27 Oktyabr 2023 22:40
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlərdə Almaniyadan olan deputatların təmsil olunduqları parlamenti bu dərəcədə gözdən saldığını görməmişdim. Elə bu yaxınlarda Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Maykl Rot siyasi riyakarlığın təcəssümü olan bəyanatla çıxış etmişdi. Bunun ardınca, Avropa Parlamentindəki digər alman nümayəndə Viola fon Kramon-Taubadel regionda baş verən son hadisələrdən danışarkən deyəsən öz bəyanatları ilə Maykl Rotu da geridə qoymaq qərarına gəlib. Bu xanımın əsassız, qərəzli və təxribat xarakterli açıqlamalarının təfərrüatlarına belə toxunmaq istəməzdim, çünki bu kateqoriyadan olan insanların siyasi cəhətdən kor olması təkcə bizə deyil, hətta onun ətrafındakılara da aydındır. O, Azərbaycana qarşı sanksiyaların zəruriliyi ilə bağlı erməni təbliğatının onun beyninə yeritdiyi tezisi dəfələrlə təkrarlasa da əslində özü də bunun real olmadığını etiraf edir.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

Onun fikrincə, bu xanımın arzularının həyata keçməsi mümkün deyil, çünki həmin arzular islamofobiyanı, hər bir azərbaycanlıya nifrəti təcəssüm etdirərək ilk növbədə həm onun özünü bir siyasətçi kimi, həm də Almaniyanın regionumuz üçün rolunu və əhəmiyyətini məhv edir: “Avropada alman faktorunun azalması və onun Fransanın təsiri altına düşməsi ilk dəfə olaraq bu dövləti həm Avropa, həm də dünya məsələlərində siyasi iflas həddinə çatdırıb. Zaqafqaziyada alman faktorunun cəlbediciliyinin azalması isə artıq danılmaz bir reallıqdır. Axı niyə? Nəyə görə Almaniya kimi güclü dövlət həqiqəti görmək istəmir? Bir milyon qaçqının və işğal altında olan 20 faiz ərazilərimizin taleyi, Xocalı soyqırımı, davam edən mina terroru niyə onun tərəfindən rədd edilir? Necə oldu ki, onu təmsil edən siyasətçilər separatçıları, uşaq və qadın qatillərini dəstəkləyirlər? Bunun cavabını xanım Kramont-Taubadelin özünün bəyəndiyi kimi üçölçülü şəkildə vermək olar. İlk səbəb alman deputatların siyasi cismini yeyib-bitirən ikili standartlardır. Bu vəziyyət hətta elə bir həddə çatıb ki, onlar kiminsə hüququndan danışanda başqasının haqqını tapdalayır, birinə yardım etməyi dilə gətirəndə, digərini məhv edir, bir dövlətə sevgidən bəhs edəndə başqasına nifrət nümayiş etdirirlər. İkinci səbəb, indiki hakimiyyətin siyasi mentalitetinin real alman mentaliteti olmaqdan çıxmasıdır. Yəni ya özündə neokolonializm xüsusiyyətləri daşıyan fransız mentaliteti, ya qlobalizmi ehtiva edən amerikan mentaliteti, vaxtilə rus mentaliteti, indi isə dəyərlərini itirə-itirə gedən, yenisini tapa bilməyən Avropa mentaliteti olmağa çalışır. Bu özündən imtina etmə və siyasi mazoxizm hakimiyyətin bütün qollarında liberal dəyərlərin fundamentalizm səviyyəsinə yüksəlməsinin bariz nümunəsidir. Paradoksal səslənsə də fundamentalizmə qarşı çıxan alman nümayəndələr özləri fundamental, radikal, irqçi ideyalar səsləndirirlər. Üçüncü səbəb, Almaniyanın siyasi isteblişmentində baş verən bütün bu kabusa baxmayaraq, onlar öz hərəkətləri ilə ölkəni regiondan uzaqlaşdırdıqlarını orada da başa düşürlər. Xanım Kramon-Taubadel özü də etiraf edir ki, bu gedişlə Azərbaycanın danışıqların Avropa formatından imtina edəcəyindən qorxurlar. Hesab edirəm ki, onlar öz siyasətçilərinin cəfəngiyatla dolu düşüncələrindən və fikirlərindən qorxmalı və bilməlidirlər ki, Ermənistana olan “sevgiləri” onu nəinki Qafqazdakı evindən kənarlaşdırır, həm də onları sabitliyi pozan xarici müdaxilə amilinə çevirir”.

Millət vəkili hesab edir ki, buna qarşı biz artıq "3+3" formatını təklif etmişik və onu inkişaf etdirəcəyik: “Buna qarşı birbaşa Azərbaycanla Ermənistanın özlərinin danışıqlar aparmasını təşkil edəcəyik. Buna qarşı onların təsirindən kənar, müdaxilə edə bilməyəcəkləri təşəbbüslər irəli sürəcəyik. Odur ki, çıxışlarında, sənədlərində Azərbaycana qarşı nə qədər zəhər töksələr də, Azərbaycanın yaratdığı yeni reallığı dəyişdirə və Ermənistandan istifadə edərək regiona müdaxilə edə bilməyəcəklər. Ancaq əgər onlar buna nail olsalar belə bizim yaratdığımız yeni reallığı yox, Ermənistanın taleyini acınacaqlı vəziyyətə salacaqlar. Onlar və onlar kimilər yaranmasının da, mənbələrinin də bizdə ciddi şübhələr yaratdığı siyasi kapitalını özləri artıq mənəvi cəhətdən tükəndirmiş və bununla da təmsil etdikləri qurumları siyasi təhqir, provokativ bəyanatlar və populist ritorika mənbəyinə çevirərək, nəinki Avropanın nüfuzunu aşağı salır, həmçinin özlərinin də təmsil etdikləri qurumların regiona təsir imkanlarını məhv edirlər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər