Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı Ermənistan və İrana mesaj verdi. Ərdoğan bildirdi ki, dəhliz açılacağı təqdirdə Türkiyə Ermənistanla əlaqələri inkişaf etdirməyə hazırdır. İranı isə bu tarixi layihəyə qoşulmağa çağırdı. Türkiyə liderinin mesajını necə şərh etmək olar?
- Türkiyə prezidenti dolayı yolla İrəvana çatdırmaq istəyir ki, Ermənistanın subyekt olmasını və gələcək inkişafının önünü açmaq istəyirsə, bu, Qərbdən gələn dağıdıcı ünsürlərlə yox, regional platformalarla mümkündür. Bu, həm də onun mesajıdır ki, Ermənistan yenə də beynəlxalq layihələrdən və yeni kommunikasiya xətlərindən kənarda qalmaq istəmirsə, Zəngəzur dəhlizinin açılmasına şərait yaratmalıdır. Yəni bununla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir.
Bu, Ermənistan-Türkiyə münasibətlərinin önünü açacaq amil də olacaq. Verilən mesaj bəsit və açıqdır. Çünki Ermənistan tam fərqli müstəvidə hərəkət edir. Bir tərəfdə Ermənistanın subyekt olmağa çalışdığını bəyan edən Nikol Paşinyan digər yanda qucaqdan qucağa atılaraq, vassal olduğunu göstərir.
Fransalı hərbçilərin təlim adı altında Ermənistana gəldiyini görürük. Düşünürəm ki, fransalı hərbçilər təlimdən sonra da Ermənistanda qalacaqlar. Gələcəkdə onların sayının artırılacağını da düşünmək olar. Əgər Ərdoğanın mesajının alt qatında nələrin durduğunu bilmək istəyiriksə, bu məqamları nəzərə almalıyıq. Yəni Ermənistan inkişaf etmək istəyirsə, region ölkələri ilə normal münasibətlərdə olmalıdır. Bunun alternativi yoxdur.
Region ölkələri ilə düşmən münasibətlərdə olub, minlərlə kilometr uzaqdan ABŞ və Fransanı bura gətirmək Ermənistanın təhlükəsizliyini təmin etməyəcək. Verilən mesaj budur.
İrana verilən mesajın mahiyyət isə budur ki, Azərbaycan və Türkiyə qarşı düşmənçiliyə son qoyub, regional əməkdaşlığa yol açsın. Həm də türk düşmənçiliyini tamamilə buraxsın. Bu, İrana müsbət heç nə vəd etmir.
Qatar gedir. Mesajın anlamı budur ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı qərar gecikərsə, Ermənistan işə düşəcək alternativ xətlərdən kənarda qalacaq. İran və Ermənistana mesaj aydındır: düşmənçiliyi buraxın, bölgənin inkişafı üçün regional əməkdaşlığa gəlin. Ayırıcı amillər regiona müsbət heç nə gətirməyəcək. Fikir verin ki, bütün dağıdıcı ünsürlər öz geosiyasi maraqlarını regionun ən zəif bəndi olan Ermənistan üzərindən reallaşdırmağa çalışırlar.
- Bəs Ermənistan sülhə nə qədər yaxındır? Həm Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir və bunu ehtiva edən sənədə imza atır, həm də Fransa ilə hərbi əməkdaşlığı dərinləşdirir.
- Ermənistanın təqdimatı belədir ki, Fransa ilə hərbi əməkdaşlıq onun təhlükəsizliyi üçündür. Rusiyanın orbitindən uzaqlaşmağa çalışan Ermənistan başqa bir təhlükəsizlik sisteminə girməyə cəhd göstərir. Bunu həm də Rusiyadan gələ biləcək təhlükələr üçün etməyə çalışır.
Amma məsələ budur ki, sən təhlükəsizliyini özün təmin edə bilmirsənsə və bunu tamamilə başqa birinin öhdəliyinə verirsənsə, sən o dövlətlə bərabərhüquqlu ola bilməzsən. Bu, həmin ölkənin vassalı olmaq deməkdir. Yəni Ermənistan Rusiyanın orbitindən çıxmaqla subyekt olmur, Fransanın müstəmləkəsinə çevrilir.
Fransanın etdikləri də erməni sevgisindən gəlmir. Fransa Afrikada itirdiklərini Ermənistan vasitəsilə Cənubi Qafqazda kompensasiya etməyə çalışır. Fransanın niyyəti təkcə Ermənistan yox, bütün Cənubi Qafqazı təsir dairəsinə salmaqdır. Ermənistana hərbi cəhətdən yerləşmək səyləri də bu xarakterdədir.
Fransa Rusiyanı tədricən sıxışdırmaqla regionda varlığını təmin etmək istəyir. Amma Ermənistan anlamır ki, onun gələcək inkişafı və təhlükəsizliyi region ölkələri ilə əməkdaşlıqdan keçir. Fransa, Amerika və digər kənar ölkələrlə müttəfiqlik və əməkdaşlıq etmək olar, amma bunu region ölkələrinin əleyhinə yönəltmək yaxşı heç nə vəd etmir. Bunun Ermənistana bir xeyri olmayacaq. Bundan başqa məqsəd üçün istifadə etsən, səni boğarlar. Ermənistanın etdiyi budur. Ona görə, bunun Ermənistan üçün perspektivini görmürəm.
- Rusiyanı regiondan sıxışdırıb çıxarmaq Fransa üçün asandırmı?
- Rusiyanın Ermənistandan çıxarılmasından danışmaq hələ tezdir. Rusiya Ermənistan və Cənubi Qafqazdan çıxmağa hazırlaşmır. Hətta Qarabağdan belə çıxmaq istəmirlər. Hələlik iddialı bir Rusiya görürük. Bu baxımdan, Ermənistanın qurduğu siyasətin perspektivini görmürəm.
Ermənistanın vassalı olmağa razılıq verdiyi Fransa sülh istəyirmi, istəyirsə, hansı şərtlərlə? Fransa sülhü öz geosiyasi ambisiyaları çərçivəsində istəyir. Bu da Azərbaycan, Türkiyə və digər bölgə dövlətləri üşün qəbuledilməzdir. Qarandada verilən bəyanata baxın, Azərbaycanın maraqlarına daban-dabana ziddir. Sülh müqaviləsi ilə bağlı Azərbaycanın iştirak etmədiyi bir çərçivə təqdim etməyə çalışırlar. Azərbaycan belə bir “sülh”ə gedərmi? Ermənistan nə qədər boğazdan yuxarı tonla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, hələlik sülh müqaviləsinin perspektivini görmürəm.
Hələ də ciddi problemlər var. Bu problemlərin həlli ABŞ, Avropa Birliyi və Fransa ilə yox, bölgə ölkələri ilə əməkdaşlıqdan keçir. Rəcəb Tayyib Ərdoğanın bununla bağlı dördtərəfli format təklifi var. Ya Ermənistan regional formatlardan imtina edib özünü oyundanlənar vəziyyətə salmalıdır, ya da Azərbaycan, Türkiyə və Rusiyanın təkliflərinə müsbət cavab verib regional formatda əməkdaşlığa başlamalıdır.
- Rusiyanın Qarabağda qalmaq səylərinə diqqət çəkdiniz, sizcə, bunu hansı “əsas”la etmək istəyir? Çünki vəziyyət yerbəyer olub, Azərbaycan bu ərazisində separatizmin kökünü kəsib. Qaluzin – Lavrovun müavini isə deyir ki, sülhməramlılara uzun müddət ehtiyac var.
- Qalmaq üçün heç bir əsas yoxdur. Bu, Rusiyanın növbəti hədsiz açıqlamasıdır. Bunun davamı xarici işlər naziri Lavrov səviyyəsində gəldi. Rusiya hərbi kontingentinin sülhməramlı missiya statusu yoxdur. Bunu kim deyirsə, yalan danışır. Rusiyaya belə bir mandatı nə Azərbaycan, nə də beynəlxalq müstəvidə kimsə verib. Bu, 10 noyabr bəyanatı çərçivəsində atəşkəsə nəzarət edən bir hərbi kontingent idi. Məsələ və mahiyyət budur. Bu gün atəşkəsi təmin etmək üçün atəşkəsi pozanlar olmalıdır. Bu gün belə bir şey mövcud deyil. Çünki Azərbaycan antiterror tədbirləri ilə qanunsuz silahlı birləşmələri ləğv etdi, silah-sursatını alıb ərazisindən çıxardı.
Rusiya bu gün atəşkəsi kimlər arasında təmin etməlidir? Moskvanın bu suala cavabı varmı? Əgər bu yoxdursa, Rusiya niyə Qarabağda qalmalıdır? Azərbaycan ərazisinin təhlükəsizliyi məsələsi Rusiyaya aid deyil. Rusiya qoşunlarını yola salmağın vaxtı çatıb.