16 Oktyabr 2023 08:59
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan xalqına müraciəti və mərkəzi meydanda Azərbaycan Bayrağının ucaldılması tarixi hadisədir. Azərbaycan xalqı 90-cı illərin əvvəllərində ölkədə mövcud olan xaos və anarxiyanın qurbanı olmuş torpaqlarımız Ermənistan tərəfindən iğal edilmişdi. Məhz xalqın istəyi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev Azərbaycanı yox olmaqdan, parçalanmaqdan xilas edib. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev isə doğma xalqına müraciət edərək verdiyi bütün sözlərin hamısını icra edib. Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edəcək, ərazi bütövlüyünü təmin edəcəyinə qoruyacağına əminliyini ifadə edən Müzəffər Ali Baş Komandan hər gün özünün əməlləri ilə bu şanlı tarixi yaxınlaşdırdı. Öz növbəsində Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

O qeyd edib ki, 20 il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Dövlət başçısı qarşına bir nömrəli vəzifə qoymuşdu ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə ucaldılacaq: “Məhz Ali Baş Komandan tərəfindən verilən bu vədlərin hər biri ən yüksək səviyyədə yerinə yetirildi. Xalq, dövlət, Ali Baş Komandan birliyi ilə Azərbaycan dünyada yeni bir nümunə yaratdı. Məhz ötən iyirmi il ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşımağa başladı. Bunun nəticəsində ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Ölkəmizin müstəqil güclü iqtisadiyyatı formalaşdı. Son 20 il ərzində əldə edilmiş uğurlar Azərbaycanın bu günki reallığının açıq təzahürüdür. Torpaqlarımızın erməni işğalından azad edilməsi üçün güclü Silahlı Qüvvələr yaradıldı. Məhz bunun nəticəsində Azərbaycan Ordusu Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Eyni zamanda ötən ay cəmi 23 saat davam edən antiterror tədbirləri Azərbaycan Ordusunun gücünü göstərdi və düşmən ağ bayraq qaldıraraq təslim oldu. Sözsüz ki, bu qələbələrdə Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərdi. Bu mənada Xankəndidə Azərbaycan bayrağının ucaldılması tariximizdə əbədi qalacaq. Bu gün Azərbaycan xalqı ümummilli Lider Heydər Əliyevin yüz illik yubileyini böyük sevgi və təntənə ilə qeyd edir. Sözsüz ki, “Heydər Əliyev İli” çərçivəsində Onun görmüş olduğu misilsiz işlər bir daha xatırladılır. Amma bununla belə xalqımız Ulu Öndərin xatirəsinə hörmətini əməli işlərlə nümayiş etdirir. Ulu öndərin 100 illiyini hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etmək böyük rəmzi məna daşıyırdı. Bu mənada Ulu Öndərin, şəhidlərimizin ruhu şaddır”.

Deputat vurğulayıb ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti 100 il bundan əvvəl – 1923-cü ildə yaradılmışdı: “100 il ərzində xalqımızın bu iddialara görə nə qədər əzab çəkdiyi, ağır sınaqlarla üzləşdiyi hər kəsə bəllidir. Amma bütün bunlara baxmayaraq Azərbaycan xalqı heç vaxt tarixi sınaqlar qarşısında əyilməyib. Əksinə xalqımızı bu cür hallar daha da mətinləşdirib, birləşdirib, bir yumruq ətrafında cəm olmağa sövq edib. Fakt odur ki, məhz bu gün Azərbaycana ən çox düşmənçilik edən ölkələr 1992-1993-cü illərdə də Ermənistanın yanında idi.

Müəyyən tarixi dönəmlərdə Xankəndidə, Qarabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbaycanlılar və ermənilərin dostluq şəraitində birgə yaşadığını söyləyib: “Ulu Öndər Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra burada heç bir problem yox idi. Hətta o vaxta qədər Qarabağda olmuş bəzi millətçi qüvvələr geri çəkilmişdi. Ona görə də, 1969-cu ildən 1982-ci ilə qədər heç bir xoşagəlməz hala rast gəlinməmişdi. Nəticədə 1969-1982-ci illərdə Qarabağda heç bir ayrı-seçkilik, diskriminasiya olmayıb. Məhz 1987-ci ildə Ulu Öndər Heydər Əliyev vəzifəsindən kənarlaşdırıldıqdan sonra erməni millətçiləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılıb Ermənistana verilməsi ilə bağlı iddia qaldırmışdılar. O vaxtkı Azərbaycan rəhbərliyi isə faktiki olaraq vəziyyəti nəzarətdən saxlaya bilməyib qorxaqlıq, acizlik, qətiyyətsizlik göstərmişdi. Bununla da Ermənistandan Qarabağa durmadan erməni millətçiləri, daşnaklar, qaniçənlər, beynəlxalq terrorçular gəlmişdilər bu bunlar da xalqımıza qarşı soyqırım, etnik təmizləmə siyasəti həyata keçirib”.

Eldar Quliyev cəmi 6 illik bir dövrün Azərbaycanda Heydər Əliyevsiz qalmasının xalqımızın başına böyük müsibətlərin gəlməsi ilə müşahidə edildiyini bildirib: “Nəticədə torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdı. Xüsusilə AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində ərazilərimiz işğal altına düşdü. Belə bir ağır, çıxılmaz durumda isə Azərbaycanın dövlət müstəqilliyini qoruyan məhz Ulu Öndər Heydər Əliyev dühası oldu. Bu gün Azərbaycan Ulu öndər siyasi strategiyasına uyğun olaraq qalib Müzəffər, dövlət, xalq kimi yaşayır. Vaxtilə Azərbaycan xalqına qanlı cinayətlər törətmiş şəxslər, dövlətimizi hədələyən terrorçular bu gün ədalət mühakiməsi qarşısındadır. Onların çoxusu xüsussəndə qondarma rejimin rəhbərliyində olanların bəziləri Bakıda istintaq təcridxanasındadır. Nəinki onlar Azərbaycan xalqına qarşı cinayət törətmiş hər kəs öz layiqli cəzasını alacaq. Bu gün Azərbaycan xalqı öz istəyinə nail olub. Xalqımızın onilliklər ərzində olan arzuları çin oldu”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər