31 Oktyabr 2023 13:09
2 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixi qələbədən və ərazi üzərində suverenliyin tam bərpasından sonra Qərbin Azərbaycana münasibətinin necə olduğunu hər kəs görür. Aydın olur ki, niyə Azərbaycan torpaqları 30 il Ermənistanın işğalında idi... 1 milyon azərbaycanlı öz vətənində qaçqın və məcburi köçkünə çevriləndə heç kim onların haqqında düşünmürdü. Xocalı soyqırımına Qərbdə hamı gözlərini bağlayırdı. Azərbaycanlılara qarşı faciələr baş verdiyi halda Qərb özünü bu şəkildə göstərərək faktiki cinayətkarların “siyasətinə” rəvac verirdi.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

Onun fikrincə, Qərbin özü də bu “işdə” maraqlı idi:

“Avropa və Kanada kimi Qərb ölkələri işğalçılara dərs verildikdən sonra da siyasətlərindən əl çəkməyib. Sadəcə olaraq onlar indi üzlərini açır. Avropa Parlamentinin, AŞPA-nın qəbul etdiyi “sənədlər”, o cümlədən Kanadanın xarici işlər nazirinin “bəyanatı” heç də təəccüb doğurmur. Çünki onların parlamentlərində, strukturlarında, qondarma artsaxla “dostluq” qrupları mövcud idi. Məhz bu ölkələr separatçılara pul verirdilər ki, işğal prosesi davam etsin. Əllərindən gələni edirdilər ki, torpaqlar birdəflik Azərbaycanın hüquqi nəzarətindən çıxsın. Bunu da məhz beynəlxalq qanunları pozaraq edirdilər”.

Millət vəkilinə görə, məhz bu kontekstdə Kanada xarici işlər nazirinin davranışları təəccüblü deyil:

“Qərbdən qanunun aliliyini, demokratiyanı, insan haqlarını qoruyacağını düşünmək sadəlövlükdür. Əslində münaqişə, ortada olan məsələlər göstərdi ki, ali dəyərlər cinayətlərini, nüfuzlarını, təsirlərini, imkanlarını qorumaq, dünyada yeritmək üçün yaradılıb. Qanunlar özlərinə sərf edirsə, bu, “beynəlxalq hüquqdur”, əksinə olanda isə bu qanun pozuntusudur “fəlsəfəsi” ilə məsələlərə yanaşanlardan başqa bir şey gözləmək mümkün deyil”.

Səməd Seyidov bildirib ki, Kanada Avropadakı “işlərdə” aktiv iştirak edir:

“Bu ölkənin Fransaya nə dərəcədə bağlı olduğunu hamı bilir. Burada söhbər ümumiyyətlə Qərb fəlsəfəsindən gedir. Reallıq odur ki, onlar sülhdən danışanda, müharibə istəyirlər, əgər qanundan danışırlarsa, haradasa onun pozurlar, demokratiyadan danışanda demək isə insanları, millətləri məhv etmək iddiasına düşüblər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər