16 Oktyabr 2023 19:00
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Xankəndidə üçrəngli Azərbaycan bayrağını ucaltdı. Bu, tarixi bir uğurdur. Azərbaycan xalqının istəklərini Prezident İlham Əliyev reallaşdırdı. 44 günlük Vətən müharibəsindən sonra Qarabağda separatçı-xunta rejimi hələ də qalmaqda idi. Sentyabrın 19-da başladılan lokal xarakterli antiterror tədbirləri ilə bölgədə separatçıların yuvası darmadağın edildi. Bununla da Azərbaycan öz ərazisində suverenliyini tam təmin etdi.

Bunu Teleqraf.com-a Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

O qeyd edib ki, 200 ildən sonra belə bir tarixi uğura imza atıldı:

“Bu tarixi zəfər Azərbaycanda və Türkiyədə böyük məmnunluqla qarşılandı. Azərbaycan öz tarixi torpaqlarına qovuşdu. Türkiyəd də bundan çox xoşbəxtdir. Qısa zamandan sonra Azərbaycanın bu bölgələri də dəyişəcək, inkişaf edəcək. Xankəndidə, Xocavənddə, Xocalıda, Əsgəranda, Ağdərədə şanlı Azərbaycan bayrağı dalğalanır”.

Sabiq səfir 1992-ci ilin fevralın 26-da Xocalıda törədilən soyqırımında şəhid olan Azərbaycan türklərinin qısasının alındığını bildirib: “Xocalı artıq Azərbaycanın tam nəzarətindədir. Xocalıda azərbaycanlılara qarşı qətliam törədənlər, Qarabağdan Azərbaycana hədə-qorxu gələnlər bu gün istintaq altındadır. Vaxtilə "Tankları Bakıya qədər sürəcəyik" - deyənlər Azərbaycanda təcridxanadadır. Tankları isə "Qənimətlər parkı"nda nümayiş etdirilir”.

Hulusi Kılıç hesab edir ki, Azərbaycanın güclü Lideri, güclü Ordusu və onu dəstəkləyən möhtəşəm xalqı var: “Ona görə də, Azərbaycanın dünyadakı imici daha da güclənib. Azərbaycana bundan sonra böyük hörmət göstəriləcək. Bu günlər isə bayram günləri kimi qeyd ediləcək. Gözlənilən odur ki, qısa zamanda keçmiş qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına köçəcəklər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər