Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 10-da Rumıniya Parlamenti Senatının sədri Nikolae Çuka ilə görüşüb.
Bu barədə Teleqraf.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Nikolae Çuka bu səfərin iki ölkə, o cümlədən parlamentlərimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib, Azərbaycanla Rumıniya arasında bir çox sahələrdə, o cümlədən, enerji, nəqliyyat, səhiyyə, təhsil sahələrində əməkdaşlığın daha da inkişafı üçün böyük potensial olduğunu bildirib. O deyib ki, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində beynəlxalq ictimaiyyəti nə qədər dəstəklədiyi göz qabağındadır.
Sahibə Qafarova Azərbaycan Milli Məclisinin sədri kimi Rumıniyaya ilk rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyəti qeyd olunub.
Milli Məclisin sədri Vətən müharibəsindən sonra regionda yeni yaranmış vəziyyət, Azərbaycanın antiterror tədbirləri nəticəsində 1 gün ərzində ərazi bütövlüyünü bərpa etməsi barədə məlumat verib. Spiker həmçinin, Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu xatırladıb. Milli Məclisin sədri Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü davamlı dəstəklədiyinə görə Rumıniya tərəfinə təşəkkür edib.
Görüşdə həmçinin, Azərbaycanın lokal antiterror tədbirləri, onun nəticələri, Qarabağın erməni əsilli sakinlərinin reinteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə də danışılıb.
Nikolae Çuka ölkəsinin Azərbaycanın hər zaman ərazi bütövlüyünü tanıdığını, sülh planını dəstəklədiyini bir daha bəyan edib, ərazilərin minalanmasının dəhşətli nəticələrə gətirib çıxardığını deyib, danışıqlar nəticəsində tezliklə sülh sazişinin imzalanacağına ümidvar olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.