“1994-cü il mayın 21-də Zuğulbadakı Pansionatda müvəqqəti məskunlaşan qaçqınlarla görüşü zamanı çıxış edən Ümummilli Lider demişdir: “Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan. Təəssüflər olsun ki, Azərbaycan xalqı səriştəsiz, təcrübəsiz və biliksiz insanların ölkəyə rəhbərlik etmələrinin hansı acı nəticələrə gətirib çıxardığını öz təcrübəsindən yaxşı bilir. Müstəqilliyin ilk illərində məhz belələrinin “səyləri” nəticəsində Azərbaycan özünün xarici siyasətində tam iflasa uğramış, beynəlxalq aləmdən təcrid vəziyyətinə düşmüşdü. Əgər 1993-cü ildə Ulu Öndər xalqın səsinə səs verib ölkədə siyasi hakimiyyətə qayıtmasaydı, bütün baş verənlər Azərbaycanın bir dövlət olaraq süqutu ilə nəticələnəcəkdi”.
Teleqraf.com xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərini dövlətimizin xarici siyasətində prioritet istiqamət kimi hər zaman önə çəkdiyini vurğulayaraq deyib: “Ümummilli Lider Azərbaycan-Türkiyə münasibətlərinə hər zaman xüsusi önəm vermiş, qardaş ölkə ilə əlaqələrin inkişafını xarici siyasətin prioritet istiqaməti kimi müəyyən etmişdir. 1998-ci ildə Türkiyə Cümhuriyyəti yaradılmasının 75-ci ildönümü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda söylədiyi nitqində Ulu Öndər bu münasibətlərin tarixi köklər əsasında formalaşdığını vurğulayaraq demişdir: “Türkiyə ilə
Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıb, bu gün də dostluğumuzun, əməkdaşlığımızın əsasını
təşkil edir.” Bu gün də Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bütün Türk dünyasına bir örnəkdir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu il qardaş ölkədə keçirilmiş prezident seçkilərindən az müddət sonra, iyun ayının 12-13-də Azərbaycana səfər etməsi də ölkələrimiz arasında olan birlik və qardaşlığın bütün regionda sabitlik, inkişaf və sülhə
xidmət edən çox mühüm beynəlxalq amil olduğunu və bu amilin mahiyyətini bir daha qabarıq şəkildə bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə, iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bu mühüm tarixi əhəmiyyət kəsb edən sənəd ölkələrimiz arasındakı müttəfiqlik əlaqələrini yeni səviyyəyə qaldırmaqla regionda sülhə və inteqrasiyaya yol açmış oldu”.
K.Qafarov dünyada hegemonluğa can atan, öz məqsədləri naminə daha zəif ölkələrə təzyiq göstərməyə çalışan böyük dövlətlərin ikili standartlar siyasətinin hər zaman Heydər Əliyev tərəfindən qətiyyətlə pisləndiyini qeyd edib: “Ulu Öndərin qətiyyəti və cəsarəti dünyanın ən görkəmli siyasi liderləri tərəfindən dəfələrlə təsdiq olunub. Bu cəsarətin ən bariz göstəricilərindən biri kimi, Ümummilli Liderimizin hələ 1990-cı ildə, Bakıda törədilmiş 20 Yanvar faciəsinə sərt reaksiya verərək SSRİ rəhbərliyini kəskin formada tənqid etməsini və ən əsası da, bunu məhz sovet imperiyasının paytaxtında, Moskvada etməsini göstərmək olar. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə də bu prinsipial mövqeyindən heç zaman
geri çəkilməmişdir. 1997-ci ilin 15 yanvar tarixində, Fransanın paytaxtı Paris şəhərində bu ölkədə akkreditə olunmuş xarici jurnalistlərin suallarını cavablandırarkən Heydər Əliyev demişdir: “Biz beynəlxalq, dövlətlərarası münasibətlərdə ədalətin olmasını istəyirik. Biz hər hansı böyük ölkənin öz nüfuzundan istifadə edərək hansısa kiçik bir ölkəyə təzyiq göstərməsinin
əleyhinəyik. Bu gün də Azərbaycan öz xarici siyasətində Ulu Öndərimizin müəyyən etdiyi bu əsas prinsipləri hər zaman rəhbər tutur. Ölkə Prezidenti İlham Əliyevin ən mötəbər beynəlxalq təşkilatlarda, ən nüfuzlu sammit və toplantılarda etdiyi qətiyyətli və prinsipial çıxışları, ilk növbədə, elə Fransanın özü kimi haqsız və ədalətsiz mövqelərdə olan ölkələrin rəhbərlərinin siyasətlərinin ifşasına və iflasına xidmət edir”.