3 Noyabr 2023 11:37
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan dövlətinin işğaldan azad olunan ərazilərə göstərdiyi diqqətin ən gözəl nümunəsi büdcədir. Qarabağ və Şərqi Zəngəzura büdcədən ayrılan vəsaitin hər il artırılması həm dövlətimizin gücünü, imkanlarını göstərir, həm də həmin ərazilərdə aparılan işlərin sürətlənməsinə təsir göstərir. Əgər dövlətimizin bu qədər iqtisadi imkanları olmasaydı, biz azad olunan ərazilərdə qısa müddət ərzində bu qədər böyük həcmli işlərin öhdəsindən gələ bilməzdik”.

Bunu Teleqraf.com-a açqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, büdcə həm də siyasi sənəddir və dövlətin iqtisadi siyasətinin vektorlarını müəyyən edir:

“Bu mənada hesab edirəm ki, büdcənin həm də siyasi təhlilinin aparılması vacibdir. Bilirsiniz ki, Azərbaycan azad edilmiş ərazilərdə, demək olar ki, bütün tikinti quruculuq, bərpa işlərini özünün daxili imkanları hesabına həyata keçirir. Biz qısa zaman ərzində Zəngilanda, Şuşada, Laçında, Füzuli və Ağdamda böyük layihələr həyata keçirmişik. Açıqlanan məlumata görə, 2024-cü ilin dövlət büdcəsində Qarabağ və Şərqi Zəngəzurun dirçəlməsi üçün 4 milyard nəzərdə tutulur. Bu kiçik rəqəm deyil. Məlumat üçün bildirim ki, 2021-ci ildə Qarabağa dövlət büdcəsindən 2,2 milyard manat, 2022-ci ildə isı 3 milyard manat vəsait ayırılıb. İşğaldan azad olunmuş ərazilərə ayrılan vəsaitin dövlət büdcəsindəki payı 10 faiz civarındadır. Ümumilikdə, son 3 ildə Qarabağın bərpasına 10 milyard manata yaxın vəsait xərcələnəcək. Böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması, həqiqətən də, böyük vəsait tələb edir. Eyni zamanda keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə isə növbəti ilin dövlət büdcəsində 355,3 milyon manat vəsait proqnozlaşdırılıb. Təbii ki, Azərbaycan xalqı bunu anlayışla qarşılayır. Azad olunmuş şəhər və rayonlarımızın bərpası, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, nəqliyyat, sosial və biznes infrastrukturlarının yaradılması dövlət siyasətinin prioritetləri sırasındadır”.

Politoloq qeyd etdi ki, Azərbaycanın Qarabağda qısa müddət ərzində gördüyü işlər bütün dünyanə heyrətləndirir:

“Beş gün sonra tarixi Zəfərimizin 5 yaşı tamam olacaq. Zəfərimizi qəbul etməyən güclərə bizim verə biləcəyimiz ən gözəl cavab Qarabağın gülüstana çevrilməsidir. Biz bunu bacardıq və bacaracayıq. Ən önəmlisi odur ki, Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzuru öz gücü, öz maliyyəsi hesabına bərpa edir. Hesab edirəm ki, növbəti ildən etibarən azad edilmiş ərazilərin bərpası ilə bağlı layihələrin maliyyələşdirilməsinə özəl investisiyalar da cəlb olunacaqdır. Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatına reinteqrasiyası gələcəkdə dövlət büdcəmizə müsbət təsir göstərəcək. Şuşaya gedən Zəfər yolunun salınması, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Füzuli və Ağdam şəhərlərinin salınması, Şuşada görülən işlər, Zəngilanda Ağalı kəndinin bərpası, azad olunmuş bütün ərazilərdə ən müasir texnologiyalara və idarəetməyə əsaslanan yarımstansiyaların inşası, dağ çayları üzərində elektrik stansiyalarının tikilməsi Azərbaycanın iqtisadi gücünün ifadəsidir. Dövlət büdəcisndən Qarabağa 4 çilyard manatın ayrılması həm də güclü siyasi iradənin göstəricisidir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfərləri və orada görülən hər bir işlə tanış olması, bütün layihələrin dövlət başçısı ilə razılaşdırılması göstərir ki, Qarabağ xüsusi diqqət və nəzarət altındadır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər