13 Oktyabr 2023 19:56
1 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirildi. Qarabağ və digər mövzular ətrafında fikir mübadiləsinin aparıldığı açıqlandı. Azərbaycan-Ermənistan münasibətlərinə dair bu görüşdə hansı məsələlərin müzakirəsi gözlənilir?

- Bişkekdə Qarabağla bağlı məsələlərin müzakirəsi gözlənilmir. Burada daha çox Azərbaycanla Ermənistan arasında sərhəd məsələsinin müzakirəsinin aparılacağı gözlənilir. Çünki Qarabağ məsələsinin bitməsi ilə bağlı Vladimir Putinin açıqlaması var. Ola bilsin ki, Azərbaycan ərazisində olan sülhməramlıların getməsi ilə bağlı müzakirələr aparılsın Əgər Qarabağa aid nəsə danışılırsa bundan başqa mövzu qalmayıb.

- Kommunikasiyalarla bağlı hansısa danışıqların olacağı deyilir...

- Ola bilsin ki, Bişkekdə həmçinin Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi və kommunikasiyaların açılması da müzakirə edilsin. Bu gözlənilir.

- Ermənistanın bu görüşdən imtinası ilə bağlı arqumentlər səslənir. Sizcə, Nikol Paşinyanın Bişkekə getməsinin əsas səbəbi nə idi?

- Rusiya-Ermənistan münasibətləri hazırda bəlli bir səviyyəyə qədər aşağı düşüb. Onların münasibətlərinin tarixində bu qədər enişin olacağı belə gözlənilmirdi. İndiyə qədər də bu cür hal yaşanmamışdı. Erməni tərəfi əslində bu addımı ilə Qərbə mesaj verməyə çalışır. Çünki Avropa İttifaqının indiki mövqeyi erməni tərəfini qane edir. Ermənistan tərəfi bu kontekstdə üstünlüyün Qərbə doğru saxlanmasında israrlıdır.

- Rusiya XİN rəhbəri Sergey Lavrov Brüssel və Vaşinqton formatının Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində yetərsiz olduğunu açıqlayıb. Belə olan halda yeni bir platformanın, yəni Tbilisidə danışıqların aparılmasının effektivliyini necə dəyərləndirirsiniz?

- Gürcüstan platforması Azərbaycanın təklif etdiyi formatdır. Buna Ermənistanın necə reaksiya verəcəyi maraqlıdır. Çünki Ermənistan faktiki olaraq kommunikasiya xəttlərinə görə Gürcüstandan asılı ölkədir. Ona görə də, Tbilisi formatı ermənilər üçün də mütləq lazım olacaq. Bunu hansısa bir mərhələdə görmək ehtimalı var.

- Tbilisidə tərəflərin sülh müstəvisində konkret razılığa gəlməsi ilə bağlı müsbət mesajlar səslənir...

- Sözsüz ki, Gürcüstan ən yaxşı formatdır. Çünki burada Tbilisi vasitəçi kimi deyil, xoş niyyətli xidmətlər göstərmək təklif edir.

- Son üç ildə bəlli bir yol qət etmiş digər platformaların Tbilisidə aparılacaq danışıqlara münasibəti necə olacaq?

- Burada Azərbaycanın mövqeyi daha əsasdır. Qismən də olsa Azərbaycanın Vaşinqton və Moskva platformasında imtina etmək niyyəti yoxdur.

- Fransanın davranışları fonunda beynəlxalq birliyin bəzi üzvləri Azərbaycan qarşı təzyiqlərini davam etdirir. Ardıcıl olaraq Azərbaycanla bağlı məsələləri Ermənistanın beynəlxalq müstəviyə daşıması necə nəticələnə bilər?

- Azərbaycan özü Beynəlxalq Ədalət Məhkəməsi və digər beynəlxalq platformalardan istifadə etməli olacaq. Burada Azərbaycanın daha əsaslı iradları var. Hüquq şirkətlərinin prosesə cəlb edilməsi ilə Azərbaycan Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsi və digər müstəvilərdə öz haqlı mövqeyi ilə bağlı tələblərini irəli sürəcək. Bu proses baş verəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər