Azərbaycan xalqını ərazi bütövlüyünün təmin olunması münasibəti ilə təbrik edirik.
Teleqraf.com xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çıxışı zamanı deyib.
Sadır Japarov çıxışında bütün türk dövlətləri ilə əməkdaşlığa maraqlı olduqlarını bildirərək TDT çərçivəsində baş tutan dialoqun inteqrasiya üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib.
“Hazırda dünyada böyük transformasiyalar baş verir. Baş verən böhranlarıa birgə mübarizə aparmaq, həmçinin qarşılaşdığımız çağırışları birgə qarşılamaq üçün bütün imkanlarımız var”, - Qırğızıstan lideri bildirib.
Bugünki tədbir çərçivəsində imzalanacaq sənədlərin icrasına Qırğızıstanın da öz töhvəsini verəcəyini vurğulayan Sadır Japarov bu sənədlərin Türk dövlətlərinin çoxşaxəli əməkdaşlığında yeni səhifə açacağına əminliyini bildirib:
“Dünyadaki geosiyasi durum qardaş türk xalqlarını iqtisadi potensialın artırılması üçün öz səylərini birləşdirməsini vacib edir”.
Həmçinin Qırğızıstan Prezidenti türk investisiya forumunun yaradılmasını, iş adamları və istehsalçılar arasında birgə fəaliyyətin təşfiq olunmasının vacibliyini vurğulayıb. O, gələn il Türk dövlətlərinin iş adamlarının biznes forumunun Qırğızıstanda keçirilməsini təklif edib.
Sadır Japarov eyni zamanda çıxışında rəqəmsal transformasiya sahəsində inkişafın vacibliyini də vurğulayıb: “Kreativ rəqəmsal sənayenin inkişafı olduqca vacibdir. Çünki onlar coğrafi yerləşmədən asılı olmayaraq fəaliyyət göstərərək öz töhfəsini verə bilirlər”.