Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.
Teleqraf.com xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin gündəliyindəki məsələlərin çox geniş olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından keçən dövr ərzində ikitərəfli münasibətlərimizin həqiqətən müttəfiqlik xarakteri daşıdığını nümayiş etdirdiyini dedi və bunun bütün sahələrdə özünü göstərdiyini vurğuladı.
Azərbaycan Prezidenti regional təhlükəsizlik, iqtisadi əlaqələr, nəqliyyat və digər sahələrlə bağlı əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirdi.
Nikolay Patruşev, ilk növbədə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş etdi.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad etdi.
Dövlətimizin başçısı Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə Ümummilli Liderin xatirəsinə ehtiram əlaməti olaraq Rusiyada dövlət səviyyəsində tədbirlərin keçirilməsinə görə minnətdarlığını bildirdi.
Qonaq Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından sonra əlaqələrimizin daha da genişləndiyini məmnunluqla vurğuladı.
Görüşdə qlobal və regional məsələlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, regional əməkdaşlıq məsələləri müzakirə olundu.
Dövlətimizin başçısı regional məsələlərin 3+3 formatında region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini vurğuladı, bu formatda müvafiq səviyyələrdə görüşlərin keçirilməsini qeyd etdi.
Söhbət zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi istiqamətində Azərbaycan-Rusiya-İran arasındakı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.
19:33
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.