17 Oktyabr 2023 09:05
5 671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltdı və çıxışında vacib mesajlar verdi. İndiki halda ölkə başçısı tərəfindən səslənən bu fikrilərin mahiyyəti ilə bağlı yanaşmalar nədən ibarətdir?

- Ölkə başçısı Xankəndidəki çıxışında daha çox iki mövzuya istiqamətlənmişdi. Prezident İlham Əliyev hakimiyyətinin 20-ci illiyində söz verilən, bəyan edilən siyasi proqram və məqsədlərin icra edildiyini açıqladı. Xankəndidə ölkə başçısı tərəfindən Azərbaycan bayrağının ucaldılması ilə yaşanan tarixi gündə bu məsələ bir daha gündəmə gəldi. Eyni zamanda rəsmi olaraq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı “miatsum” hərəkətinə son qoyulduğu bəyan edildi. Əslində ölkə başçısı Xankəndidə xalq qarşısında bir növ hesabat verdi. Dövlət başçısı vurğuladı ki, nə söz veribsə, bunların hamısı icra edilib. Bunlardan da ən vacibi Ermənistan tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi idi. Burada verilən ikinci mesaj ondan ibarətdir ki, bəzi qüvvələr Azərbaycanı post-konfilikt dövründə bu və ya digər məsələlərdə ittiham edir. Azərbaycan Prezidenti öz təcrübəsinə istinadən bildirdi ki, Ermənistanının anneksiya siyasəti başlayana qədər bu xalqlar bir yerdə yaşayırdı. Erməni millətçiləri işğal, təcavüz siyasəti həyata keçirməsə idi, xalqlar bu müstəvidə də yaşaya bilərdi. Burada verilən mesaj əsas ondan ibarətdir ki, bu münaqişədən yüz minlərlə insan əziyyət çəkib. Açıq şəkildə göstərildi ki, vəziyyətin bu həddə çatmasına səbəbkar olanlar Azərbaycanda deyil. Bunlar Ermənistandadır. Həmin hərbi canilərin bir qismi Azərbaycanda istintaqa cəlb edilib. Ona görə də, erməni xalqı bu məsələlərdən nəticə çıxarmalıdır. Beynəlxalq oyunçular da buradan öz dərsini götürməlidir. Azərbaycan bu məsələlərə son qoyub qonşuları ilə sülh şəraitində yaşamaq istəyir.

- Qranada görüşündən sonra Bişkekdə aparılan müzakirələrlə bağlı bağlı fərqli yanaşmalar var. Rusiya prezidentinin açıqlamaları fonunda görüşlə bağlı nəticələrin gözlənildiyinin əksinə olduğu deyilir. Sizcə, burada əsas gözləntilər nədən ibarət olub?

- Əslində Azərbaycanla Ermənistan arasında vasitəçilik etmiş keçmiş həmsədrlər hər zaman öz aralarında rəqabət aparıblar. İndiyə kimi də bu proses davam edir. Çünki Qranada da birdən-birə NATO ölkələrinin başçıları qəribə fikir səsləndirdi. Guya ki, onlarda 1975-ci ilə aid keçmiş sovet ordusunun baş qərargahının xəritələri var. Onlar da Azərbaycanla Ermənistan arasında sərhədlərin bu əsasda həllinə tərəfdar olduqlarını açıqladı. Amma sual olunur ki, NATO ölkəsinin rəhbərlərində keçmiş sovet ordusunun baş qərargahının ərazilərlə bağlı xəritəsi necə ola bilər? Eyni zamanda Bişkekdə Putin əsas məsələnin Qarabağın “statusu “ilə bağlı olduğunu iddia edir. Əslində heç vaxt “status” məsələsi burada əsas olmayıb. Burada əsas məsələ Ermənistanın Azərbaycana qarşı işğal faktı idi. Ona görə də, hər iki tərəfdən verilən bəyanatlar köhnə oyunun cəhdi kimi önə çıxır.

- Azərbaycan öz daxilində məsələləri həll etdikdən sonra ikinci vacib məqam sərhədlərin dəqiqləşməsidir. Bundan sonrakı prosesdə sərhədlərin dəqiqləşməsi ilə bağlı hansı yanaşmalar əsas götürülə bilər?

- Əslində delimitasiya və demarkasiya texniki prosesdir. Əgər Makron və Şolts üçün 1975-ci il xəritləri çox əzizdirsə, Azərbaycan da onun üçün 1920-ci ilin xəritələrinin daha doğma olduğunu deyə bilər. 1920-ci ildə XI qırmızı ordunun Azərbaycanı işğal edən zaman mövcud olan xəritələrin əsas götürülməsi mümkündür.

- Belə olan halda sərhədlərlə bağlı prinsipial bünövrə necə müəyyənləşəcək?

- Məhz bu prinsiplərlə bünövrə müəyyənləşməlidir. Çünki Azərbaycan 1975-ci ilin xəritələrini qəbul etdiyini deməyib. Belə olan halda Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışına istinad ediləcək. Paşinyan Ermənistan üçün kadastr sənədi almalı olduqlarını bildirib. Bu da Azərbaycanla aparılacaq danışıqlarda əldə ediləcək. Anklavlarla bağlı məsələ də məhz bu danışıqların içində həll ediləcək. Burada tək anklavlar deyil hələ də işğalda saxlanılan kəndlər, Zəngəzur, Göyçə Mahalı da öz əksini tapacaq.

- Ermənistanın öz sərhədləri ilə bağlı iddiaları nədən ibarətdir?

- Vaxtilə erməni tərəfi öz sərhədlərini ləğv edib. İddia edirdilər ki, ərazi bütövlüyü Qarabağla qarışıqdır. Bu da alınmadı və Qarabağ məsələsi bitdi. Belə olan halda Ermənistanın ərazi bütövlüyünü biz yəni, Azərbaycan müəyyən edəcək. Bu da ermənilərlə birgə ediləcək. Ona görə də, ermənilər Şoltsa, Makrona yox, Azərbaycana müraciət etməlidir. Danışıqlardan qaçmaq onlara sərf etməyəcək. Bunun əksinə Prezident İlham Əliyevin dediyi olacaq yəni, harada Azərbaycan əsgəri dayanacaq orada da sərhəd müəyyənləşəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər