27 Oktyabr 2023 18:36
339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa və Ermənistan arasında hərbi sazişin imzalanması Fransanın Cənubi Qafqazda gərginliyin artırılmasına yönələn məkrli və riyakar niyyətinin göstəricisidir. Fransanın siyasəti Cənubi Qafqazda hərbi gərginlik riskini artırmaqla yanaşı, hərbi sahədə yeni “dəstək” tapan Ermənistanı Azərbaycanla sülh danışıqları prosesindən yayınmağa və prosesi uzatmağa da sövq edir. Onu da qeyd edək ki, Fransa Afrikada itirdiyi nüfuzunu Ermənistan vasitəsilə Cənub Qafqazda qazanmağa çalışır. Fransa vurnuxur, Makron gah bura əl atır, gah Fələstində Mahmud Abbasla görüşür, gah da İsrailə gedir, görünən budur ki, itirdikləri rollarını geri qaytarmağa çalışırlar. Əlbəttə, Fransanın bu siyasəti ona heç bir divident qazandırmayacaq. Fransa yaxşı bilir ki, Cənubi Qafqazda ona ehtiyacı olan yeganə dövlət Ermənsitandır. Ermənistanın iqtisadi, siyasi gücü Azərbaycanın qarşısında dura biləcək səviyyədə deyil. Faktiki olaraq, Fransa Cənubi Qafqaza girə bilmək və öz məkrli siyasətlərini həyata keçirmək üçün Ermənsitanın zəifliyindən istifadə edir.Azərbaycan Ermənsitanın silahlandırılması yönündə atılan bütün addımları diqqətlə izləyir. Azərbaycan dövləti bütün bunları nəzərə alır. Bu mövzuda dəfələrlə Azərbaycan tərəfindən bəyanatlar olub ki, Ermənistanın silahlandırlması bizim tərəfimizdən cavabsız qalmayacaq və bu, narazılıq doğurur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Fransa bunu Cənubi Qafqazda möhkəmlənmək barədə tarixi arzusunu həyata keçirtmək üçün növbəti şans kimi qiymətləndirir. Lakin, Fransanın bu arzusu regionda sülh və sabitliyin təmin olunması baxımından yeni təhdidlər yarada bilər. Bu baxımdan deyə bilərik ki, Qərbdən Fransa başda olmaqla Azərbaycana qarşı destruktiv siyasət və ikili standartlar davam edir. Xüsusilə qeyd edək ki, Fransa Ermənistanı silahlandırır, Niderland Avropa Birliyini İrəvana hərbi dəstək verməyə çağırır, bəzi qitə ölkələri əleyhimizə qətnamələr qəbul edirlər, liderlərin Brüssel görüşü ləğv olunur və sair. Bütün bunlar Cənubi Qafqazda güc balansına təsir etmək üçün atılan addımlardır. Ötən üç ildə Fransanın bu istiqamətdə açıq-aşkar ermənipərəst mövqeyinin şahidi olduq. İndi də, iki ölkə arasında hərbi sazişin imzalanması Fransanın Cənubi Qafqaz siyasətinin hansı səviyyədə olduğunu bir daha göstərmiş oldu. Buradan aydın görünür ki, Fransa Afrikada bütün mövqelərini itirdiyinə görə Cənubi Qafqaza girməyə çalışır.

Millət vəkili bildirib ki, 70 il əvvəl keçirilmiş Bandunq konfransında neokolonizmə son qoyulması tələb olunsa da, Fransa öz çirkin niyyətlərinə davam etməkdədir. Fransada neokolonizm siyasəti ilə yanaşı islamafobiya və irqçilik siyasətinin geniş vüsət alması ciddi narahatlıq doğurur. ƏLbəttə, bu beynəlxalq ictimaiyyətin narahat olması gərəkən mühüm məsələdir. Məlumdur ki, bu yaxınlarda Fransa qoşunlarının Mali, Niger və Burkina-Fasodan çıxarılmışdır. Fransa Afrikada uğradığı uğursuzluqdan sonra Cənubi Qafqazda mövqelərini möhkəmlətməklə, öz antihumanist və millitarrist siyasətini burada həyata keçirməyə çalışır.

Regionun yaxın tarixinə nəzər yetirdikdə görürük ki, dünyanın başqa nöqtələrindən bu regiona əl uzadılması, hansısa təşəbbüslərin göstərilməsi faydadan çox zərər gətirmiş, regionda yaşayan xalqların mənafeyindən daha çox başqalarının mənafeyinə xidmət etmişdir. Bütün bunların qarşısının alınması məqsədilə cənab Prezident İlham Əliyev çıxışlarında qeyd edib ki, “...Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən....” Bəli, indi Cənubi Qafqaz üçün lazım olan odur ki, özünü dünyanın ağıllısı sayan Fransa kimi dövlətlər və güclər bu bölgədən əl çəkib imkan versinlər ki, bu dövlətlər və xalqlar öz talelərinə özləri qərar versinlər. Yalnız bu sayədə Cənubi Qafqaz rahat nəfəs ala bilər.

Tamam Cəfərova vurğulayıb ki, Fransa bilməlidir ki, Cənubi Qafqaz Afrika deyil. Fransa kimi dövlətlər Cənubi Qafqaza nə qədər əl uzatsalar da, Azərbaycanın geosiyasi mövqeyi və beynəlxalq arenada günü-gündən artan nüfuzu onu deməyə əsas verir ki, bu regionda marağı olan güclər mütləq Azərbaycanla hesablaşmalıdır. Millət vəkili Tamam Cəfərova belə deyib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər