə gətirilir. Həmçinin Azərbaycanın güc yolu ilə bunu həll etmək istəyinin mümkünlüyü və mümkünsüzlüyü haqqında mülahizələr irəli sürülür.
- Prezident İlham Əliyevin Tiflisə səfəri zamanı İrəvana sülhlə bağlı verilən mesaj var. Bu platformada sülh prosesinin irəliləməsi ehtimallarını necə dəyərləndirmək olar?
- Sülhlə bağlı Azərbaycan danışıqlara hər zaman hazır olub. Azərbaycanın əsas istəyi ondan ibarətdir ki, kimsə danışıqlarda diqtə edən tərəf olmasın. Qranada səfərindən imtina da məhz bununla bağlı idi. Rəsmi Bakı bu müstəvidə nə kimi yanaşmaların olacağını bilirdi. Burada Fransa və Almaniyanın hiylələri ilə bağlı müxtəlif yanaşmalar gözlənilirdi. Çünki Avropa Parlamenti Azərbaycana qarşı qərəzli sanksiya qəbulu üçün Avropa İttifaqına müraciət edəcəkdisə bundan sonra həmin qərarlardan ölkəmizə təzyiq vasitəsi kimi istifadə olunacaqdı. Belə olan halda həmin ölkələr Azərbaycana sanksiya və yaxud istəklərini həll etmək dilleması ilə çıxış edəcəkdilər. Ona görə də, Bakı bu görüşlərdən imtina etdi. Proseslərin gedişi göstərdi ki, Bakı bununla çox böyük üstünlüklər əldə etdi.
- Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında telefon danışığı baş tutub. Bir çox məsələlər müzakirə edilib...
- Bu danışığın stenoqrammasına nəzər yetirdikdə burada Azərbaycan növbəti dəfə öz konkret mövqeyini ortaya qoyduğu görünür. Bir müddət öncə Azərbaycan tərəfi Şarl Mişelin bu istiqamətdəki fəaliyyətini təqdir edirdi. Amma son zamanlar Şarl Mişelin və Almaniyanın mövqeyində Fransa ilə yaxınlaşma müşahidə edildi. Makronun təsirləri nəticəsində Almaniyanın ənənəvi balanslı mövqeyindən daha çox erməniləri müdafiə etməsi faktı önə çıxdı. Eyni zamanda Şarl Mişelin son bəyanatları etnik hüquqlar və digər məsələlərlə bağlı mövqeyi sözsüz ki, Azərbaycanı narahat edən məqamlardan idi. Əgər Avropa İttifaqı danışıqlarda öz rolunu itirmək istəmirsə o zaman məsələyə ərazi bütövlüyü kontekstindən yanaşmalıdır.
- Burada başlıca problem nədən ibarətdir?
- Əgər söhbət ermənilərdən gedirsə, onlara qarşı heç bir etnik təmizləmə aparılmayıb. Ermənilər könüllü şəkildə geri qayıdıb, təhlükəsiz şəraitdə yaşaya bilər. Sadəcə olaraq Qərb burada ikili oyun oynayır. Onlar Rusiyanın bölgədən çıxarılmasını istəyir. Digər tərəfdən isə ermənilərin qayıdışı ilə bağlı çıxışlar edir. Ermənistana öz hərbi qüvvələrini gətirmək istəyən Qərb digər yandan Azərbaycanla bağlı gilzin şəkildə danışıqlar aparır. Azərbaycan məsələsində Qərb rusiyanı öz yanına çəkmək istəyir. Bu kimi oyunlar açıq şəkildə görünür. Ona görə də, Azərbaycan vacib xarici siyasət xətti yürüdür. Nəticədə isə Qərb Cənubi Qafqazda Rusiyaya uduzur.