Politoloq Fərhad Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fərhad bəy, sülhü son həftəyə qədər sabotaj edən Ermənistanın indi aktiv şəkildə bu müstəvidə açıqlamlar verməsi nəyə hesablanıb?
- Əslində, proseslərin indiki müstəvisində sülhə bağlı müsbət yanaşmalardan danışmaq bir az çətindir. Amma nəsə olacağı ilə bağlı gözləntilər var. Prosesin müsbət dinamikaya doğru çevriləcəyi də mümkündür. Amma Ermənistan tərəfi hələ də son şanslarını saxlayıb. Onlar bunu atmadıqları son “güllə” hesab edirlər. Ermənistanın bu addımı atıb-atmayacağı da bəlli deyil.
- Bu hansı məsələ ilə bağlıdır?
- Qarabağdan ermənilərin özlərinin köçməsi ilə bağlı Ermənistanın Beynəlxalq Haaqa Məhkəməsinə müraciət edib-etməyəcəyi indiki halda daha maraqlı görünür. Çünki sülh prosesində müsbət dinamika o məsələ həll olunduqdan sonra mümkün görünür.
- Həmin məsələ olmasa nə baş verəcək?
- Sülhə doğru tərəflər yavaş-yavaş arasında müsbət dinamika ilə addımlar atmağa başlayacaq. Amma bunun əksi prosesə təsir edəcək.
- Belə çıxır ki, sülh danışıqlarının növbəti gedişi bu məsələdən asılıdır?
- Əgər sülh danışıqlarına başlanılsa, hər halda Ermənistan bu addımı atmayacaq.
- Ermənistan Haaqa Məhkəməsinə hansı əsasla müraciət edəcək?
- İş orasındadır ki, Haaqa Məhkəməsinə xaricdəki erməni lobbisi müraciət edə bilməyəcək. Bunu ancaq Ermənistan hakimiyyəti etməlidir. Paşinyan hökumətinin bununla bağlı mövqeyini hamı görəcək.
- Sülhlə bağlı prosesləri bir çox hallarda Zəngəzur dəhlizi ilə də əlaqələndirirlər. Bu nə dərəcədə məntiqli müqayisədir?
- Burada məntiq elə Zəngəzur dəhlizi ilə bağlıdır. Əgər dəhlizlə bağlı irəliləyiş olsa, bu, tərəflərin sülh prosesinə doğru getdiyini göstərəcək. Çünki dəhlizin reallaşması ancaq sülh vasitəsi ilə mümkündür. Sülh olmasa dəhlizi açmaq mümkün deyil. Hazırda dəhlizlə bağlı əsas addım Ermənistan tərəfindən atılmalıdır. Erməni tərəfi burada müsbət və mənfi əsasları hesablayıb qərar verməlidir.
- Ərazi bütövlüyünün tanınması fonunda anklavlarla bağlı məsələ necə həll ediləcək?
- Paşinyanaın özü də Azərbaycanın kəndlərindən bəhs etdi. Hazırda isə o, bu kəndləri dilə gətirmədən ərazi bütövlüyünü tanımaqdan danışdı. Amma daxildəki etirazlardan çəkinərək Azərbaycanın kəndlərini konkret qeyd etməyib. Əslində bunlar diplomatik məsələlərdir. Bu məsələ üzərində dayanılacaqsa, barışıq məsələsində çox da qabağa getmək mümkün olmayacaq. Çünki Paşinyan 8 kəndin qaytarılması ilə bağlı təktərəfli imtina qərarı versə, bu alınmayacaq.
- Belə olan halda Azərbaycanın adekvat addımları necə olacaq?
- Azərbaycan təzminatla bağlı tələbini ortaya qoyarsa, burada müəyyən bir balans yaranacaq. Azərbaycanın əsas tələbi Ermənistanın iddiaları ilə bağlıdır. Yəni, Ermənistan təzminat məsələsinə görə, öz iddialarından geri çəkilməyə məcbur olacaq.
- Dəhliz və kəndlərin boşaldılması baş verməsə, Azərbaycanın yeni antiterror tədbirlərinə əl atması riskini necə dəyərləndirirsiniz?
- Burada birmənalı olaraq Azərbaycanın riskə gedəcəyi gözlənilmir. Çünki dəhliz məsələsi başqa bir ssenari ilə həll edilə bilər. Amma Azərbaycan Ordusunun gücü ilə dəhlizin açılması bir qədər fərqli yanaşmalar tələb edir. Əslində burada başqa variantlar var. Zəruri müdafiə kontekstində məsələni həll etmək olar. Əgər Ermənistan təxribat törədib, hücuma etsə, Azərbaycan əks-hücuma keçə bilər. Eyni zamanda Qərbi Azərbaycan məsələsi və keçmiş köçkünlərin bu əraziyə qayıdışı ilə bağlı tələb qoyular. Amma orduların hücumu müstəvisində bunun olması bir qədər çətindir.