3+3” fomatında Tehranda Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutdu. Region dövlətlərinin bu müstəvidəki təmasları sözsüz ki, effektiv ola bilər. Çünki bu bölgədə təmsil olunan ölkələrin qarşılıqlı olaraq öz milli maraqları müstəvisində müzakirələr aparması olduqca önəmlidir. Gürcüstan hələki bu platformada Rusiya ilə aralarında olan məsələlərə görə iştirak etməsə də yaxın gələcəkdə onun də bu müstəvidəki danışıqlarda yer alması ehtimalı böyükdür.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
O qeyd edib ki, bu platformanın effektiv olması birdən-birə 6 ölkənin maraqlarına cavab verəcək hansısa iqtisadi layihənin həyata keçirilməsi demək deyil: “Sözsüz ki, bu format tərəfləri siyasi cəhətdən bir-birinə yaxınlaşdırmaq üçün real imkandır. Azərbaycan 3 il əvvəl, 44 günlük müharibə bitəndən sonra bütün region ölkələrinə bu platformada aktiv əməkdaşlıq təklif etmişdi. Bir çox ölkələr bununla bağlı tərəddüdlər etsə də sentyabrın 19-20-də antiterror tədbirlərinin həyata keçirilməsi onları konkret fakt qarşsında qoymuş oldu. Əslində bu formatın işlək mexanizm kimi ortaya çıxması bölgəyə kənar oyunçuların daxil olması imkanlarını məhdudlaşdırır. Bu baxımdan Tehranda “3+3” formatında keçirilən görüşdə tərəflərin maraqları xarici işlər nazirləri səviyyəsində bir-birinə çatdırılmış oldu”.
Deputat bildirib ki, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün vacib təşəbbüslərlə çıxış edir: “Regionda münaqişələrə son qoymaq, ölkələr arasında normal əməkdaşlığı təşviq etmək üçün mühüm konsepsiya irəli sürülür. Sözsüz ki, “3+3” platforması da bu məqsədə xidmət edən mühüm formatdır. “3+3” platforması 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan və Türkiyə tərəfindən irəli sürülüb. Təbii ki, bu təşəbbüs region ölkələri üçün olduqca faydalıdır”.
Millət vəkili hesab edir ki, oktyabrın 23-də Tehranda “3+3” platforması çərçivəsində xarici işlər nazirlərinin görüşü bu baxımdan önəmli idi: “Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin qovuşduğu coğrafiyada əməkdaşlığın olması mühüm əhəmiyyət kəsb edir. Bu platforma həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə müsbət təsir edə bilər. Regionda iqtisadi münasibətlərin tənzimlənməsi, əməkdaşlıq Ermənistanın qonşuları ilə sülh çərçivəsində yaşamasını təşviq edir. Nəhayətdə rəsmi İrəvan anlamalıdır ki, iqtisadi inkişaf, regional əməkdaşlıq, qarşılıqlı anlaşma onların siyasi müstəqilliyi üçün olduqca vacibdir. Bunun əksinə olacaq bütün addımlar Ermənistan bütövlükdə siyasi-iqtisadi blokada vəziyyətindən xilas edə bilməyəcək”.
Eldar Quliyev vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması ilə bölgədə yeni bir canlanma yaranacaq: “Orta Dəhlizin davamı olaraq Zəngəzur dəhllzi Çindən Avropa uzanan tranzit xətti deməkdir. Bu sözsüz ki, böyük dividentlər, iqtisadi əsaslar, canlanma, regional və qlobal əməkdaşlıq üçün başlıca amildir. Çünki Zəngəzur dəhlizinin açılması regional əməkdaşlığa güclü təkan vermiş olacaq. Ermənistan hələ də bu layihənin reallığa çevrilməsinə mane olmağa çalışır. İrəvan öz gələcəyinin Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçdiyini anlamalıdır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, Türkiyə ilə sərhədlərin açılması və Azərbaycanla sülh sazişinin imzalanması Ermənistanın sosial-iqtisadi inkişafında mühüm dönüş nöqtəsi hesab edilir”.