Dağlıq Qarabağda son otuz ildə faşist rejimin Azərbaycan ərazisində törətdikləri vəhşiliklər təkcə insani deyil, həm də təbiətə qarşı vurulmuş cinayətlərdir. Azərbaycanın yeraltı və yerüstü sərvətlərini talayıblar, fauna və florasını dağıdıblar, Kür-Araz qovşağındakı tükənməz sərvətlərinə yüz milyard dollarla ziyan vurublar. Eyni zamanda iqtisadi sahədə gəlir gətirə bilən filiz yataqlarına vəhşicəsinə yanaşıblar.
Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.
O, Ermənistanın canlı aləmə qarşı amansız davrandığını bəzi heyvanların nəslinin kəsilməsi ilə nəticələnən addımlar atdıqlarını vurğulayıb: "Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, ermənilər uzun illərdir minalar basdırıb, canlı aləmə qarşı kütləvi qırğın yaradacaq silahlardan istifadə ediblər. Nəinki Azərbaycan ərazilərində, qədim torpaqlarımız olan Qərbi Azərbaycanın dağlıq, dağətəyi bölgələrində də eyni qaydada hərəkətlər ediblər, amansızcasına talayaraq canlı təbiətə 50 milyar dollardan çox ziyan vurulub. Meşələr elə formada dağıdılıb ki, bərpasına yüzillər lazımdır.
Bu reallıqlar Azərbaycanın canlı təbiətinə, ekologiyasına vurulmuş ziyanın ödənilməsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə və beynəlxalq hüquq müstəvisində BMT-nin belə gündəminə salınacaq məsələ kimi işlənilir. Azərbaycan bərpası mümkün olan və ilk dəfə təşəbbüsü ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülən İpək yolunun bərpası ilə bağlı Baş nazir Əli Əsədovun Tbilisi şəhərində keçirilən Beynəlxalq İpək Yolu Konfransında Ermənistanın baş naziri Nikol Paşinyanın iddialarına cavab verdi. Söylədi ki, Azərbaycan hələ İkinci Qarabağ müharibəsi bitəndən dərhal sonra Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı öz mövqeyini açıqladı. Bildirildi ki, siz qalib ölkənin qabağında oturanda belə özünüz düşünün, götür-qoy edin ki, Ermənistanın bundan sonra bir dövlət kimi varlığı, yaşaması, fəaliyyəti onların ağıllanmağından asılıdır. Əks halda Ermənistan viranə və yaxud da sonluğu görünməyən Suriya və digər ölkələrdə baş verən qarmaqarışıqlarla bağlı xaosdan idarə olunan dövlətə çevriləcək. Həqiqi dədə-baba yurdları olmadığına görə oradan da köçüb getməli olacaqlar.
Azərbaycanın Prezidenti İlham Əliyevin irəli sürdüyü ideya və təkliflərə və sülh müqaviləsinə imza atmaqla yaşamaqları, gələcək fəaliyyətləri mümkün olacaq.
Azərbaycanın baş naziri dedi ki, biz kommunikasiyaların açılmasını istəyirik, ancaq bu tək bizdən asılı deyil, qarşı tərəf istədiyi təqdirdə biz buna hazırıq. Eləcə də diqqətə çatdırdı ki, digər situasiyada da bizim kifayət qədər imkanlarımız var.
Baş nazir tərəfindən belə aforizminin işlənməsi onlara böyük dərs olmalıdır".