Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında tədbirin yekunlarına dair sənədlər qəbul edilib.
Bu barədə Teleqraf.com-a Azərbaycan Xarici İşlər nazirliyindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib. Azərbaycan və MDB ölkələri arasında müxtəlif sahələr üzrə, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, kommunikasiya, bağlantılar, humanitar, təhsil, idman və digər istiqamətlər üzrə faydalı əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd edilib.
Təşkilat ilə əməkdaşlıq şəraitində həyata keçirilən birgə tədbirlərin əməkdaşlığa və əlaqələrin inkişafına töhfə verdiyini bildirən nazir 2025-ci ildə MDB Oyunlarına ev sahibliyi edəcək ikinci ən böyük şəhərimiz Gəncədə sözügedən idman tədbirinin həyata keçirilməsi üçün görülən işlərdən bəhs edib. Eyni zamanda, 2025-ci ilin İkinci Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin 80-ci ildönümünün qeyd edilməsi ilə əlamətdar olduğu, bu xüsusda qələbənin qazanılmasına böyük töhfələr vermiş Azərbaycanın həyata keçiriləcək tədbirlərlə bağlı planın qəbul olunmasını dəstəklədiyi diqqətə çatdırılıb.
C.Bayramov bu kimi görüşlərin çoxtərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edərək bu xüsusda MDB çərçivəsində mütəmadi təşkil olunan siyasi məsləhətləşmələrin vacib rolundan bəhs edib, növbəti il ərzində də qəbul olunmuş məsləhətləşmələr planının münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə dair inamını ifadə edib.
MDB ölkələrinin coğrafi mövqeyi baxımından yerləşməsinin nəqliyyat dəhlizlərinin inkişafı üçün geniş imkanlar yaratdığı, bu xüsusda Azərbaycanın regional nəqliyyat və kommunikasiyaların inkişafı istiqamətində təşəbbüsləri, xüsusilə Şərq-Qərb dəhlizinin inkişafına töhfə verən Bakı-Tbilisi-Qars dəmiryolunun təkmilləşdirilməsi məqsədilə görülən işlər, Ələt Azad İqtisadi Zonasının, o cümlədən Beynəlxalq Dəniz Ticarət Limanının potensialının artırılması, investorlar üçün yaradılan imkanlar barədə tədbir iştirakçıları ətraflı məlumatlandırılıb.
Son dövrlərdə ölkəmiz ilə Mərkəzi Asiya dövlətləri arasında artan təmasları məmnunluqla qeyd edən nazir bu xüsusda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ay Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvətinin inkişaf edən münasibətlərin göstəricisi olduğunu diqqətə çatdırıb.
Daha sonra tədbirin yekunlarına dair sənədlər qəbul edilib.